Azərbaycan İdeyası

DƏLƏDUZUN İŞ ORTAĞI MƏSULİYYƏTDƏN KƏNARDA SAXLANILIB - "DƏRƏÇİÇƏK" MTK ÜÇÜN SƏRMAYƏ ADI İLƏ YIĞILAN PULLAR HARA İTİB?

Tarix:14-09-2018, 14:53
Baxış Sayı:724

"Mən dövlətini, Prezidentini sevən, uzun illər dövlətinə sədaqətlə xidmət etmiş, yaşlı xəstə nənəyəm. Dələduzluq yolu ilə aldadılmışam, mənə və ailəmə məxsus külli miqdarda pul talanmış, ailəmiz bu səbəbdən ağır vəziyyətə düşmüşdür. Cinəyəti törədən şəxs bizə aqressiv yanaşır, çox arxayın rəftar edir, qəti peşman olmadığını, heç nəyə nail olmayacağımızı məkrlə üzümüzə deməkdən çəkinmir, onun üçün nədənsə istintaq orqanlarında imtiyazlar yaradılır" - Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev - 7, mənzil - 4 ünvanda yaşayan Qasımbəyova Zəkiyyə Mustafa qızının redaksiyamıza ünvanladığı müraciətnamə bu sözlərlə başlayır.
Əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 1(101)-1201/2017 nömrəli hökmündən bəzi sitatlaraın altını cızırıq:
"Təqsirləndirilən şəxs Əfəndiyev Ramin Cahangir oğlu Qasımbəyova Zəkiyyə Mustafa qızının etibarından sui-istifadə etməklə və ona, "Dərəçiçək" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasından ucuz qiymətə mənzillər alıb bir müddət sonra baha qiymətə satmaqla əldə etdiyi gəliri onunla böləcəyinə və nəticədə ona həmin binadan sərfəli qiymətə mənzil alıb verəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, hər dəfə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 22 L ünvanında yerləşən "Xalqbank" ASC-nin inzibati binasının qarşısında olmaqla, 05 dekabr 2010-cu il tarixdən 15 dekabr 2010-cu il tarixədək olan müddət ərzində, ümumilikdə 120000 (bir yüz iyirmi min) manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Zəkiyyə Qasımbəyovaya külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir".
Məhkəmə materiallarından görünür ki, Ramin Əfəndiyev eyni üsulla bir çox başqa vətəndaşı yalan vədlərlə tovlayaraq müxtəlif məbləğlərdə pullarını almış, o cümlədən, Zəkiyyə Qasımbəyovanın oğlu Qasımbəyov İlqar İbrahimpaşa oğlunu da aldadaraq 40000 (qırx min) manat pulunu ələ keçirmişdir.
Z.Qasımbəyova məlumat verir ki, etibardan sui-istifadə və aldatma yolu ilə mənə, ailəmə və zərərçəkmiş digər insanlara məxsus ümumilikdə külli miqdarda - 508900 (beş yüz səkkiz min doqquz yüz) AZN pulu (ayrı-ayrı epizodlar üzrə isə külli miqdarda pulu) əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmiş məhkum Əfəndiyev Ramin Cahangir oğlunun cinayətinin istintaqı zamanı zərərçəkmiş kimi hüquqlarının təmini ilə bağlı bir sıra zəruri prosessual işlər düzgün görülməmişdir:
1. R.Əfəndiyevin barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə 03.12.2015-ci il tarixdə cinayət işi başlandıqdan sonra, istintaqdan qəsdən yayındığına görə onun barəsində 05.01.2016-cı il tarixdə axtarış elan olunmasına, istintaqdan gizlənməsi ilə əlaqədar CPM-nin 53.1.3-cü maddəsi ilə icraatın dayandırılması məcburiyyətində qalınmasına baxmayaraq, ağır cinəyət törətməsinə görə 2 ay yarımdan sonra tutulan R.Əfəndiyevin barəsində həbs qətimkan tədbiri əvəzinə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir.
R.Əfəndiyev ona verilən müstəsna "humanist yanaşma"dan məharətlə sui-istifadə edərək istintaqdan təkrarən 7 ay müddətində gizləndiyi üçün onunla bağlı məcburən 3 dəfə iş üzrə icraatın dayandırılmasına, qətimkan tədbirinin şərtlərini kobudcasına pozmasına görə onun barəsində yenidən axtarış elan olunmasına baxmayaraq, 23.01.2017-ci il tarixdə istintaqda "ayaqüstü" peyda olan R.Əfəndiyev barəsində Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Əli Babayev tərəfindən "hansısa xüsusi müstəsna hallara" əsaslanılaraq həbs qətimkan tədbiri seçməmiş və sadəcə daha 3 ay sonra işin aidiyyəti üzrə Nərimanov RPİ-nə göndərilməsi ilə kifayətlənmişdir.
R.Əfəndiyev ona edilən növbəti müstəsna "humanist yanaşma"dan da məharətlə sui-istifadə edərək istintaqdan təkrarən gizləndiyi üçün onunla bağlı məcburən iş üzrə icraat dayandırılmış, qətişmkan tədbirinin şərtlərini kobudcasına pozmasına görə onun barəsində bir daha yenidən axtarış elan olunmuşdur.\28.05.2017-ci il tarixdə nəhayət ki, Nərimanov RPİ-nin 16-cı polis şöbəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində R.Əfəndiyev tutulmuş, 27.05.2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Göründüyü kimi, ibtidai istintaq zamanı AR CPM-nin 155.3-cü maddəsinə uyğun olaraq R.Əfəndiyev barəsində həbs qətimkan tədbiri seçilməsi zəruri olmasına baxmayaraq uzun müddət ərzində bu prosessual tədbir nədənsə görülməmiş, onun üçün əsassız olaraq rahat şərait yaradılmış, yalnız çoxsaylı şikayətlərdən sonra bu gecikdirilmiş prosessual addım atılmışdır.
2.Təqsirləndirilən şəxs R.Əfəndiyevin qismən etirafına və iş üzrə zərərçəkmiş şəxslərin ifadələrinə, işdə olan dəlillərə baxmayaraq ümumilikdə züsusi ilə külli miqdarda - 508900 AZN pulu talan eləmiş R.Əfəndiyevlə "Dərəçiçək" MTK-nın sahibi Rauf Əliyev arasında olan işbirliyi faktı ətraflı araşdırılmamış, MTK sahibi hər vasitə ilə bütün mümkün məsuliyyətə cəlb olunma imkanlarından açıqca yayındırılmış, R.Əfəndiyev tərəfindən zərərçəkmiş şəxslərin pullarının həmin MTK-ya sərmayə şəklində yatırılma dəlilləri ümumiyyətlə araşdırılmamış, "hansısa səbəbdən" sözügedən məsələ ilə bağlı sadəcə olaraq bu işdə maraqlı tərəf olan MTK sahibinin özünün ifadəsinin alınması ilə kifayətlənilmişdir. MTK ilə birgə işbirliyinin olması ilə bağlı məsələlər (R.Əfəndiyevin adına hətta MTK-dan 2 otaqlı mənzilin ayrılması və s.) aydınlaşdırılmamış, işdə iştirak edən şəxslər tərəfindən bu faktı bildiyi qeyd olunan, cinayət işi üzrə kimliyi dəqiqləşdirilməyən MTK əməkdaşı şahid kimi dindirilməmiş, istintaqdan yayındırılmışdır.
"Dərəçiçək" MTK-nın sahibi Rauf Əliyevin "mən pul ödənilmədiyi üçün həmin mənzilə maliyyə arayışı verməmişəm" ifadəsi ilə işdə iştirak edən şəxslərin "Rauf Əliyev tərəfindən maliyyə arayışı verilmişdir, amma daha sonra yalan bəhanə ilə təqsirləndirilən şəxs tərəfindən həmin arayış bizdən geri alınmışdır" ifadəsi, səs yazısı arasındakı ziddiyyətlər "naməlum" səbəblərdən diqqətdən kənarda saxlamnılmışdır.
"Dərəçiçək" MTK-nın sahibi Rauf Əliyevin R.Əfəndiyev vasitəsilə 10 il ərzində bir neçə mənzillərin satışını həyata keçirməsi və bu qarşılıqlı fəaliyyətləri ilə bağlı yaxın münasibətlərinin yaranması ilə bağlı etirafları ittiham aktında qeyd olunsa da, elə həmin ittiham aktının növbəti səhifəsində MTK sahibi bunun əksinə olaraq R.Əfəndiyevlə heç bir işbirliyinin olmaması barədə yalan ifadə vermiş və bu mühüm hüquqi amil diqqətdən kənarda saxlanılmış, "nədənsə" bu ziddiyyətli ifadələrlə bağlı üzləşdirmə aparılmamışdır. Belə ki, CPM-nin 235.1-ci maddəsində qeyd olunur ki, ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir.
Belə olan halda aşağıda qeyd olunan çox vacib suallar meydana çıxır və ən önəmlisi odur ki, bu suallar nə ibtidai istintaqda, nə də məhkəmə istintaqında "nədənsə" araşdırılmamışdır:
- Əgər R.Əfəndiyev mənim və digər zərərçəkmiş şəxslərin etibarını qazanaraq aldatma yolu ilə beş yüz min manatdan artıq pulu talamışdırsa, nəyə görə proses iştirakçılarının ifadələrində qeyd olunan "R.Əfəndiyev pullarını rəhbəri ilə yaxın münasibətdə olduğu "Dərəçiçək" MTK-ya yatırıbdır" məqamı araşdırılmamışdır?
- Əgər külli miqdarda olan qanunsuz talanmış bu pullar MTK-ya yatırılmayıbsa, bəs hara sərf olunmuşdur?
- Vətəndaşlara külli miqdarda maddi ziyan vurulması ilə nəticələnən, onların özlərini və ailələrini evsiz-eşiksiz, maddi təminatsız qoyan şəxsin bu qədər böyük məbləğdə pulu hara sərf etməsi niyə diqqətdən kənarda saxlanılmışdır? Axlı bu məbləğ elə kiçik məbləğ deyil ki, onun hansısa xırda məişət tələbatlarına xərcləndiyi iddia olunsun.
3. "Dərəçiçək" MTK-nın sahibi Rauf Əliyev barəsində mövcud olan çoxsaylı faktlar (R.Əfəndiyevin taladığı pulları R.Əfəndiyevə verməsi ilə bağlı səs yazısı olmasına, çoxlu sayda digər dəlillər olmasına baxmayaraq) nəzərə alınmayaraq, bu mühüm halların aydınlaşdırılması üçün Rauf Əliyevin məhkəməyə çağırılması ilə bağlı dəfələrlə məhkəmə istintaqında şifahi vəsatətlər verməyimizə rəğmən vəsatətlərimiz təmin olunmamışdır.
4. 16.08.2017-ci il tarixli ittiham aktında qeyd olunan mühüm əhəmiyyətli xüsusatlar nədənsə "Dərəçiçək" MTK-nın sahibi Rauf Əliyev barəsində icraat üzrə Nərimanov rayon Prokurorluğunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Asif Şıxəliyev tərəfindən nəzərə alınmamış və "cinayət işinin başlanılmasının rədd edilməsi haqqında" 10 noyabr 2017-ci il tarixli qərar qəbul olunmuşdur.
5. İttiham aktı tərtib olunarkən bu ittiham aktında gəlinən qənaətlərə zidd olaraq, təqsirləndirilən R.Əfəndiyev barəsində guya AR CM-nin 61-ci maddəsi üzrə cəzanı ağırlaşdıran hallların olmadığı qeyd olunmuşdur. Halbuki, cinayət işini aparan müstəntiqlər bilirdi və bilməli idi ki, cinayət işində təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran aşağıdakı hallar möpvcuddur:
- cinayətin törədilməsində xüsusi fəal iştirak etmə (CM-nin 61.1.4-cü maddəsi);
- cinayətin təqsirkar üçün aşkar surətdə qoca vəziyyətdə olan şəxsə qarşı törədilməsi (CM-nin 61.1.6-cı maddəsi);
- cinayətin müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə edilməklə törədilməsi (CM-nin 61.1.13-cü maddəsi).
Ağır Cinayətlər Məhkəməsi zərərçəkənlərinin bəzilərinin mülki iddiasını tam, bəzilərininkini isə qismən təmin etmişdir. İddiaların mənəvi zərərlə bağlı hissələrini isə çox aşağı həddə təımin etmişdir (Z.Qasımbəyovanın mənəvi zərərlə bağlı kompensasiya tələbi isə ümumiyyətlə təmin edilməmişdir).
Z.Qasımbəyova həmçinin yazır ki, apellyasiya məhkəməsində zərərçəkmiş kimi onların ərizə və vəsatətləri qəbul edilməyib, təqsirləndirilən şəxsin məcburən məhkəməyə gətirilməsi təmin olunmayıb: "Əksinə, məhkum R.Əfəndiyevin həbs müddəti prokurorun tələbi ilə əvvəlcə 6 ay, sonra isə daha 1 il 6 ay azaldılmışdır. Hər iki məhkəmədə zərərçəkmişlərin xeyrinə əhəmiyyətli iş görülməmişdir. Ağır Cinayətlər Məhkəməsində məhkum R.Əfəndiyev öz ifadəsində demişdi: "Mən borclarımı pulla on günə qaytara bilərəm, sonra isə borclarımı mənzillərlə də ödəyə bilərəm". Lakin, hakim buna tamamilə maraqsız yanaşdı, əhəmiyyət vermədi, dərinə də getmədi. Çünki marağı yox idi. Rauf Əliyev öz havadarlarına arxayın olduğu üçün heç məhkəməyə də gəlmədi, on görə də hər iki məhkəmə konveyer üsulu ilə, birtərəfli aparılırdı. Mən etiraz edib deyəndə ki, "oğrunu müdafiə edirsiniz, məni və nümayəndəmi məhkəmə zalından çıxarmaqla hədələdi. Məhkəmələr tərəfindən borcların qaytarılması istiqamətində bir addım belə atılmadı. Belə nəticə hasil oldu ki, hakimlərin zərərçəkmişlərin xeyrinə işləmək üçün maraqları yox idi..."
Yəqin ki vəkilin köməyi ilə yazdığı müraciətinin sonunda Z.Qasımbəyova xahiş edir: "Yuxarıda sadalanan çoxlu sayda hüquq pozuntularının mövcudluğunu nəzərə alaraq, ömrünün 50 ildən artıq müddətini dövlətinə şərəflə xidmətə həsr etmiş 84 yaşlı xəstə qoca qadın kimi mənə və ailəmə məxsus olan, dələduzluqla mənimsənilmiş külli miqdarda pulumuzun qaytarılması üçün başımıza gələn olayların qəzetiniz vasitəsilə ictimailəşdirilməsini, aidiyyati instansiya rəhbərlərinin diqqətinə çatdırmağınızı istəyirəm".

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq