Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 53 ünvanda yaşayan Allahverdiyev İlkin Mübariz oğlu və anası Allahverdiyeva Emeliya Əli qızı 13.01.2022-ci il tarixdə redaksiyamıza yazılı müraciət edərək, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hüseynov Ələddin Qulam oğlunun qanunsuz hərəkətlərindən şikayətlənmişlər:
“İcra məmuru Ələddin Hüseynov Ağdam Rayon Məhkəməsinin 31.08.2022-ci il tarixli bu günədək bizə təqdim edilməyən qətnaməsini icra etmək bəhanəsilə 18.10.2022-ci il və 09.12.2022-ci il tarixlərində məzmunca ziddiyyətli icraata başlamaq barədə qərarlar qəbul edir: İlkin icraatında iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarını bizim hər ikimizdən, ikinci qərarında isə həmin əşyaları yalnız Allahverdiyev İlkindən alınaraq iddiaçıya veriulməsini qərara alır. Onun ilkin qərarı əsasında Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı da 21.11.2022-ci il tarixdə 3(001)-3583/2022 saylı qəbul etdiyi saxta və ədalətsiz qərarında iddiaçının tələb etdiyi əşyalarını iş üzrə biz cavabdehlərdən birimizdən – Allahverdiyev İlkindən alınmasını qərara alır!!! Bir ay on doqquz gün bizdən gizlədilən həmin qərar əsasında icra məmuru Hüseynov Ələddin İXM-nin 529.2-ci maddəsinin tələbini kobud şəkildə pozaraq, Allahverdiyev İlkin barəsində 21.12.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək, onu elə həmin gün məhkəməyə aparır. Lakin, hakimin katibi qeyd etdiyimiz qanunun tələbini pozduğunu Hüseynov Ələddinin diqqətinə çatdırıb, onun İlkin Allahverdiyev barəsində tərtib etdiyi materialları qəbul etməkdən imtina edir!!! Binəqədi Rayon Məhkəməsinə ünvanladığımız sorğumuza cavab olaraq hakim Aygün Qurbanova 21.11.2022-ci il tarixdə qəbul etdiyi qərarı 09.01.2023-cü ildə bizə təqdim edir. Həmin qərardan 11.01.2023-cü il tarixində tərəfimizdən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti ilə müraciət etdik. Şikayətimiz hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İcra məmuru Hüseynov Ələddin bizə qarşı törətdiyi əməlin cinayət xarakterli olduğunu anlayıb, məsuliyyətdən yayınmaq məqsədilə 11.01.2023-cü ildə bizi aldadaraq icra şöbəsinıə çağırmış, Allahverdiyeva Emeliya Əli qızı onun qəbulunda olarkən barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Binəqədi Rayon Məhkəməsinə gətirir. Halbuki, yuxarıda qeyd etdiyimiz Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın qəbul etdiyi 21.11.2022-ci il tarixli qərarında, nə də onun “icraata başlamaq” haqqında Ələddin bəyin təkrar qəbul etdiyi qərarda iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının Emiliya tərəfindən ödənilməsi tələb edilmirdi!!! O, eləcə də Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı həbs ediləcəyi barədə E.Allahverdiyevaya hədə-qorxu gəlib, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının qaytarılması barədə (2 gün vaxt qoymaqla!) onu iltizam yazmağa məcbur etdilər!!! Bundan sonra Emiliyanı azadlığa buraxdılar, baxmayaraq ki, o, icra məmuru Ələddin Hüseynova verdiyi izahatında iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarını “Moskva” Univermağında əvvəllər tanımadığı, dediyinə görə, “Azərbaycan” Nəşriyyatında işləyən Hüseynov Güloğlan Pəli oğlu ad-soyadlı şəxsdən bir-iki gün müddətinə icarəyə götürdüyünü yazmışdı. Belə ki, biz “Moskva” Univermağının qızıl şöbəsində olarkən, o da qızıl şöbəsinin qarşısında qızıllarla maraqlanırdı. Toy qurtardıqdan sonra isə, həmin qızıl-zinət əşyalarını qaytarıb verdik sahibinə - Hüseynov Güloğlan Pəli oğluna”.
Allahverdiyevlər redaksiyadan xahiş edirlər ki, icra məmuru Hüseynov Ələddin Qulam oğlunun və Binəqədi Rayon Məhkəməsinin hakimləri Qurbanova Aygün Arzu qızının və Sadıqova Aynurə Vahid qızının bizə qarşı yol verdikləri cinayət xarakterli əməllərinin qarşısını almaq və onların məsuliyyətə cəlb edilmələri məqsədiylə bizim ərizəmizi aidiyyəti dövlət orqanlarının rəhbərlərinə çatdırmaq üçün ictimailəşdirilsin.
18.01.2023-cü il tarixdə araşdırma aparmaq məqsədilə danışdığımız Ələddin Hüseynovun dəvəti ilə günorta Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə gedib ona zəng etdik. O, xəstəxanada olduğunu, gəlib görüşə bilməyəcəyini dedi. Bundan sonra əsəbləşib kükrəyən məmur vətəndaş İlkin Allahverdiyevə zəng vurub, “anamın südü mənə haram olsun, səni qandallayıb içəri atmasam” deyib, sonra isə Emeliya Allahverdiyevaya zəng edərək onu da hədələyib: “Orda gözlə, sənin qolunu qandallayıb içəri atacağam”. Emeliya cavabında: “Mən hansısa qanunu pozmamışam ki, sən məni həbs edəsən”. Məmur: “Gəl şöbəyə, səni gözləyirəm!” deyib.
Şikayətçilər bildirirlər ki, 16.01.2023-cü il tarixdə saat 12:43 radələrində icra məmuru küçənin ortasında İlkin Allahverdiyevin qolundan yapışaraq, “sən axtarışdasan” deyərək, qarşı zor tətbiq etməyə çalışıb. Lakin İlkin Allahverdiyev məmurun əlindən çıxaraq qaçmağa müvəffəq olub. Bununla da kifayətlənməyən Ələddin Hüseynov İlkin Allahverdiyevi maşınla da təqib edib. Maraqlıdır, görəsən “Qoçu Əsgərlik” edən icra məmurunun vətəndaşı axtarış qərarı olmadan və ya ona həmin qərarı təqdim etmədən avtomobillə qovmağa ixtiyarı çatırmı?
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına da gedib, İlkinlə Emeliyanın apellyasiya şikayətini təqdim etdik. Ələddin Hüseynovdan Emeliyanın haqqında protokolu və İlkinin haqqında axtarış qərarını göstərməsini istədik. Lakin o, həmin sənədləri bizə təqdim etməkdən imtina etdi!!!
Mövzuya qayıdacağıq.
X.Ə.Quliyeva