-----------------------------------------------------------------------------------------------------------
Şikayət ərizəsi ilə əlaqədar ezamiyyətdə olduğumuz Kürdəmir rayonunun Ərşəli kəndinin bir qrup sakini - Hüseynov Vaqif Ataş oğlu və başqaları redaksiyamıza müraciət edib örüş-otlaq sahələrinin bir ovuc məmur və imkanlı şəxslər tərəfindən zəbt edilərək, pambıq adı ilə öz şəxsi maraqları naminə taxıl və bostan bitkiləri əkilməsindən gileylənmişlər. "Biz zavallı kənd sakinləri yalnız kənd təsərrüfatı ilə məşğulluğumuzu təmin edə, yalnız bu yolla halal ruzi qazanıb övlad böyüdə bilirik. Dəfələrlə dövlət orqanlarına müraciət etməyimizə baxmayaraq kənd camaatının vəziyyəti ildən ilə daha da ağırlaşmaqdadır. Xahiş ediik, Ərşəli kənd camaatının dolanışığına qarşı cəbhə açmış məmurlara bu ölkədə qanunun şah olduğunu isbat edəsiniz, məsələni ictimailəşdirib aidiyyati orqanlara çatdırasınız".
Xatırladaq ki, Kürdəmirdə örüş-otlaq sahələri üstündə mübahisə əvvəllər də baş vermişdir. Məsələn, 2016-cı ilin oktyabr ayında rayonun Şilyan kənd sakinləri mal-qaranı otarmaq üçün yer olmamasından gileyləniblər. Onlar deyirdilər ki, əvvəllər bu məqsədlə istifadə edilən sahələr indi başqalarına icarəyə verilib. Milli.Az xezerxeber.com-a istinadən yazmışdı ki, hətta bəzi sakinlər otlaq sahələrinin azlığından heyvanlarını satmaq məcburiyyətində qalıblar. Kürdəmir rayon İcra Hakinmiyyətindən isə bildirilmişdi ki, Şilyan kəndinin örüş sahəsi var, fermerlərə icarəyə verilən torpaqlar isə illər əvvəl bağlanmış müqavilə əsasındadır.
Elə bu ilin fevral ayının 22-də isə Kürdəmir rayon Karrar qəsəbəsində otlaq sahələrinin ələ keçirilməsi cəhdinə etiraz edən bir neçə sakin rayon polis şöbəsinə çağırılıb. Söhbət əsasən qəsəbə sakinlərinin mal-heyvanları üçün örüş yeri olan 120 hektar sahənin kənar şəxslərin istifadəsinə verilməsi cəhdləri və bunun yolverilməzliyi ətrafında gedib. Narazı qəsəbə sakinlərindən biri "Xural.com"-a bildirmişdi ki, mal-heyvan üçün ayrılan otlaq yerləri, özü də qəsəbə sakinlərinin pay torpaqlarını, mülkiyyətində olan torpaqlarını kimlərsə ələ keçirmək istəyir. Bir daha bildiririk ki, bu, sakinlərin pay torpaqlarına aiddir, mal-heyvan üçün otlaq olsun deyə sakinlərin hər biri torpaqlıarından 8 sot məhz otlaq üçün ayırıb”.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov isə bildirib ki, barəsində söhbət gedən torpaqlar pay torpaqları yox, bələdiyyə torpaqlarıdır, qəsəbə sakinlərinə müvəqqəti icarəçiliyə verilib. “Həmin topaqlar 127 hektardır, bunun 44 hektarı pambıq əkilməsi üçün istifadə ediləcək. Çünki Kürdəmir rayonunda pambıq becərilməsi üçün 5030 hektar sahə əkilməlidir”, -T. Novruzov qeyd edib. O, qəsəbə sakinlərinin həmin torpaqların pay torpaqları olması ilə bağlı dediklərini yanlış informasiya adlandırıb.
Fikrimizcə, Kürdəmir rayon rəhbərliyi bu müstəvidə artıq tez-tez baş verən anlaşılmazlığa birdəfəlik aydınlıq gətirmək üçün tədbir görməlidir. Lakin Kürdəmir rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məmuru Elxan Qafarov kimi şəxslərin məsələyə qeyri-konstruktiv münasibəti bizi çox məyus etdi. Həddən ziyadə özündən müştəbeh adam olan Qafarov rayonun Ərşəli kəndinin bir qrup ağsaqqal sakininin "Korrupsiya və Qanun" qəzetinə etdikləri müraciəti araşdırmaq məqsədilə Kürdəmirdə ezamiyyətdə olduğumuz vaxt bizi aşağılayıcı tərzdə təhqir etmişdir. Ezamiyyət vərəqəsini qeydiyyatdan keçirmək üçün baş çəkdiyimiz rayon icra hakimiyyətində bizi qarşılayan bu məmur qəzetin təsisçisi Ceyhun Dadaşovun əlilliyimə işarə vuraraq dövlət qulluqçusuna yaraşmayan kobud ifadələr işlətmişdir. Qafarovun bunca özbaşınalığının səbəbini heç nə ilə əlaqələndirmək olmur: RİH başçısının rəhbərlik etdiyi aparatın işçilərinə nəzarətinin zəifliyindənmi, yoxsa, Qafarovun güvəndiyi havadarının qanundan üstün olmasındanmı? Onu bilirik ki, Prezidentin özünə "mən xalqımın xidmətçisiyəm" dediyi bir ölkənin əlil vətəndaşı məmur tərəfindən təhqir olunursa, həmin məmur vəzifə daşımamalıdır.