Azərbaycan İdeyası

Bir daha jurnalistlərin yolunda “qırmızı xətt” çəkən “kiçik padşahlar” haqqında

Tarix:26-04-2023, 17:26
Baxış Sayı:142

Bir daha jurnalistlərin yolunda “qırmızı xətt” çəkən “kiçik padşahlar” haqqında
***
Məlum olduğu kimi, 2023-cü il martın 7-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Həmin dəyişikliklərə görə, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə ‒ üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Qanunla müəyyənləşdirilmiş hallardan başqa, media subyektləri və jurnalistlərin informasiya almaq hüququnun məhdudlaşdırılmasına və ya onlara informasiya verilməsindən imtina edilməsinə, yaxud qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə – üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Əlbəttə, bu dəyişikliklər media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olan, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edən, onların informasiya almaq hüququnu məhdudlaşdıran şəxslərin zərərinədir. Amma gəlin görək jurnalistlər bundan nə qazanır. Əvvəla, cərimələnənlərin dövlətə ödəyəcəyi məbləğlərdən jurnalistlərə pay düşməyəcək, onların itirdiklərini nə qiymətləndirən, nə də kompensasiya edən olmayacaq. İkincisi, heç nə qazanmadıqları halda jurnalistlər sadalanan hüquqpozmalara məruz qaldıqlarını sübut etmək üçün məhkəmələrdə vaxt itirməli olacaqlar. Digər yandan, iki yüz, üç yüz, beş yüz manat jurnalist hüquqlarını pozan şəxslər üçün çox da böyük məbləğlər deyil. Çünki belə qələtlərə əl atan adamlar heç də cəmiyyətin aztəminatlı üzvləri deyil, məmurlar, sahibkarlardır. Kasıb adamlar mediadan qaçmırlar, əksinə, onlara mikrofon yaxınlaşdıracaq jurnalistləri gündüz çıraqla axtarırlar.
Son aylarda əməkdaşlarımız respublikamızın bir neçə bölgəsinə ezam olunublar. Ağdam, Beyləqan, İmişli, Ağcabədi, Ucar rayonlarında yerli icra hakimiyyətlərinin aparatında Ümumi şöbələrin müdirləri jurnalistlərin ezamiyyə vərəqələrinə möhür vurmaqdan imtina ediblər və peşə fəaliyyətlərinə məhdudiyyət qoyub, az qala qovublar. Fərqli olaraq, Kürdəmir, Ağsu, Göyçay rayonlarında isə rəhbərlik mənsubları jurnalistlərə araşdırma aparmaqda tam sərbəst olduqlarını deyiblər, hələ üstəlik tövsiyə ediblər ki, harda nə problemlə rastlaşsalar, İcra Hakimiyyətinə xəbər versinlər.
Doğrudur, jurnalistlərin sırasına təsadüfi soxulmuş şəxslər vardır ki, bölgələrdə olarkən yaerli ictimaiyyəti narahat edir, jurnalist vəsiqəsindən sui-istifadə edir, İcra Hakimiyyətinin təsdiqlədiyi ezamiyyə vərəqələrini bir növ əlavə imtiyaz kimi təqdim edərək idarə, müəssisə və təşkilat rəhbərlərindən, vəzifəli şəxslərdən “qonaqpərvərlik” tələb edirlər. “Korrupsiya və Qanun” qəzeti daim redaksiya heyətini belə təsadüfi şəxslərdən qorumağa çalışıb və buna nail olub. Bu nöqteyi-nəzərdən, elə hallarla rastlaşmış yerli icra hakimiyyəti orqanlarının narahatlığı başa düşüləndir. Ancaq məmurlar bilmiş olmalıdırlar ki, ezamiyyə vərəqələrinin təsdiqi ezam olunan vəzifəli şəxslərin ezamiyyət pulunu almaları üçün vacib olan bir mühasibat prosedurudur. Bundan başqa, jurnalistin başına bir iş gəlsə, məhz təsdiqlənmiş ezamiyyət vərəqinin olması ilə müəyyənləşdirmək olar ki, üzləşdiyi hadisə onun peşə fəaliyyəti ilə bağlıdır, ya yox.
Hesab edirik ki, adları çəkilən rayonların rəhbər vəzifəli şəxslərinin jurnalistlərə fərqli münasibəti onların öz işlərində şəffaflığı, ictimai hesabatlılığı nə dərəcədə təmin etmələri ilə düz mütənasibdir. Axı, hər hansı rayonun iqtisadi, sosial durumunu yerində müşahidə edən, əhali arasında sorğu keçirən, sakinlərin qayğı və problemləri ilə tanış olan jurnalist yaxşı bilir ki, vəziyyət rayon icra hakimiyyətinin saytında təqdim olunan kimidir, yaxud, fərqlidir.
İrəliləyən saylarımızda digər rayonlarda ezamiyyətdə oilmuş əməkdaşlarımızın hazırladıqları materialları təqdim edəcəyik. Redaksiya olaraq, “Media haqqında” qanuna edilən son dəyişikliklərə istinad edərək, sorğularımıza cavab verməkdən imtina etmiş, əməkdaşlarımızın peşə fəaliyyətinə mane olan vəzifəli və hüquqi şəxsləri məhkəməyə verməyi planlaşdırırıq.
"Koorupsiya və Qanun" qəzetindən.
Azər Rzayev, “Korrupsiya və Qanun” qəzetinin baş redaktor müavini

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…