
Aliment ödənişlərinin vaxtında və tam şəkildə icra olunması uşaqların rifahı və sosial təminatı baxımından vacib məsələdir. Bəzi hallarda valideynlər aliment ödəməkdən yayınır və müxtəlif vasitələrlə ödənişdən boyun qaçırırlar. Yeni qanunlar və tətbiq edilən sərt tədbirlər nəticəsində, alimenti ödəməyən borclunun xaricə səfər etməsi məhdudlaşdırılır, bank hesabları və əmlakı üzərinə həbs qoyularaq borcun məcburi şəkildə ödənilməsi təmin edilir. Əgər valideyn aliment borcunu davamlı olaraq ödəmirsə və qəsdən bu öhdəlikdən yayınırsa, ona qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr, qısa müddətli inzibati həbs və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, 3 ilə qədər azadlıqdan məhrum edilə bilər. Ölkəmizdə alimentin ödənilməsində çətinliklər ümumi işlərin təqribən 3-5 faizini təşkil edir. Bu çətinliklər borclunun vəfat etməsi, ölkə hüdudlarından kənarda olması, axtarışda olması, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, cəza çəkmə müəssisəsində olması və ağır xəstəliyinin olması kimi səbəblərlə əlaqədardır. Bu səbəblər nəticəsində yüzlərlə uşaq aliment ala bilmir və dolanışıq çətinlikləri ilə üzləşir. Bu hal həm uşaqların hüquqlarını pozur, həm də cəmiyyət üçün sosial problemlər yaradır.
Bəzən icra məmurları “cəza tədbirləri problemi həll etmir” deyərək borclu valideynlərə humanistlik göstərirlər. Belə hallar qarşı tərəfdə, yəni aliment tələb edən valideyndə icra xidmətinə etimadsızlıq, bu “humanizmin” təmənnasız olduğuna şübhə yaradır, digər tərəfdən isə aliment borcunu ödəməyən başqalarını arxayınlaşdırır.  Aliment borcunu ödəyə bilməyən valideynlərə alternativ tədbirlər nəzərdə tutulmalıdır. Məsələn uyğun iş imkanlarının yaradılması və borcların tədricən ödənilməsi. İcra məmurları digər orqanlarlla müştərək surətdə belə alternativ imkanları yarada bilmədikləri halda borclulara humanistlik göstərməməlidirlər.
İmişli şəhəri, Eldar İbrahimov küçəsi, ev – 23 ünvanda yaşayan Şiralıyeva Fəridə Ramiz qızı 17.10.2025-ci il tarixli məktubu ilə “Korrupsiya və Qanun” qəzetinə müraciət edərək, keçmiş ərinin məhkəmə qərarı əsasında üzərinə qoyulmuş aliment öhdəliyinin bir ildir yerinə yetirilmədiyini və İcra və Probasiya Şöbəsinin onun barəsində heç bir tədbir görmədiyini, bu azmış kimi keçmiş ərinin uşaqları oğurlatdıracağı ilə hədələdiyini bildirmişdir:
“Mən keçmiş həyat yoldaşım Hüseynov Rahim Rasim oğlunun qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə müxtəlif yuxarı orqanlara müraciət etmişəm. Bir ana kimi mənim fəryadımı dinləyib indiyədək tədbir görən olmamışdır. Keçmiş həyat yoldaşım Hüseynov Rahim Rasim oğlu illərdir ki, mənim qadın olmağımdan, hüquqlarımı zəif bildiyimdən məharətlə istifadə edir. Belə ki, 19.11.2009-cu il tarixdə mən Rahimlə rəsmi qaydada evlənib ailə həyatı qurmuşduq. Bizim birgə nikahımızdan iki övladımız – 04.07.2012-ci il təvəllüdlü Hüseynov İsmayıl Rahim oğlu və 08.11.2015-ci il təvəllüdlü Hüseynova Melissa Rahim qızı doğulmuşdur.
Onu da qeyd edim ki, oğlum İsmayıl hazırda İmişli Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində “anadangəlmə vulqar ixtioz” xəstəliyindən əziyyət çəkir. Bundan əlavə, həmin xəstəliyin inkişafı gücləndiyi üçün, həmçinin atası Rahim illərlə mənimlə və uşaqlarımla apardığı qanunsuz hərəkətlərin nəticəsi olaraq onda psixi pozuntunun da yaranmasına səbəb olmuşdur. Bir yandan Rahimlə məhkəmələrdə mübarizə aparsam da, digər tərəfdən valideynlərimin köməyi ilə uşaqlarımın səhhətinin, sağlamlığının qorunmasından ötrü əzablar çəkməkdəyəm. Övladlarımın bu vəziyyətinə baxmayaraq, mən Rahimin ailəsində olduğum vaxt və ondan boşandığım vaxtdan sonra da dinc qala bilməmişəm. Rahimlə bir müddət evli olduqdan sonra o, işləmək üçün Rusiya Federasiyasının Novosibirsk şəhərinə getdi. Rahim Rusiya Federasiyasına getdikdən sonra ailəsi ilə maraqlanmadı. Bir uşağımız anadan olsa da, uşağa qayğı göstərmək üçün Rahimdən heç bir köməklik görmədim. Bu vəziyyətə görə ailəmin dolanışığını mənim valideynlərim qarşılayırdı. Rahim Rusiyada 1 il olduqdan sonra yenə də valideynlərimin köməyi ilə onun yaşadığı Novosibirsk şəhərinə getdim, 3 ilə yaxın onun olduğu yerdə qaldım. Rahim demək olar ki, mən onun yanında qaldığım vaxtda da ailə ilə maraqlanmırdı, gününü harada keçirməyindən də məlumatım olmurdu. Bu səbəbdən mən Rahimə dedim ki, qayıdaq öz vətənimizə.
Azərbaycan  Respublikasına qayıtdıqdan sonra Rahim yenə də mənə dedi ki, Rusiyaya getsək, işimiz yaxşı olacaqdır. Ailəmin dağılmamasından ötrü hər əzab-əziyyətə dözürdüm. Artıq bizim iki övlaımız var idi. Ona görə də Rahimlə bir il Azərbaycanda qaldıqdan sonra təkrarən Rusiyaya getdik. Lakin gömrük postunda məni buraxmadılar, məlum oldu ki, mən Rusiyadan geri qayıdanda deportasiya olunmuşam. Rahim özü isə tək Rusiyaya getdi. Beləcə, Rahim bu yolla ailə qayğısından çalışıb kənarda qaldı. Buna görə də məhkəmədə boşandıq.
Bundan sonra Rahim başqa qadınlarla da evli olub. Göyçay rayonundan evləndiyi qadından da İslam adlı oğlan uşağı vardır. Himayəmdə qalan azyaşlı uşaqlarımın saxlanılmasından ötrü məhkəmə tərəfindən aliment kəsildi. Rahim alimenti ödəməməkdən ötrü müxtəlif üsullarla ödəniş etməkdən yayınmağa çalışmışdır. Belə ki, İmişli Rayon Məhkəməsinə uşaqların məndən alınmasından ötrü iddia ərizəsi vermiş, məhkəmənin 27.09.2018-ci il tarixli qətnaməsi ilə azyaşlı oğlum Hüseynov İsmayıl atasının yanında saxlanılmış, qızım Melissa isə mənim yanımda qalmışdır. Əslində isə o, məhkəmə qətnaməsi çıxmamışdan əvvəl oğlum İsmayılı oğurlayıb öz yanına aparmışdır. Qətnamədən verdiyim şikayət əsasında oğlum İsmayıl Rahimdən alınaraq mənə qaytarıldı. Bundan sonra aliment tələbi ilə iddia ərizəsi verdim. İmişli Rayon Məhkəməsinin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşaq üçün 140 manat olmaqla, 280 manat sabit pul məbləğində aliment tutularaq mənə vertilməsi qət edilmişdir. Lakin Rahim aliment ödəmək əvəzinə apellyasiya şikayəti verdi. Apellyasiya məhkəməsi İmişli Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. Həmin vaxtdan son bir il üç aya kimi Rahim alimenti yarımçıq da olsa ödəyirdi, bəzi halda 280 manat əvəzinə 200 manat, bəzi halda 250 manat ödəniş etməklə mənə əzab-əziyyət verirdi. Son 1 il 3 aydır ki, azyaşlı uşaqların saxlanılmasından ötrü aliment ödəmir. Nə də bu işə baxan icra məmuru Paşayev Ramil Valeh oğlu fəaliyyətsizlik göstərir, qulluq vəzifəsini hansısa maraqlar xatirinə icra etmir. Bir ana kimi mən iki övladımın böyüdülməsində ciddi çətinliklərlə qarşılaşmışam. Mənə Rahim deyir ki, aliment ödəməyəcəyəm, hara istəyirsəndə şikayət edə bilərsən, mən səninlə prinsip aparıram, pul verəcəm icraçılara, ancaq sənə bir manat olsun pul ödəməyəcəyəm, hara getsən də əlin boşa çıxacaqdır. Rahim də məqsədi məni canımdan bezdirib aliment tələbimdən imtina etdirməyə çalışır. Hələ bu azmış kimi Rahim yenidən İmişli Rayon Məhkəməsinə aliment vermədiyi halda aliment miqdarının azaldılmasına dair iddia ərizəsi vermişdir. Bu hal onun mənə söylədiyi sözlərin nə qədər ciddi olduğunu göstərir. Bu səbəbdən mən də onun mənə qarşı qaldırdığı iddia ərizəsinə qarşılıqlı iddia ərizəsi verdim. İmişli Rayon Məhkəməsinin 10.06.2025-ci il tarixli, 2(036)-122/2025 nömrəli qətnaməsi ilə Rahimin iddia ərizəsi təmin olunmadı, verdiyim qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək alimentin miqdarı artırılmış, 11.12.2024-cü il tarixdən hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,49 misli – yəni 169, 05 manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaraq, Hüseynov Rahim Rasim oğlu elə məhkəmədən çıxanda mənə dedi ki, indi də apellyasiya məhkəməsinə gedəcəksən. Elə də oldu. İmişli Rayon Məhkəməsinin 10.06.2025-ci il tarixli, 2(036)-122/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdi, lakin Şirvan Apellyasiya Məhkəməsində 16.10.2025-ci il tarixdə baxılaraq mənim etirazım təmin olundu və apellyasiya şikayəti isə qismən təmin olunaraq aliment məbləği qismən azaldıldı. Onu da deyim ki, 2024-cü ilin oktyabr ayından aliment tamamilə dayandırılmış, mənə də ultimatum göndərib ki, səni bu yolla süründürəcəyəm. Çarəsiz qalıb mən alimentin ödənilməsini İmişli Rayon İcra və Probasiya Şöbəsindən tələb etmişəm. İcra məmuru Ramil Paşayev məni süründürməçiliyə salıb, alimentin ödənilməsi üçün heç bir tədbir görmür. Alimentin ödənilməsini qulluq vəzifəsinə görə ondan xahiş edəndə hər dəfə mənə ərizə yazdırır ki, sən yaz, mən onu həbsə atdıracam. Belə hallar dəfələrlə təkrarlansa da, bu günə kimi Rahimin barəsində heç bir icra tədbiri görülməmişdir. Mənim təkidlərimlə Rahim icra şöbəsinə çağırılsa da, hər dəfə icra şöbəsindən çıxıb deyir ki, mən işimi icraçı ilə görmüşəm, onsuz sənin tələblərin daima havada qalacaqdır. Atası da rayonda camaat arasında söyləyib ki, fermada saxladığım quzuları satıb icraçılara verəcəm, ancaq keçmiş gəlinimə bir manat da oğlum Rahimin pul ödəməsinə imkan verməyəcəyəm. Valideynlərim özlərini güclə dolandırır, mən özüm heç bir yerdə işləmirəm, aliment ödənilmədiyinə görə məktəb yaşlı uşaqlarımı məktəbə göndərməkdə çətinlik çəkirəm. Şəxsi qaydada işləyib balalarımı yaxşı böyütmək istəyirəm. Rahim isə mənə uşaqların məktəbə göndərilməsinə qarşı çıxır, uşaqları kiminsə oğurlayacağı ilə hədələyir. Bir sözlə, günümü qara edib, əlacsız qalmışam. Uşaqlarımı oğurlamaqla hədələyir.
Ona görə də mənim şikayətim Rahimin alimenti ödəməməsinə görə cinayət məsuliyyətinə cəlb edilməli olduğu halda, müxtəlif yollarla məsuliyyətdən kənarda qalmasına şərait yaradan isə icra məmuru Ramil Paşayevin öz vəzifəsini icra etməməsi ilə bağlıdır.
Mən bir ana kimi ümidsiz vəziyyətdəyəm. İki azyaşlı uşaqlarımın və özümün gələcəyi təhlükə qarşısındadır. Mənim və uşaqlarımın gələcəyini təhlükə qarşısında keçmiş ərim Hüseynov Rahim Rasim oğlu və onun ailə üzvlərindən qorunmaq üçün mənə köməklik göstərilməsindən Sizə müraciət edirəm. Mənim və azyaşlı uşaqlarımın təhlükəsizıliyinin təmin edilməsi, icra məmurunun öz vəzifəsini layiqincə yerinə yetirmir. Bir ana kimi xahiş edirəm ki, bu məsələnin ictimailəşdirilməsində mənə köməklik göstərəsiniz.”    
   Azərbaycan qanunvericiliyində alimentdən yayınan şəxslər üçün kifayət qədər sanksiyalar nəzərdə tutulub. Aliment borcunu ödəməyənlər haqqında sürücülük hüququnun alınması, ölkədən çıxışın məhdudlaşdırılması, inzibati və cinayət məsuliyyəti tədbirləri tətbiq oluna bilər. Amma görünən odur ki, İmişli İcra və Probasiya şöbəsi bu mexanizmlərin heç birini işə salmayıb.
P.S. Redaksiya olaraq, qarşı tərəfin mövqeyini öyrənmək üçün icra məmuru Ramil Paşayevə zəng vurub məsələyə münasibətini soruşduq. O isə öz növbəsində şöbə rəisi ilə əlaqə saxlamağımızı məsləhət gördü. İmişli Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elşən Cəfərov isə bildirdi ki, boşanmış qadın Fəridə Şiralıyeva uşaqların atası ilə görüşməsinə şərait yaratmır.
P.S.S. Yəqin anlaşılandır ki, cənab Elşən Cəfərovun dedikləri hətta həqiqət olsa belə, icra məmurunun hərəkətsizliyini əsaslandıracaq arqument deyildir. Ana uşaqları ataya göstərmirsə, uşaqlar bəyəm alimentdən məhrum olub ac qalmalıdırlar? Qoy Rakim Hüseynov özü keçmiş arvadını məhkəməyə verib uşaqları onun əlindən alsın, aliment ödəmək öhdəliyi də Fəridə Şiralıyevanın üzərinə qoyulsun.  
 
"Korrupsiya və Qanun"