Azərbaycan İdeyası

Firudin Cəbrayılovın Şamaxıda “işsizlərin düşməni” proqramı

Tarix:30-01-2023, 14:39
Baxış Sayı:277

Firudin Cəbrayılovın Şamaxıda “işsizlərin düşməni” proqramı
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin dostu” proqramına başlanılıb. Həmin proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin törəmə cəmiyyəti olan “DOST İş Mərkəzi” MMC tərəfindən icra olunur. Haqqı ödənilən ictimai işlər proqramı ilkin peşə, ixtisas hazırlığı olmayan işçi qüvvəsinin işlə təminatına imkan yaratdığı kimi, onların müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara yiyələnmiş işçi qüvvəsinə çevrilməsinə də şərait yaradır.
Artıq iki ildir ki, iri dövlət müəsisələri tərəfindən minlərlə içtimai iş yeri “DOST İş Mərkəzi” MMC-yə ötürülüb. Həmin işlərdə çalışan şəxslərlə bağlanılan bütün mülki-hüquqi müqavilələr “DOST İş Mərkəzi” MMC tərəfindən artıq əmək müqaviləsi ilə əvəz edilib. Bu da həmin şəxslərin gələcək əmək və sosial təminat, pensiya, məzuniyyət hüquqlarının, həmçinin sosial sığorta sistemində iştirak etmək imkanlarının yaranmasına səbəb olur. İctimai işçilər əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət hüququndan istifadə edir.
Məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan haqqı ödənilən ictimai işlər proqramında sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara üstünlük verilir. Haqqı ödənilən ictimai işlərdə iştirak etmək istəyən şəxslərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanır.
"İşsizin dostu" proqramı çərçivəsində haqqı ödənilən ictimai işlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində işsiz və işaxtaran kimi qeydiyyatda olan şəxslər haqqı ödənilən ictimai işlər üçün müraciət edə bilər. “DOST” mərkəzlərinin və ya Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının müvafiq göndərişi əsasında həmin şəxslə “DOST İş Mərkəzi” MMC tərəfindən əmək müqaviləsi bağlanılır. Hər bir əmək müqaviləsi bildiriş formasında Nazirliyin “Əmək müqaviləsi bildirişi” üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.
İctimai işlər dedikdə, şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması, Yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi, Kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar olan işlər
Sosial sferaya məxsus obyektlərdə tikinti və təmir işləri, digər sosial əhəmiyyətli işlər başa düşülür. Haqqı ödənilən ictimai işlər işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə və bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zərurət olduqda bu müddət uzadıla bilər.
Baxın, elə bu “20 faizdən çox olmamaq şərti, 2 ay müddət və onun uzadılması zərurəti” kimi məsələlər proqramla bağlı ehtikarlığa yol açır. Məsələn, işsiz vətəndaş “səadət quşu çiyninə qonan” həmin o 20 faizə aid edilmək üçün hansı kriterilərtə malik olmalıdır? İmtiyazlılar – şəhid ailələri üzvləri, qazilər, əlillər tutaq ki olsunlar 5 faiz. Bəs digərləri hansı cəhətləri ilə yerlərdəki “DOST” iş mərkəzlərinin, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarının səlahiyyətli şəxslərinin xoşuna gəlməlidirlər? Burada 20 faizi dolduran vətəndaş müraciətlərinin növbəliliyini kimlər müəyyənləşdirir və bu proses nə dərəcədə şəffaf həyata keçirilir? Bundan başqa, işsiz vətəndaş üçün haqqı ödənilən ictimai işlərə cəlb olunma zərurəti həmişə var. Nəyə görə vətəndaşların bir qismi üçün həmin müddətin uzadılması zəruri sayılır, digər qismi üçün yox?
Bütün bu suallar “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edən Şamaxı rayonunun Quşçu kəndində qeydiyyatda olan, Şamaxı şəhəri, A.Məmmədağa küçəsi, ev – 82/25a ünvanda yaşayan Gülbabayev Ağayar Gülbaba oğlunu, onun ailə üzvlərini və rayonun bir çox başqa sakinini narahat etməkdədir. Onların müraciətləri əsasında qəzetimizin 2022-ci il dekabr buraxılışında “Şamaxıda dövlətin məşğulluq siyasətinə badalaq vuranlar kimlərdir?” başlıqlı məqalə dərc olunmuşdu. Ağayar Gülbalayev Şamaxı rayonunda işsizlik problemindən, rayon Məşğulluq Mərkəzinin vəzifəsinin öhdəsindən gələ bilməməsindən, rayonda, ələlxüsus da Şamaxı Kommunal Təsərrüfatı Kombinatında əmək qanunvericiliyinin tələblərinin pozulmasından, özünün və ailə üzvlərinin (oğlu, qızı, gəlini, yeznəsi) hüquqpozmalara məruz qalmasından şikayətlənirdi.
Eyni zamanda Ağayar Gülbabayevin qızı, Şamaxı rayonunun Sabir qəsəbəsində yaşayan Zəkərayeva Zeynab Ağayar qızı da redaksiyamıza müraciət edərək, “DOST” İş Mərkəzi MMC ilə müqavilə əsasında az maaşla işlədiyi xadimə vəzifəsindən 06 oktyabr 2022-ci il tarixdə Bakı şəhərindən “DOST” Xidmətindən Şamaxıya gəldiyi deyilən monitorinq qrupunun aparmış olduğu davamiyyət yoxlamasından sonra guya işdə tapılmadığı üçün çıxarılıb. Zeynab xanımın sözlərinə görə, işdən qalmayıb və bu yoxlama məsələsi yalandır, onu haqsız olaraq işdən çıxarıblar. Onunla birgə eyni haqsızlıqla işçilərdən Musayeva Aynurə Abdurrəhman qızı da üzləşib. Hesab edirlər ki, bütün bunlar Şamaxı Kommunal Təsərrüfatı rəisi Şıxlar Hacıyevin işdəycələridir.
Ağayar Gülbabayev və Zeynab Zəkərayeva həmçinin şikayətlənirdilər ki, onların qohumları və tanışları haqqı ödənilən ictimai işlərə cəlb olunacaqları vəd olunduğu üçün topladıqları sənədlərə, o cümlədən sağlamlıq haqqında arayışlara çəkdikləri xərclər “batıb”.
Ağayar Gülbabayev Şamaxı rayonunda yürüdülən yarıtmaz məşğulluq siyasətindən narazı olan bir sıra başqa şəxslərin də adlarını çəkmişdi.
Məqalə dərc olunandan sonra Şamaxı sakinlərinin “DOST” İş Mərkəzi 28 dekabr 2022-ci il tarixli 22730545402 nömrəli məktubu ilə Gülbabayev Ağayar Gülbala oğluna, Şıxverdiyev Asim Məhəmmədəli oğluna, Zayıdov Mahir Babacan oğluna, İsmayılov Əlipaşa Təvəkgül oğluna cavab yazmışdır. Bildirilib ki, İ.Bədəlov ilə 4 noyabr 2022-ci il tarixində, Z.Zəkərayeva, A.Musayeva, M.Zayıdov, A.Şıxverdiyev, S.Qocayev və Z.Sayılov ilə 5 noyabr 2022-ci il tarixində, S.Bünyadov ilə isə 28 noyabr 2022-ci il tarixində bağlanılmış əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin bitməsi) maddəsinə uyğun olaraq xitam verilmişdir. Hərçənd, izah olunmur ki, müqavilənin müddəti niyə uzadılmır. Eləcə də məktubda əmək müqavilələrinə xitam verilmiş (N,Zayıdov, Ş.Manafova, Ç.Mənəfov) və Mərkəzlə əmək münasibətləri olmayan şəxslərin adları sadalanaraq (Alpaşayeva Arzu Ağayar qızı, Gülbabayev Şəhriyar Ağayar oğlu, Mustafayev Elbrus Sədaqət oğlu, Gülbabayeva Ülkər Elçin qızı, Zəkərayev Elçin Sahib oğlu, Mikayılov İzzətalı Şəkəralı oğlu, Abasov Əmirağa Ələsgər oğlu, İsmayılov Əlpaşa Təvəkgül oğlu, Musayev Əlibaba Rəhim oğlu) onlara tövsiyə edilir ki, işlə təmin olunmaları üçün müvafiq Regional Məşğulluq filialına müraciət etsinlər. Halbuki, onların şikayətləri elə məhz Məşğulluq orqanından idi.
Şikayətçilərin redaksiyaya təqdim etdikləri materiallar arasında Şamaxı “Şəhər Təsərrüfat” MMC-nin direktor əvəzi Ş.Hacıyevin “DOST İş Mərkəzi” MMC-nin direktoru Firudin Cəbrayılova göndərdiyi 28.11.2022-ci il tarixli 116 saylı məktubu da vardır. Məktubda bildirilir ki, Şamaxı “Şəhər Təsərrüfat” MMC Zeynəb Zəkərayeva və Aynurə Musayevanın işləməsinə etiraz etmir. Lakin Hacıyevin “DOST İş Mərkəzi” MMC-nin direktoru Firudin Cəbrayılov buna əhəmiyyət verməmişdir. Di gəl, adları çəkilən qadınlarla birgə işdən qovulmuş Heybətova Fərqanə Əlvan qızı nədənsə istisna olaraq işə qaytarılmışdır. Bundan başqa, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev də 27.12.2022-ci il tarixdə ƏƏSMN nazirinin müavini Anar Əliyevə məktubla müraciət edərək vətəndaş Ağayar Gülbalayevin müraciətinə baxılmasını və köməklik göstərilməsini xahiş etmişdir.
Ağayar Gülbalayev xatırlayır ki, hələ 2019-cu ilin avqust ayında onun qızlarının işə götürülməsi üçün Şamaxı Kommunal Təsərrüfatı Çoxsahəli İstehsalat Müəssisəsinin müdiri Hacımurad Mahmudov və onun oğlu Zöhrab Mahmudov alacaqları məvacibin yarısını (50x50) tələb ediblər.
Dövlət Məşğulluq Agentliyindən Mais Musayev adlı vəzifəli şəxs redaksiyamıza zəng vuraraq bizi məsələyə birtərəfli yanaşmaqda qınadı və A.Gülbalayevin baş redaktorla və ya redaksiya əməkdaşlarının hər hansı biri ilə qohumçluq-tanışlıq əlaqəsinin olub-olmadığını soruşdu. “Yox” cavabı alandan sonra bildirdi ki, bəs A.Gülbabayevin ərizəsində göstərilən şəxslərdən Zeynəb Gülbabayeva öz ərizəsi ilə Məşğulluq Mərkəzinə bildirib ki, başqa təklif olunan iş yerlərində deyil, məhz azad olunduğu vəzifədə işləmək istəyir. Ümumiyyətlə, M.Musayev A.Gülbabayevin şikayətində göstərdiyi məqamların demək olar hamısını təkzib etdi. Musayevdən son xahişimiz bu oldu ki, Agentliyin mövqeyini şifahi deyil, yazılı şəkildə məktubla redaksiyamıza çatdırılmasını təmin etsin.
Son olaraq, cənab M.Musayevin yüksək diqqətinə çatdırırq ki, əgər redaksiya bu məsələyə birtərəfli yanaşsaydı, qəzetin Gülbabayevin şikayətinin dərc olunduğu 24 dekabr 2022-ci il tarixli nəşrinin digər (13-cü) səhifəsində Agentliyin 2022-ci ilin yekunlarına dair mətbuat konfransının materialını, 648 şəhid ailəsinin özünüməşğulluq proqramına cəlb olunması xəbərini oxucularımızla paylaşmazdıq.
Hələ də cavab gözləyirik.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…