Azərbaycan İdeyası

“Baş redaktoru olduğum qəzetin təkcə elə adı korrupsioner məmurlarda allergiya doğurur”

Tarix:13-10-2023, 10:26
Baxış Sayı:298

“Baş redaktoru olduğum qəzetin təkcə elə adı korrupsioner məmurlarda allergiya doğurur”
Xuraman Quliyeva: “Özümün və ailə üzvlərimin məruz qaldığımız hüquqpozmalar jurnalist fəaliyyətimlə əlaqədardır”

Qanunlardakı boşluqlardan öz maraqlarına görə sui-istifadə etdiklərini dolayısı ilə etiraf edən məhkəmə hakimlərinin tələsinə düşüb əmlakına mülkiyyət hüququnu itirən “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru Xuraman Quliyeva hesab edir ki, Yasamal rayon Ə.Hüseynzadə küçəsi 28 ünvanında yerləşən mənzilinin əlindən alınması məhz jurnalist fəaliyyəti ilə bağlıdır və ona və ailə üzvlərinə qarşı korrupsiyalaşmış bürokratik sistemin total qisas tədbirlərinin bir hissəsidir.

Xuraman Quliyeva bu qənaətdədir ki, baş redaktoru olduğu qəzetin təkcə elə adı rüşvətxor məmurlarda allergiya doğurur: “Bütün mənalı ömrümü korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara qarşı mübarizə işinə həsr etmişəm. Tənqid etdiyim hakimlərin çoxu intizam məsuliyyətinə cəlb olunub, qanunvericiliyin tələblərinin kobudcasına və mütəmadi pozulmasına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, həmçinin, kobud qanun pozuntularına yol verilməsinə görə bəziləri barədə intizam icraatı başlanılıb. Bütün bunları hələ məsuliyyətdən kənarda qalan hakimlər, eləcə də müstəntiq və prokurorlar yaxşı bilirlər və əllərinə düşən hər fürsətdə məni “zərərsizləşdirmək” istəyirdilər. Çox təəssüf ki, tale belə fürsətləri onlara bəxş elədi...”

Baş redaktor indiyədək hakimlərin qəbul etdikləri ədalətsiz qərarlarda yol verdikləri saxtakarlığın, riyakarlığın qısa xronikasını oxucuların və Məhkəmə - Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovun və Baş prokuror Kamran Əliyevin, eləcə də Məhkəmə Hüquq Şöbəsinın digər üzvlərinin diqqətinə çatdırıb, məhkəmə tərkiblərinə etiraz edib. Lakin xeyri olmayıb, ədalətsiz hakimlər aldıqları sifarişə uyğun olaraq, gizlicə onun mülkiyyətini hərraca çıxarıb satıblar.

Xuraman Quliyeva saxtakar və işğalçı hesab etdiyi hakimlər sırasında aşağıdakıların da adlarını çəkməyi özümə borc bilib ki, onlara işi düşən vətəndaşlar ədalətli nəticəyə ümid etməsinlər: “Hakimlər Vüqar Təvəkkül oğlu Həsənov, Şərafət Asif qızı Məmmədova, Xəyal Əjdər oğlu Sarıyev, apellyasiya şikayətimin verilməsi müddətinin bərpası ilə bağlı xahişimi təmin etməyən hakim Əyyubov Fərid İlham oğlu, mənzilimə dair hər hansı hərəkətlərin aparılmasının başqa şəxslərə qadağan edilməsi ilə bağlı tələbimi təmin etməyən hakim Quliyev Vüqar Şahbaz oğlu, Yasamal rayon məhkəməsinin 2(004)-8210/2018 saylı, 14.10.2020-ci il tarixli qərardadından şikayətimi təmin etməyib dəyişdirilmədən saxlayan Apellyasiya məhkəməsinin hakimləri Azad Nizami oğlu İmanov, Qürbət Ağa oğlu Əsgərov, Vahid Nəriman oğlu Sadıqov, iddia ərizəmə baxılmasını mümkünsüz hesab edən Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov, etibarsız hesab etdiyim sənədlər barədə xahişimi təmin etməyən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Yusifov Cahangir Afər oğlu, Həmidov Həmid Üzeyir oğlu, eləcə də Ali Məhkəmənin Mülki Kollegiyasının 23.07.2021-ci il tarixli 2(102)-4335/2021 saylı qərarından verdiyim əlavə kassasiya şikayətimi təmin etməyən Ali Məhkəmənin hakimləri Abbasov Aqil Əzizağa oğlu, Nəbizadə Rahib Sahib oğlu, Nurməmmədov Əhməd Gülməmməd oğlu, Məmmədli Bəhram Məmməd oğlu, Hüseynov Abiddin Qabil oğlu üçün qanunun aliliyi deyil, öz şəxsi maraqları önəmlidir”.

Yuxarıda qeyd etdiyimiz kimi, Xuraman Quliyevanın daşınmaz əmlakından – mənzilindən məhrum edilməsi ona qarşı edilən haqsızlıqlar aysberqinin (dənizdəki buz dağının) yalnız görünən hissəsidir. Məsələ burasındadır ki, o və ailə üzvləri Füzuli rayonundan məcburi köçkündürlər. Yuxarı Qarabağ, Şərqi Zəngəzur, ətraf rayonlar işğal altında olduğu dövrdə bütün qaçqın və məcburi köçkünlər ev və mənzillə təmin olunduqları halda bu ailə yalnız Qaçqın və məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yalançı vədlərinə ümid bəsləyib. Tam bir qərinə ərzində aldadılıblar. Övladlar çətinlik şəraitində böyüyüblər, taleləri də nahamar olub, böyüdükcə də problemləri dərinləşib. Qarşılaşdıqları bütün məhrumiyyətlər, üzləşdikləri bürokratik əngəllər, süni maneələr, süründürməçilik, məmur özbaşınalıqları, laqeydlik, cavabdeh qurumların rəhbər və funksioner vəzifəli şəxslərinin qeyri-həssas münasibətləri Xuraman xanımın tənqidçi qələmi ilə rəhbərlik etdiyi qəzetin tribunasında işıqlandırılıb, ictimailəşdirilib. Bəlkə də elə bu səbəbdəndir ki, haqqı-hüququ tapdalanan vətəndaşlar Xuraman Quliyevanı özlərinə həmdəm bilərək, vəzifəli şəxslərin kabinetlərində həllini tapmayan problemlərini məhz “Korrupsiya və Qanun” qəzetinin səhifələrinə daşıyıblar.

Xuraman Quliyevanın və ailə üzvlərinin dramından bəhs edən, ayrı-ayrı vaxtlarda işıq üzü görmüş məqalələrin bəzilərini təkrar dərc edirik:

“52 saylı məktəbin direktorunun varvarlıq aktı - Məcburi köçkün ailəsinin ocağını dağıtdı” – “Korrupsiya və Qanun” qəzeti, 8 iyul 2022-ci il, №04(88)

Füzuli rayonundan məcburi köçkün düşmüş Şamiyev Emin Asif oğlunun və qardaşı Sənanın Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xətti ilə mənzilə sahib olmaq uğrunda mücadiləsi zaman-zaman “Korrupsiya və Qanun” qəzetində ictimailəşdirilərək, oxucularımızın diqqətinə çatdırılmışdır. Olub ki, Şamiyevlərin bütün sənədləri təqdim etdikləri Komitə tərəfindən onların ünvanına adlarının mənzil veriləcək şəxslərin qeydiyyatına salındıqlarını təsdiqləyən cavab (Komitənin 11.06.2020-ci il tarixli 02/808 saylı məktubu) gəlmişdir. Daha sonra nədənsə Komitə bu cavabı unudub, başqa bir məktubunda “məsələyə müvafiq qaydalar əsasında baxılacaqdır” cavabı vermişdir. Bu iki cavabın arasındakı fərqin səbəbi isə izah edilməmişdir. Bəlkə “müvafiq qaydalar” dəyişib? – Açıqlama verilməyib.

Yasamal rayonunun 52 saylı məktəbinin həyətində ailəsi və körpə uşağı ilə məskunlaşmış Şəmiyevləri qovmaq üçün məktəb rəhbərliyi hələ 2018-ci ildə müxtəlif vasitələrə, insanlığa yaraşmayan vəhşi üsullara əl atmışdır. Məktəbin keçmiş direktoru guya ərazini oğrulardan hasarlamaq adı ilə ailənin yaşadığı tikili tərəfdən küçəyə çıxışını bağlamış, gah ailənin istifadə haqqını ödədiyi elektrikin təchizatını kəsdirmiş, gah da ailənin gəlininin əlindən daxmanın açarlarını zorla almışdı.

Yasamal Rayon İcra Hakimiyyətinin də Şamiyevlərlə bağlı sorğumuza cavabı bəlli idi. Rayon rəhbərliyindən redaksiyamıza göndərilən 03.08.2018-ci il tarixli 160/d-PA saylı məktubda bildirilirdi ki, 52 saylı orta məktəbin ərazisindəki tikilidə məskunlaşmış məcburi köçkünlərin məskunlaşdıqları yerdən çıxarılması nəzərdə tutulmur, lakin zəruriyyət yaranacağı təqdirdə məcburi köçkünlər yaşayış sahəsi ilə təmin olunacaqlar”.

Məktəbin sabiq direktorunun idarəçiliyi dönəmində təhsil müəssisəinin ərazisi müxtəlif hüquqi və fiziki şəxslərə qanunsuz olaraq satılıb - ərazidə fərdi ev tikilib, fərdi bağ salınıb, su hovuzu inşa olunub. Əlbəttə ki, bütün bunlar istər məktəb rəhbərliyinin, istər Rayon İcra Hakimiyyətinin, eləcə də Təhsil Nazirliyinin xəbəri olmadan baş tuta bilməzdi. Çünki Şamiyevlərin yaşadıqları tikilidə hər hansı artırma inşa etmək, “daş üstünə daş qoymaq” cəhdlərində “uzaq məsafədən çəkic səslərini eşidən” 56 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları dərhal başlarının üstünü kəsdirərək mane olmuşlar. Elə bu darısqallıq səbəbindən Şamiyev Emin kirayəyə çıxmağa məcbur olmuş, məktəbin həyətindəki tikilidə yeni ailə quran Sənan yaşamaqda davam etmişdir.

Amma acınacaqlı həyat tərzi, işsizlik, maddi çətinliklər Sənan Şamiyevi mənəvi-psixoloji düşkünlüyə məruz qoymuş və o, narkomaniyaya qurşanır. Bu səbəbdən onun gənc ailəsi də dağılır, həyat yoldaşı qucağında körpə uşağı ilə yoxa çıxır. Sənanın anası Xuraman Quliyeva polisin axtarışının nəticə vermədiyini düşünüb özü axtarmağa başlayır və bir ay sonra gəlinini, nəvəsini sığınacaqdan tapır. Ona həm də məlum olur ki, polis (Yasamal RPİ-nin 29-cu PB və Bakı şəhər BPİ) gənc ana və uşağı tapsa da, onların yaxınlarına xəbər verməyib. Xuraman xanım polisin bu barədə 26.02.2021-ci il tarixli qərarını sonradan 29-cu PB-dən götürüb. Hər dəfə polisə müraciətində ona deyirmişlər ki, Sənan və həyat yoldaşı Səma bir-biri ilə yola getmirlər. Halbuki, Səma özü qucağında uşağı ilə yaşadığı yeri trərk edib 29-cu PB-nə gedib və qaçaq düşməyə məcbur olmasının əsl səbəbini – polisin sözügedən ərazidə narkomanların toplaşmasının və oğurluğun artmasının qarşısını ala bilməməsi olduğunu bildiribmiş. Təəssüf ki, polis cinayət işi açmalı olduğu halda, oğru və narkomanları axtarmaq vəzifəsini unudub.

Sənanı sağlam həyata qaytarmaq, gənc ailənin birliyini bərpa etmək istəyən anası X.Quliyeva oğlunun nəzarətə götürülməsi, narkomanlardan uzaqlaşması üçün DİN-nin “102” xidmətinə və yerli polis orqanına (Yasamal RPİ-nin 29-cu PB-nə) dəfələrlə müraciət etmişdir. Onun fikrincə, polisin sözügedən ərazidə həyata keçirdiyi narkomaniyaya qarşı mübarizə işi qənaətbəxş səviyyədə deyildi.

Məhkəmə Sənan Şamiyevin məcburi qaydada müalicə olunması üçün ixtisaslı tibb müəssisəsinə yerləşdirilməsinə qərar versə də, bu məsələ bürokratik əngəl səbəbindən ləngimişdir. Nəhayət, anasının səyləri hesabına Sənan müalicə müəssisəsinə yerləşdirilir. Sənanın narkoloji dispanserdə müalicə aldığı həmin ərəfədə anası X.Quliyevanın da haqq və hüquqlarının tapdalandığı məhkəmə çəkişmələrinə başı qarışdığından, məktəbin hazırki direktoru Qabil Nəsibov evdə heç kimin olmadığını fürsət bilərək “dərəni xəlvət” görüb Şamiyevlərin məskunlaşdıqları tikilinin dağıdılmasına göstəriş verir, qapı-pəncərəsini qırdırır. Adını da qoyur ki, həmin ev “narkomaniya yuvası”dır.

Təbii ki, bundan xəbər tutan X.Quliyeva “Sən kimsən ki, ev dağıdırsan, polissən, icra məmurusan, ya nəsən?” sualını vermək üçün məktəbin direktoru ilə görüşməyə can atır. Lakin direktor Q.Nəsibov ona deyir ki, “Qaçqınkomdan bizə məktub gəlib, siz burda köçkün deyilsiz!” X.Quliyeva ondan həmin məktubu göstərməsini, mümkünsə surətinin çıxarılıb verilməsini istəyir. “Yox” cavabı alır. Bu imtina onunçün gözlənilməz deyildi; əmin idi ki, Komitə məktəbə belə cavab yaza bilməz.

Daha sonra X.Quliyeva Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Əli Abdullayevin qəbulunda olur, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerdən çıxarılmamasına dair dövlət sənədlərini sadalayır, özünmün və övladlarının acınacaqlı vəziyyətini izah edir. Lakin, məmur ona heç cür kömək edə bilməyəcəyini deyir.

X.Quliyeva həmçinin öyrənməyə müvəffəq olub ki, məktəbin rəhbərliyinin, o cümlədən Daşqın adlı təsərrüfat müdirinin ərazidə veyillənən narkomanlarla problemi var. Bu isə o deməkdir ki, problemin dərinləşməsinin səbəbkarı müalicə müəssisəsində olan Sənan deyil. Daşqın özü ona etiraf edib ki, narkomanlar onu danışdırıb videoya çəkiblər. Yəqin, danışılması məqbul sayılmayan nələrsə ağzından çıxıb, yoxsa, narahat olmazdı. Bəlkə də narkomanlarla məhrəmn söhbət edərkən o da onların əhvalında, ovqatında olub – nə bilmək olar?

X.Quliyevanı indi küçələrdə gecələmək məcburiyyətində qalan övladlarının acı aqibətindən savayı bir sıra başqa suallar da düşündürür və narahat edir: Əgər məcburi köçkünlərin doğma yurdlarının işğaldan azad olunanadək müvəqqəti məskunlaşdıqları yerlərdən qovulmaması, mənzillə təmin olunmaları zərurət idisə, niyə onun ailəsinə münasibətdə ayrı-seçkilik edildi?



1993-2023: Məskunlaşdıqları yerdən küçəyə atılmış məcburi köçkün Şamıyev qardaşları ümidlərini “Heydər Əliyev ili”nə bağlayıblar

Daimi oxucularımız yaxşı bilirlər ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Korrupsiya və Qanun” qəzetində ictimailəşdirilən aidiyyəti problemlərə biganə qalmasına dəlalət edən çoxsaylı misallar çəkə bilərik. Məsələn, ailələri ilə birgə 2007-ci ildən Yasamal rayon 52 saylı məktəbin ərazisində məskunlaşmış Füzuli rayonundan məcburi köçkün Sənan və Emin Şamıyev qardaşlarının mənzillə təminat məsələləri ilə əlaqədar Dövlət Komitəsinin onlarla oynadığı “gizlənpaç” oyununu 2016-cı ildən bu yana işıqlandırırıq. 2016-cı ildə onların məktublarına cavab verilmişdi ki, mənzillə təmin olunacaqlar. 2019-cu ildə müvəqqəti sığındıqları komaya özləri pəncərə qoymaq istəyəndə Komitənin nümayəndələri onları arxayın salıblar: “Niyə pəncərəyə artıq xərc çəkirsiz? Onsuz da sizə ev veriləcək”.

Amma II Qarabağ savaşından sonra Şamıyevlərə deyirlər ki, hazırda Vətən müharibəsi şəhidlərinin ailələrinin və əlillərinin mənzillə təminat problemləri öndədir. Vətən müharibəsi iki il əvvəl baş verib və şükür ki, Qələbə ilə başa çatıb. Bəs elə isə Şamıyevlərin problemlərinin ailə qayğılarının artması ilə əlaqədar ictimailəşdirildiyi 2011-cı ildən 2020-ci ilin sentyabrına qədər Dövlət Komitəsi onlara niyə biganə yanaşırdı? Həmin o dövrdən 2018-ci ilə qədərini də yazaq Komitənin sabiq sədri Əli Həsənovun günahları sırasına. Bəs cənab Rövşən Rzayev vəzifəyə təyin olunduğu 2018-ci ildən indiyə qədər Şamıyevlərin problemlərini görmürdümü? Görəsən, Şamıyevlərin ev növbəsi kimlərə satılıb?

Bu sətirlərin müəllifi, həm də məcburi köçkün, Şamıyev qardaşlarının anası olaraq mən Xuraman Quliyeva Komitə sədrinin müavini Eldar Zeynalova rəsmi surətdə 08.07.2022-ci il tarixli növbəti məktub ünvanlamışam. Uzun müddət cavab almadıqdan sonra zəng edib cavab verilməməsinin səbəbini soruşmaq istədim. Görünür, tək məktubuma deyil, zəngimə də cavab vermək ona sərf etmədiyi üçün əvvəlcə nömrəmi bloka atdı. Bundan sonra vatsap vasitəsilə səsli mesaj göndərib iradlarımı bildirdim, evlərin məcburi köçkünlərə paylanması məsələsində ədalətsizliklərə, möhtəkirliyə yol verilməsinə gileylərimi bildirdim. Qəzetimiz vasitəsilə problemlərini işıqlandırdığımız digər məcburi köçkünlərin də Komitə yetkililəri tərəfindən incidilməsinə dair faktları sadaladım. Mənə mesaj yazdı ki, “Siz mənim qəbulumda olmusunuz, cavabınız verilib. Allah bəlasını versin ev satanların!” Gəlin razılaşaq ki, bu sözlər dövlət məmurunun işlətməli olduğu ifadələr deyil. Mən ona heç vaxt qəbulunda olmadığımı da yazdım.

Sonra uzun cəhdlərdən, ardıcıllıqla 6 nömrəyə zəng vurandan sonra əlaqə saxlamağa nail olduğum Komitənin ümumi şöbəsindən mənə bildirdilər ki, “Sizin burada müraciət məktubunuz yoxdur”, yenə də hansısa daxili nömrə verdilər. Nəhayət, müraciətnaməmi tapdılar və “tövsiyə” etdilər ki, “Siz nə istədiyini bilmirsiz, yenidən müraciət edin, amma qəzet vasitəsilə deyil”. Yenə də anlamadım – bəyəm, məcburi köçkün öz problemini KİV üzərindən ictimailəşdirəndə problem əhəmiyyətsizləşir? Mətbuat yəni bu günə qalıb ki? Açıq desəydilər ki, “Korrupsiya və Qanun” qəzetinin 29.06.2018-ci il tarixli 04(66)-cı nəşrində yer alan “Yasamalda məcburi köçkünün məskunlaşdığı yerdən küçəyə qovmaq istəyirlər” adlı, 16.08.2018-ci il tarixli 05 (67) –ci nəşrində dərc olunan “Lazım gələrsə və zərurət yaranarsa... – Yasamalda südəmər uşaqlı məcburi köçkün ailəsi ahəstə ölümə məhkum olunub” başlıqlı, qəzetin 06.05.2020-ci il tarixli 03 (77)-ci nəşrində dərc olunmuş “Qaçqınkomdan növbəti “əl-ləzinə” sərlövhəli məqalələr qəzeti Komitəyə düşmən eləyib, başa düşərdik.

Doğrudan da qəribə və ikrah doğurucu işdir: Elə bil, “Qaçqınkom” rəhbərliyi səbirsizliklə Qələbəni, torpaqların işğaldan azad edilməsini deyil, Vətən müharibəsində igid oğullarımızın şəhid və əlil olmasını istəyirmişlər ki, onların probleminin önə çıxmasını bəhanə edib məcburi köçkünlər sırasından Komitənin “standartına” uyğun gəlməyən evsizləri başlarından eləsinlər. Komitə onun möhtəkir məmurları ilə sövdələməyə getməyən köçkünlərin probleminin həllini bilərəkdən yubadır ki, bəlkə aralarından hansılarsa dünyasını dəyişəcək, narkomaniyaya qurşanacaq, azadlıqdan məhrum olunacaq. Gözləyirlər ki, məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları diqqətiçəkən sosial obyektlərdən (məsələn, 52 saylı məktəbin ərazisindən) çıxarılıb, diqqətdən uzaq hansısa vətəndaşın evində kirayədə yaşasınlar. Bir sözlə, “adam yoxdursa, problemi də yoxdur”, “o vaxta qədər ya eşşək ölə, ya xan” prinsipləri ilə hərəkət edir.

Şamıyevlər ümidlərini yeni 2023-cü ilə bağlayıblar. Çünki 2023-cü il “Heydər Əliyev ili” elan olunub. O Heydər Əliyev ki, qaçqın və məcburi köçkünlərin qayğı və problemlərinə diqqətlə, həssas yanaşırdı.



Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayevə

Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonundan məcburi köçkün Quliyeva Xuraman Əhliman qızı tərəfindən

ƏRİZƏ



Çox hörmətli Rövşən müəllim!

Mən – Quliyeva Xuraman Əhliman qızı Füzuli rayonundan məcburi köçkün kimi, oğullarım Şamiyev Emin Asif oğlunun və Şamıyev Sənan Asif oğlunun Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xətti ilə mənzilə sahib olmaları uğrunda uzun müddətdir mücadilə aparıram. Bu məsələni zaman-zaman baş redaktoru olduğum “Korrupsiya və Qanun” qəzetində ictimailəşdirmişəm. Dəfələrlə Sizə etdiyim müraciətlərimin üzərinə qoyduğunuz dərkənarlar Komitənin mənsubları tərəfindən icra edilməmiş qalıb, bizə gah ümidverici, gah yayındırıcı, gah da ümumiyyətlə, mücərrəd cavablar verilmişdir.

Şamiyevlərin bütün sənədləri təqdim etdikləri Komitənin mənsubları tərəfindən onların ünvanına adlarının mənzil veriləcək şəxslərin qeydiyyatına salındıqlarını təsdiqləyən cavab (Komitənin 11.06.2020-ci il tarixli 02/808 saylı məktubu) gəlmişdir. Daha sonra nədənsə Komitə məmurları bu cavabı unudub, başqa bir məktubda “məsələyə müvafiq qaydalar əsasında baxılacaqdır” cavabı vermişdir. Bu iki cavabın arasındakı fərqin səbəbi isə izah edilməmişdir.

Bəlkə “müvafiq qaydalar” dəyişib? – Açıqlama verilməyib.

Yasamal rayonunun 52 saylı məktəbinin həyətində ailəsi və körpə uşağı ilə məskunlaşmış Şəmiyev qardaşlarını qovmaq üçün məktəb rəhbərliyi hələ 2018-ci ildə müxtəlif vasitələrə, insanlığa yaraşmayan vəhşi üsullara əl atmışdır. Məktəbin keçmiş direktoru guya ərazini oğrulardan hasarlamaq adı ilə ailənin yaşadığı tikili tərəfdən küçəyə çıxışını bağlamış, gah ailənin istifadə haqqını ödədiyi elektrikin təchizatını kəsdirmiş, gah da ailənin gəlininin əlindən daxmanın açarlarını zorla almışdı.

Yasamal Rayon İcra Hakimiyyətinin də Şamiyevlərlə bağlı sorğumuza cavabı bəlli idi.

Rayon rəhbərliyindən redaksiyamıza göndərilən 03.08.2018-ci il tarixli 160/d-PA saylı məktubda bildirilirdi ki, “52 saylı orta məktəbin ərazisindəki tikilidə məskunlaşmış məcburi köçkünlərin məskunlaşdıqları yerdən çıxarılması nəzərdə tutulmur, lakin zəruriyyət yaranacağı təqdirdə məcburi köçkünlər yaşayış sahəsi ilə təmin olunacaqlar”.

Darısqallıq səbəbindən Şamiyev Emin kirayəyə çıxmağa məcbur olmuş, məktəbin həyətindəki tikilidə yeni ailə quran Sənan yaşamaqda davam etmişdir. Amma acınacaqlı həyat tərzi, işsizlik, maddi çətinliklər Sənan Şamiyevi mənəvi-psixoloji düşkünlüyə məruz qoymuş və o, narkomaniyaya qurşanır. Bu səbəbdən onun gənc ailəsi də dağılır, həyat yoldaşı qucağında körpə uşağı ilə yoxa çıxır. Sənanın anası Xuraman Quliyeva polisin axtarışının nəticə vermədiyini düşünüb özü axtarmağa başlayır və bir ay sonra gəlinini, nəvəsini sığınacaqdan tapır. Ona həm də məlum olur ki, polis (Yasamal RPİ-nin 29-cu PB və Bakı şəhər BPİ) gənc ana və uşağı tapsa da, onların yaxınlarına xəbər verməyib. Xuraman xanım polisin bu barədə 26.02.2021-ci il tarixli qərarını sonradan 29-cu PB-dən götürüb. Hər dəfə polisə müraciətində ona deyirmişlər ki, Sənan və həyat yoldaşı Səma bir-biri ilə yola getmirlər. Halbuki, Səma özü qucağında uşağı ilə yaşadığı yeri tərk edib 29-cu PB-nə gedib və qaçaq düşməyə məcbur olmasının əsl səbəbini – polisin sözügedən ərazidə narkomanların toplaşmasının və oğurluğun artmasının qarşısını ala bilməməsi olduğunu bildiribmiş. Təəssüf ki, polis cinayət işi açmalı olduğu halda, oğru və narkomanları axtarmaq vəzifəsini unudub.

Sənanı sağlam həyata qaytarmaq, gənc ailənin birliyini bərpa etmək istəyən anası X.Quliyeva oğlunun nəzarətə götürülməsi, narkomanlardan uzaqlaşması üçün DİN-nin “102” xidmətinə və yerli polis orqanına (Yasamal RPİ-nin 29-cu PB-nə) dəfələrlə müraciət etmişdir. Onun fikrincə, polisin sözügedən ərazidə həyata keçirdiyi narkomaniyaya qarşı mübarizə işi qənaətbəxş səviyyədə deyildi.

Məhkəmə Sənan Şamiyevin məcburi qaydada müalicə olunması üçün ixtisaslı tibb müəssisəsinə yerləşdirilməsinə qərar versə də, bu məsələ bürokratik əngəl səbəbindən ləngimişdir.

Nəhayət, mənim səylərim hesabıma Sənan müalicə müəssisəsinə yerləşdirildi. Sənanın narkoloji dispanserdə müalicə aldığı həmin ərəfədə mənim də haqq və hüquqlarımın tapdalandığı məhkəmə çəkişmələrə başım qarışdığından, məktəbin hazırki direktoru Qabil Nəsibov evdə heç kimin olmadığını fürsət bilərək “dərəni xəlvət” görüb Şamiyevlərin məskunlaşdıqları tikilinin dağıdılmasına göstəriş verib, qapı-pəncərəsini qırdırıb. Adını da qoyub ki, həmin ev “narkomaniya yuvası”dır.

Təbii ki, bundan xəbər tutandan sonra mən “Sən kimsən ki, ev dağıdırsan, polissən, icra məmurusan, ya nəsən?” sualını vermək üçün məktəbin direktoru ilə görüşməyə can atdım. Lakin direktor Q.Nəsibov mənə dedi ki, “Qaçqınkomdan bizə məktub gəlib, siz burda köçkün deyilsiz!”

Mən ondan həmin məktubu göstərməsini, mümkünsə surətinin çıxarılıb verilməsini istədim. “Yox” cavabı aldım. Bu imtina mənim üçün gözlənilməz deyildi; əmin idim ki, Komitə məktəbə belə cavab yaza bilməz.

Həmçinin öyrənməyə müvəffəq oldum ki, məktəbin rəhbərliyinin, o cümlədən Daşqın adlı təsərrüfat müdirinin və adını mühafizəçi Ələddinin ərazidə veyillənən narkomanlarla problemləri var. Bu isə o deməkdir ki, problemin dərinləşməsinin səbəbkarı müalicə müəssisəsində olan Sənan deyil. Daşqın özü ona etiraf edib ki, narkomanlar onu danışdırıb videoya çəkiblər. Sözümün məğzi bundan ibarətdir ki, ağır həyat şərtlərinin təsiri altında olan Sənanın düşkünlüyə qapılması onu və qardaşı Emini özləri kimi məcburi köçkün statusunda olan digər vətəndaşlar kimi Komitənin xətti ilə mənzilə yiyələnmək haqqından məhrum etmir.

Cənab sədr, məni indi küçələrdə gecələmək məcburiyyətində qalan övladlarımın acı aqibətindən savayı bir sıra başqa suallar da düşündürür və narahat edir: Əgər məcburi köçkünlərin doğma yurdlarının işğaldan azad olunanadək müvəqqəti məskunlaşdıqları yerlərdən qovulmaması, mənzillə təmin olunmaları zərurət idisə, niyə mənim ailəmə münasibətdə ayrı-seçkilik edildi? Odur ki xahiş edirəm, mənim və övladlarımın özlərinin və ailələrinin acınacaqlı durumunu nəzərə alıb bizim Komitənin xətti ilə mənzillə təmin olunmağımıza köməklik göstərəsiniz.

İmza: X.Ə.Quliyeva

Tarix: 07.07.2022

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…