"Möhtərəm Prezident!
Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi 2001-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Təşkilatımız, adından da göründüyü kimi, Milli Qəhrəmanlarımızın həyat və döyüş yolunu öyrənmək və təbliğ etməklə yeniyetmə və gənclərimizdə vətənpərvərlik hissinin tərbiyəsi üzrə iş aparır. Bu məqsədlə bir çox möhtəşəm layihələr həyata keçirtmişik. Şəxsən Ümummili Liderimiz Heydər Əliyevin tövsiyəsi ilə bütün Milli Qəhrəmanlarımızın fotoları olan plakatlar çap etdirilmiş, müxtəlif müəssisələr və təhsil ocaqlarında Milli Qəhrəmanlar guşəsinin yaradılmasına nail olmuşuq. Milli Qəhrəmanlarımızın həyat və döyüş yolunu əks etdirən ”Azərbaycanın Milli Qəhrəmanları”, “Heydər Əliyev və Milli Qəhrəmanlarımız” adlı kitablar nəşr etdirərək təhsil ocaqlarına təmənnasız olaraq paylamışıq. Son günlər erməni faşistlərinin cəbhə xəttində etdikləri vəhşiliklərə dözməyən igid Azərbaycan əsgərlərinin – Azərbaycan Ordusunun ermənilərə layiqli cavab verməsi nəticəsində Azərbaycan Xalqı, Azərbaycan ictimaiyyəti həm böyük sevinc, həm də şəhidlərimizlə bağlı kədər içərisindədir. Milli Ordumuz tərəfindən düşmənə layiqli cavab verilməsi məhz Sizin Milli Orduya göstərdiyiniz diqqət və qayğının, həmçinin müdrik siyasətinizin nəticəsidir. Möhtərəm Prezident, birliyin Milli Qəhrəman və veteran üzvlərinin könüllü olaraq ön cəbhəyə getmələri barədə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinə ünvanladıqları müraciəti nəzərə alaraq Sizdən xahiş edirik ki, hal-hazırda ehtiyatda olan sağ Milli Qəhrəmanları və Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin aşağıda adları qeyd olunan tərkibdə rəhbər heyətini bir əsgər kimi cəbhə bölgəsində ön xəttdə düşmənə qarşı mübarizə aparmaq üçün könüllü olaraq ordu sıralarına qəbul edəsiniz". Bu sözlər Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Uluxanlı Elşən Aydın oğlunun, hal-hazırda sağ Milli Qəhrəmanların, Birliyin üzvləri və Qarabağ veteranlarının dövlətimizin başçısı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin "President.az" internet saytına ünvanladıqları müraciətnamədə yer almışdır. Müasir Müstəqil Azərbaycan dövlətinin və onun Silahlı Qüvvələrinin qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna daim sadiq, möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməyin tərəfdarı olan Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Uluxanlı Elşən Aydın oğlu, Azərbaycanın Milli Qəhrəmanları - Allahverdiyev Bəxtiyar Əzizulla oğlu, Quliyev Zabit Adil oğlu, Atakişiyev İntiqam Vahid oğlu, Quliyev Vahid Həbibulla oğlu, Həsənov Fizuli Yaqub oğlu, Birliyin Xəsər və Pirallahı rayonları üzrə nümayəndələyinin rəhbəri Əzimov Elçin Məhiyyədin oğlu və digər nümayəndəliklərinin rəhbərləri və üzvləri eləcə də şəhid milli qəhrəmanların ailələri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar 10 may 2017-ci il tarixdə Ulu Öndərin Fəxri Xiyabandakı abidəsini ziyarət etmişlər. Məlumat üçün qeyd edək ki, İctimai Birlik yarandığı gündən indiyə qədər vətənpərvərlik mövzusu ilə bağlı çoxsaylı tədbirlər keçirib. İctimai Birlik həmçinin respublikanın 30-dan artıq rayonunda milli qəhrəmanlarımıza həsr olunmuş guşələr açıb. Belə tədbirlərin davam etdirilməsi təşkilatınqarşısında duran prioritet vəzifələrdən biridir. Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin dəstəyi ilə bir neçə dəfə milli qəhrəmanlardan bəhs edən kitablar işıq üzü görüb. Belə ki, kitablarda ölkəmizin ərazi bütövlüyüuğrunda mərdlik və şücaət göstərmiş, "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş 211 qəhrəmanımızın həyatından, keçdiyi döyüş yolundan bəhs olunur. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi tərəfindən nəşr edilmiş “Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları” kitabı isə şəhidlik zirvəsinə ucalan öz ölümləri ilə ölümsüzlüyə qovuşan, adlarını müharibə tariximizə qızıl hərflərlə yazan, Qəhrəmanlıq zirvəsinə ucalan 193 şəhid və 18 sağ Milli Qəhrəmanımıza 1992-2002-ci illərdə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən göstərilən daimi diqqət və qayğıdan bəhs edir. Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə yerli icra hakimiyyətləri, ümumtəhsil və məktəbəqədər tərbiyə müəssisələri, idarə və təşkilatlarla, kütləvi informasiya vasitələri ilə yaxından əməkdşlıq edir, onlarla səmərəli əməkdaşlıq qurur. Belə tədbirlərdə məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olan mərd, cəsur övladlarımızın vətənpərvərliyini, onların gənc nəslə örnək olan həyat yolunu təbliğ etməkdir.