Azərbaycan İdeyası

ŞƏFQƏT BACILARI... EVDƏ DƏ, İŞDƏ DƏ ÇİYİN-ÇİYİNƏ...

Tarix:12-10-2016, 15:44
Baxış Sayı:400

Xəstələrin müalicəsində həkilmlərlə bərabər tibb bacıları da son dərəcə böyük rol oynayırlar. Həkimin təyinatlarını yerinə yetirmək, ağır xəstələrə qulluq etmək, bir çox əməliyyatları (bəzən olduqca mürəkkəb) yerinə yetirmək - bütün bunlar orta tibb işçisinin bilavasitə vəzifəsidir. Həmçinin tibb bacısı xəstənin müayinəsində, onun müxtəlif cür cərrahi əməliyyatlara hazırlanmasında iştirak edir, operasiya zamanı anestezist kimi işləyir, reanimasiya və intensiv terapiya şöbələrində xəstələrə baxır. Bütün bunlar tibb bacısından nəinki bilik və səriştə tələb edir, həm də onun mənəviyyatına yüksək tələblər qoyur, o, kollektivdə özünü aparmağı, xəstələrlə və onların qohumları ilə rəftar etməyi bacarmalıdır. Bütün bu tələblərə cavab verən şəfqət bacılarından ikisini biz tanıyırıq: Cəbrayılova Kəmalə və qızı Ülviyyə Əhmədova "Bakı Sağlamlıq Mərkəzi"ndə çalışırlar. Necə deyərlər, evdə də, işdə də çiyin-çiyinədirlər.
Kəmalə xanım öz sənətinin spesifik xüsusiyyətləri barədə həvəslə danışır: "Həmişə yadda saxlamaq lazımdır ki, xəstə dərdinə əlac istəyir, ona bədbəxtçilik üz vermişdir, bəzən bu, çox ciddi olur, onin səhhətinin, əmək qabiliyyətinin itirilməsinə, hətta ölümünə səbəb ola bilər. Tibb bacısı xəstənin dərdinə tam şərik ola bilərsə, onun vəziyyətini dərindən başa düşərsə, onunla xəstə arasında əsl ünsiyyət bağlana bilər, müalicənin uğurlu olması üçünsə, bu, çox vacib şərtdir. Xəstənin həssas münasibətə, mənəvi köməyə, mehribançılığa ehtiyacı dərmandan az deyil, bəlkə də çoxdur. Ona görə də tibb bacılarına həm də "şəfqət bacısı" deyilir. Bu söz nəinki onların işinin ixtisas cəhətini, həm də mənəvi cəhətini ifadə edir. Laqeyd, tez özündən çıxan, xəstənin dərdini başa düşməyə qabil omayan adam tibb müəssisələrində işləməyə layiq deyildir".
Ülviyyə xanım isə deyir ki, xəstəyə onun sağalmayacağını qətiyyən demək olmaz: "Çox vaxt xəstələr tibb bacılarından öz diaqnozunu və sağalmalarına ümid olub-olmamasını soruşurlar. Xəstəni qəti inandırmaq lazımdır ki, sağalacaq. Lakin ağır xəstəyə onun xəstəliyinin "boş" bir şey olduğunu və "tezliklə evə buraxılacağını" deyib arxayınlaşdırmaq da olmaz, çünki çox vaxt belə xəstələr düçar olduqları xəstəliyin xarakterini pis bilmirlər və həddindən artıq xoş söz eşitdikdə səhiyyə işçilərinə inamı itirirlər. Hər halda tibb bacısı xəstələrə deyəcəyi məlumatı həkimlə razılaşdırmalıdır. Xəstənin yanında mənasını az bildiyi və buna görə də onu təşvişə salan sözlər işlətmək olmaz. Yadda saxlamaq lazımdır ki, bəzən narkoz yuxusunda və hətta səthi koma vəziyyətində olan xəstələr palatadakı söhbətləri eşidirlər. Xəstəni həmişə əsəb sarsıntılarından qorumaq lazımdır ki, vəziyyəti ağırlaşmasın".
Kəmalə xanım öz çoxillik təcrübəsini təkcə qızı Ülviyyə xanımla deyil, digər gənc həmkarları ilə də bölüşür, işlədiyi kollektivdə hamı onların barəsində çox tüksək fikirdədir. Xəstələr də bir qayda olaraq, onların xidmətindən razılıq edirlər. Qəzetimizin kollektivi adından onlara insanların sağlamlığının keşiyində durmaq kimi müqəddəs peşələrində uğurlar və ən əsası, can sağlığı arzulayırıq.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir