Azərbaycan İdeyası

IV Şuşa Qlobal Media Forumu keçiriləcək

Tarix:10-07-2026, 15:30
Baxış Sayı:10

IV Şuşa Qlobal Media Forumu keçiriləcək
İyulun 13-14-də "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək.

Bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirak edəcəyi forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunacaq. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılacaqlar.

Forum çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələri, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil olunacaq.

Forum mediada məsuliyyətli davranışın vacibliyini önə çəkərək, cəmiyyətlər arasında sarsılmış etimadın bərpası, rəqəmsal həmrəyliyin gücləndirilməsi və sülhün təmin olunması istiqamətində praktiki addımların atılmasına töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, 2022-ci ildə ilk dəfə "Mediada qlobal trendlər, yeni çağırışlar" mövzusunda Beynəlxalq Media Forumu keçirilib. Sonrakı illərdə bu təşəbbüs Şuşa Qlobal Media Forumu formatında davam etdirilib. Belə ki, 2023-cü ildə keçirilən 1-ci Şuşa Qlobal Media Forumu "4-cü Sənaye İnqilabı dövründə yeni media", 2024-cü ildə baş tutan 2-ci Şuşa Qlobal Media Forumu "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə", 2025-ci ildəki 3-cü Şuşa Qlobal Media Forumu isə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzularına həsr olunub.

İndiyədək keçirilmiş dörd forum ərzində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxsi bir araya gətirən Şuşa Qlobal Media Forumu qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi öz mövqeyini möhkəmləndirib.

Forumun əvvəlki illərdə keçirilən sessiyalarında rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının media sektoruna və xəbər istehsalı proseslərinə təsiri, bu texnologiyaların yaratdığı imkanlar və çağırışlar, mediada innovasiyalar, dezinformasiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi kimi məsələlər geniş müzakirə olunub. Son illərdə qlobal informasiya mühitində baş verən sürətli dəyişikliklər həmin mövzuların aktuallığını daha da artırıb. Bu baxımdan, əvvəlki forumlarda əsası qoyulan müzakirələrin davamı olaraq, sözügedən istiqamətlər 4-cü Şuşa Qlobal Media Forumunun da əsas diqqət mərkəzində olacaq və müasir çağırışlar kontekstində ətraflı müzakirə ediləcək.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı