Son dövrlər ölkəmizdə apardığınız kadr islahatları, məmur özbaşınalığına qarşı barışmaz mövqeyiniz hər bir Azərbaycan vətəndaşı kimi biz İmişli sakinlərini də sevindirir. Lakin hələ də bəzi məmurlar var ki, vətəndaşların hüquqlarını pozmaqda, vətəndaşları dövlətdən və hakimiyyətdən narazı salmağa yönəlmiş fəaliyyətlərini davam etdirməkdədirlər. İmişli rayonunda məhkəmə hakimiyyətini həyata keçirən hakim və məhkəmə işçilərinin qeyri-qanuni əməllərindən yüzlərlə vətəndaş əziyyət çəkir. İmişli rayon məhkəməsinin sədri, hakimləri və digər işçilərinin qanunsuz əməllərindən dəfələrlə Ədliyyə Nazirliyinə, Məhkəmə-Hüquq Şurasına və digər müvafiq qurumlara ünvanlanan şikayətlərin heç birinə qaneedici cavab verilmir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə aid olsa da, İmişli Məhkəməsinin yol verdiyi nöqsanlara və vətəndaşların haqlı şikayətlərinə göz yumulur, açıq-aşkar məhkəmə işçiləri, başda İmişli Məhkəməsinin sədri Qurban Hacıyev olmaqla müdafiə edilir. Həmin Qurban Hacıyev isə məhkəmə iclaslarında Hakimlərin Etik Davranış Kodeksinin tələblərini kobud şəkildə pozmaqdan zövq alır. Məhkəmə iclaslarında ədaləti yox, oliqarx məmurların maraqlarını təmsil edir. Hətta tabeliyində olan işçiləri şahid qismində yalandan vətəndaşların üzünə durğuzaraq günahsız vətəndaşları təqsirkar çıxarmaqdan belə çəkinmir. Vətəndaşların məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə şikayət etmək hüquqlarını məhdudlaşdırmaq məqsədi ilə məhkəmə qərarları çox vaxt vətəndaşlara verilmir. Özləri tərəfindən Elektron Məhkəmə Portalına yerləşdirilən elektron məhkəmə işləri bilinməyən səbəbdən portaldan silinərək itirilir. Məhkəmə işçilərindən bəziləri heç bir işə qəbul mexanizmindən keçməyərək kimlərinsə tapşırığı ilə işə qəbul olunurlar" - Bir qrup İmişli rayon sakininin Azərbaycan Respublikası Prezidentinə ünvanladıqları müraciətnamə bu sözlərlə başlayır.
Müraciət müəlliflərindən birinin - Seyidov Murad Ataş oğlunun 60 yaşı, 40 illik əmək stajı var. İşlədiyi zaman ərzində məktəb direktoru, icra nümayəndəsi, ayon icra hakimiyyətində böyük məsləhətçi, rayon təhsil şöbəsində metodist vəzifələrində çalışmışdır. Sovetlər dövründə deputat, müstəqillik dövründə bələdiyyə üzvü seçilmişdir. İşlədiyi kollektivlərdə dəfələrlə diplom, fəxri fərman, sertifikatlarla təltif olunmuşdur. Respublika mətbuatında mütəmadi olaraq yazıları dərc olunmuş, hekayə və povestlərin müəllifidir.
Yazır ki, AR Cinayət Məcəlləsinin 289.1-ci maddəsi ilə istintaq cəlb olunmuşdur. 11.08.2017-ci il tarixdə həyətinə oğru giribmiş, yaxalayıb dəmir dirəyə bağlayıbmış. Həmin iş üzrə Şahbazov Əfqan Əlqəmə oğlu CM-nin 29, 177.2.3 və 182.1 maddələri ilə ittiham olunaraq şübhəli şəxs qismində həbs edilib.
Sonra baş verənləri Murad müəllim belə şərh edir:
"06.12.2017-ci il tarixdə saat 12:30 radələrində İmişli RPŞ-nin müstəntiqi Etibar Cəbrayılov mənimlə telefon əlaqəsi saxlayıb bildirdi ki, Əfqan Şahbazovun polis şöbəsində saxlanılmasının 48 saatı bitir, ona görə də bacım oğlu Elşən Şəmmədlini də götürüb polis şöbəsinə gəlməyimizi xahiş etdi. Mən bacım oğlu Elşənə zəng etdikdə aydın oldu ki, Etibar Cəbrayılov Elşən Məmmədli ilə özü əlaqə saxlayaraq onu polis şöbəsinə dəvət edib.
Biz - Mən Murad Seyidov və Elşən Şəmmədli 06.12.2017-ci il tarixdə saat 15:30 radələrində müstəntiq Etibar Cəbrayılovla İmişli RPŞ-də onun kabinetində görüşdük. Müstəntiq E.Cəbrayılov Şahbazov Əfqanın 48 saat şübhəli şəxs qismində saxlama müddətinin sonu olduğunu, həbs qətimkan tədbiri seçilməsi üçün işin məhkəməyə getməli olduğunu bildirdi. Qeyd etdi ki, məhkəmə bunların adamıdır, Əfqanın qohumaları da məhkəmədə işləyirlər, ona görə də məhkəmə Əfqanı açıb buraxacaq. Əgər razı olsanız, əziyyəti biz çəkirik, Əfqanı biz zaminliyə buraxarıq, hörməti də biz qazanarıq, siz də böyük jest etmiş olarsınız. Bacım oğlu Elşən Əfqanın azadlıqda olmasının, onun və ailə üzvlərinin həyatı üçün təhlükəli olduğunu bildirərək müstəntiqin təklifi ilə razılaşmadı. Belə olduqda müstəntiq Elşənə həmin məzmunda bir ərizə yazdırdı və bildirdi ki, uzağa getməyin, buralarda olun, bir azdan həbs qətimkan barədə məhkəmə olacaq, Elşən də zərəçəkmiş şəxs qismində məhkəmədə iştirak etməlidir. Biz yaxınlıqda olan çay evinə getdik. Bir müddətdən sonra Etibar Cəbrayılov mənə zəng edərək bacım Seyidova Zümrüdün də məhkəmədə iştirakının vacib olduğunu bildirdi. Tez onu da götürüb məhkəməyə gəlməyimizi bildirdi. Bacım oğlu Elşən həmkəndlimiz Davudun maşını ilə Zümrüdü gətirmək üçün kəndə getdilər. Mən isə İmişli məhkəməsinin inzibati binasına getdim. Binanın qarşısında Xudiyev Əzizlə qarşılaşdım. Əziz məndən burad nə gəzdiyimi soruşdu. Mən məhkəmə olduğunu, Elşən və Zümrüdün də bir azdan gələcəyini bildirdim. Əziz bildirdi ki, onun da məhkəmədə işi var idi, ona görə də gəlmişdi, indi kəndə getmək istəyir, ancaq artıq gecdir, kəndə qayıtmaq üçün maşınım yoxdur, işiniz tez qurataracaqsa və maşınınızda yer varsa, mən də sizinlə gedərəm. Mən də bildirdim ki, hesabla məhkəmə çox uzun sürməyəcək, maşında da yer olacaq. Əziz yolun qarşı tərəfindəki çayçıda olacağını bildirdi. Mən məhkəmə binasına daxil oldum. Bu zaman Qurban Hacıyevin köməkçisi işləyən, təmənnasız ali məktəbə hazırlaşdırdığım keçmiş şagirdim Süleymanov Vüqar gələrək mənimlə görüşdü, Qurban Hacıyevin mənimlə danışmaq istədiyini bildirdi. Mən soruşdum ki, Qurban Hacıyev mənim burda olduğumu hardan bildi? Vüqar Süleymanov gülərək mənə bildirdi ki: "Ay müəllim, hansı zəmanədə yaşayırsan, məhkəməyə kim gəlir - kim gedir, hamısı içəridə monitorda görünür"
Mən onunla məhkəmə iclas zalına daxil oldum. Zalda bağlı şüşə arxasında təqsirləndirilən şəxs Şahbazov Əfqan, onu müşayiət edən iki konvoy polis var idi. Qurban Hacıyev iclas zalında var-gəl edirdi. Qurban Hacıyevlə söhbətimiz oldu. Qurban Hacıyev məndən bu işdə barışdırıcı mövqe tutmağımı istədi. Bildirdi ki: "Təqsirləndirilən Şahbazov Əfqanın qohumu Şahbaz Şahbazovla ("Nigar" klinikasının sahibi, həkim, iş adamı) yaxın münasibətim var, o da xahiş edib, Qulu Süleymanov da (Qurban Hacıyevlə tələbə yoldaşı, Vüqar Süleymanovun əmisi, Sabunçu rayon notariat kontorunun rəisi) xahiş edib. Əfqanın qohumları Şahbazov Abdulla və Süleymanov Vüqar məhkəmədə mənimlə işləyirlər, bütün bunlara görə də Əfqanı həbs edə bilməyəcəyəm, onu müdafiə edəcəyəm, imkanı olmayıb, sizə oğurluğa gəlib. Allah şükür, varınız var ki sizə oğurluğa gəlib. İki azyaşlı uşağı var, bəs nə ilə onları dolandırsın?"
Mən Qurban Hacıyevlə razılaşmadım və bildirdim ki, cənab hakim, qanun nəyi tələb edirsə, o tədbiri də görün. Biz şikayətimizi onsuz da geri götürməyəcəyik. Mən Qurban Hacıyevi eşitmədiyimə görə o, əsəbləşdi və bildirdi ki: "ərizənizi geri götürməsəniz, səni və bacın oğlunu müəllimlikdən sildirəjəm, ikinizi də basajam qoduxluğa". Mən ona cavab verdim ki, cənab hakim, xahiş edirəm təhqirə keçməyin, mən müəlliməm. Ulu Öndərin müəllimə böyük hörməti olduğunu xatırlatdıqda, Qurban Hacıyev qışqıra-qışqıra heç kimi tanımadığını, hakimi mütləq olduğunu bildirdi. "Bas bayıra!" - deyərək üstümə qışqırdı. Bundan sonra məhkəmə binasını tərk etdim. Pilləkənlərdə Elşən və Zümrüdün gəlməsini gözlədim. Saat 18:15 radələrində bacım oğlu Elşən və bacım Zümrüd gəldilər. Mən onlara məhkəmə iclasının başladığını, içəri keçmələrini bildirdim. Onlar məhkəmə binasına daxil oldular. Mühafizəçilər Elşən və Zümrüdün telefonlarını və çantalarını təhvil aldıqdan sonra Süleymanov Vüqarı çağırdılar. Vüqar gələrək onları məhkəmə iclas zalına apardı. Mən isə bayırda siqaret çəkməyə başladım. Bir azdan içəridə bərk səs-küy eşidib məhkəmə binasına daxil oldum. Telefonumu mühafizəçiyə verib dəhlizə keçdim. Bu zaman Elşənin iclas zalının qapısının ağzında dayandığını görüb ona yaxınlaşdım, təəccüblə niyə çöldə olduğunu soruşdum. Elşən, Qurban Hacıyevin onu zərərçəkmiş qismində tanımadığını və təhqir edərək çölə çıxardığını söylədi. Mən bu barədə məhkəmədən sonra müstəntiqlə danışacağımı bildirdim. Biz iclas zalının qapısının ağzında dayanaraq içəridə gedən prosesi açıq qapıdan izləyirdik. İclas zalında Qurban Hacıyev, İlqar Tapdıqov, Etibar Cəbrayılov, iki konvoy polisi, təqsirləndirilən Əfqan Şahbazov və zərəçəkmiş Zümrüd Seyidova var idi. Zümrüd başına gələn hadisəni danışırdı ki, elə bu zaman içəridə bərk hay-küy qopdu. Biz içəri baxanda Qurban Hacıyevin Zümrüdün üstünə qışqıraraq avqustun 11-də olan hadisəni danışmağı tələb etdiyini, Zümrüdün isə mənim həyətimdə baş verən hadisənin avqustun 10-da baş verdiyini, 11-də baş verən hadisəninsə Elşən müəllimin həyətində olduğunu, "o hadisənin şahidi və zərərçəkmiş şəxs Elşən müəllimdir, o hadisəni ondan soruşun, onu da çölə çıxardınız..." - dedikdə, Qurban Hacıyev üzünü müstəntiqə tutub: "Əə, bu nə sayıqlayır?" - deyə soruşdu və yenidən üzünü Zümrüdə tutaraq onu təhqir etməyə başladı. "Hayasızın biri hayasız! Məhkəməni çaşdırmaq istəyirsən? Mən bilmirəm səndən nə soruşuram?" - deyə üstünə qışqırdıqda, Zümrüd: "Cənab hakim, Siz Elşən müəllimin yoldaşı Zinharla məni qarışdırırsınız, mən Zinhar deyiləm, Zümrüdəm. Uşaq deyiləm, mənim üstümə qışqırmaqla çəni karıxdırmaq istəyirsiniz. Məni karıxdıra bilməzsiniz, xahiş edirəm, məni təhqir etməyin" - dedikdə, Qurban Hacıyev əlini qəzəblə masaya vurub ayağa qalxdı, həbs qətimkan tədbirini təmin etmədiyini, Şahbazov Əfqanı azadlığa buraxdığını söyləyərək üstdən geydiyi hakim xalatını (mantiyanı) çıxardıb masanın üstünə atdı, cins şalvarda və köynəkdə Zümrüdün üstünə tərəf yeridi. Zümrüd: "Cənab hakim, Əfqanı azadlığa buraxırsınız. Mən yaşadığım evdə tək qalıram. Bəs mənim təhlükəsizliyimi kim təmin edəcək? Xahiş edirəm, mənim təhlükəsizliyimi təmin edin" - dedikdə, Qurban Hacıyev: "Ay hayasız, mən sənin təhlükəsizliyinitəmin edənəm?" - deyə qışqıraraq, Zümrüdün üstünə hücum çəkdi. Bu zaman biz Zümrüd oturan tərəfdə tappıltı eşitdik, hiss etdik ki, onun təzyiqi qalxıb, özündən gedərək yıxılıb. Mən və bacım oğlu Elşən məhkəmə iclasının bitdiyini düşünərək Zümrüdə kömək etmək məqsədi ilə içəri girdikdə, Qurban Hacıyev bizi təhqir etməyə başladı: "Əə, sizə demədim basın bayıra?! Siz qapalı məhkəmə iclasına soxulubsunuz", özündə olmayan Zümrüdə: "Az artistlik et, hayasızın biri! Bu cür hərəkətlə məni aldadıb təzyiq etmək istəyirsiniz? Xəyalınız başqa məhkəmələrə getməsin, artistliklə onlara təzyiq edib nəyəsə nail olubsunuz. Mən sizi müəllimlikdən siləcəm" - dedi. Bu zaman biz Zümrüdü yerdən qaldırıb stulda oturtmuşduq. Elşən Zümrüdün yanında oturub onun üzünü yelləyirdi. Mən isə hakimdən xahiş etdim ki, təcili yardım çağırsın, Zümrüdə ilkin tibbi yardım göstərilsin, heç olmasa icazə verilsin ki, onu çölə çıxaraq hava vursun. Qurban Hacıyev məhkəmə zalında var-gəl edərək, bizi müəllimlikdən çıxaracağı ilə hədələyib bildirdi ki, Seyidova Zümrüd özünü artistliyə qoyub. "Onsuz da siz heç nəyə nail ola bilməyəcəksiniz, mənə Əfqanı müdafiə etmək tapşırılıb, mən burada onu müdafiə edirəm və edəcəm də", üzünü iclas zalında oturanlara tutaraq: "Qapını bağlayın, bu köpək uşaqları qaçmasın, bunları tutb içəri soxajam" - dedi. Bu zaman İlqar Tapdıqov gələrək qapını bağladı və qapının ağzında dayandı. Elşən onsuz da İmişlidə ən təhlükəsiz yerin polis nəzarətində həbsdə olduğunu bildirdi, qaçmaq fikrimizin olmadığını dedi, "ancaq xahiş edirəm, ailəmi də gətirin, onlar da mənim yanımda təhlükəsizlikdə olsunlar" - deyə müraciət etdi. Mən də stulda oturaraq: "Cənab hakim, bizi burada nüeçə saat saxlayacaqsınız, 48 saatmı? Ondan sonra boşlayacaqsınız daa. Bundan sonrası da var" - dedim.
Qurban Hacıyev bizi təhqir edə - edə iclas zalını tərk etdi. Təxminən 10-15 dəqiqədən sonra qayıdaraq, yenə bizi hədələdi, yenə də qapalı məhkəmə iclasına soxulduğumuzu bildirdi, bu barədə prokurora təqdimat yazacağını, o eşitməsə bizi özü cəzalandıracağını bildirdi. Biz ona məhkəmə iclasının bitdiyini, məhkəmə iclasının qapalı olduğunu bilmədiyimizi, Zümrüdə kömək etmək məqsədilə içəri girdiyimizi bildirdikdə, Qurban Hacıyev dedi: "Siz müəllim deyilsiniz, işiniz onu-bunu şərləməkdir". Üzünü İlqara tutaraq: "Bunlara çoxlu kağız-qələm ver, qoy hara istəyirlər yazsınlar. Mən heç kimdən qorxmuram, buranın yiyəsi mənəm, necə istəyirəmsə, elə də olmalıdır" - dedi. Elşən: "Cənab hakim, narahat olmayın, biz Azərbaycan Respublikasının vətəndaşı kimi hüquqlarımızı bilirik, yazmaq lazım olsa, qələmimiz də, kağızımız da var" - dedikdə Qurban Hacıyev qışqıraraq onun üstünə hücum çəkdi. Elşənin oturduğu yerdən qalxmadığını görüb yenidən söyə-söyə iclas zalını tərk etdi.
Biz məhkəmə zalında sakitcə oturub gözləyirdik. 15-20 dəqiqə keçmişdi ki, məhkəmə zalına Eşən Cəfərov və Ramil Ağasıyev daxil oldu. Elşən mənimlə görüşdü. Bacım oğlundan burda nə baş verdiyini soruşduqda, o, bildirdi ki, Qurban Hacıyev Azərbaycan Respublikasının qanunlarına məhəl qoymadan bizi təhqir edərək həbs edib. Bu zaman Qurban Hacıyev yenə məhkəmə iclas zalına daxil olaraq, humanist insan olduğunu, bizi bağışladığını və azad etdiyini bildirdi. Söylədi ki, çıxın gedin evinizə, səhər saat 11-də məhkəməyə gələrsiniz.
Biz qapıdan çıxarkən vəkil Yusif Nərimanov gəldi, qapıda qarşılaşdıq. Mənimlə görüşüb nə olduğunu soruşdu. Sonra üzünü İlqara tutaraq: "Görürsünüz, ağsaqqal olmayan yerdə nə vəziyyət yaranır? Bir iclasda olmamışam, gör nələr olub..." - dedi. Məhkəmə icraçısı Səlim Allahverdiyevi biz həmin gün məhkəmə binasında görməmişik, bizim yanımızda heç bir akt tərtib olunmayıb, o haqda heç bir söhbət belə getməyib.
Biz təxminən saat 20:00 radələrində məhkəmə binasını tərk edərək evə getdik. Səhəri gün saat 11-də Zümrüd məhkəmə iclas zalına daxil oldu. Biz çöldə gözlədik. 5 dəqiqədən sonra məhkəmə bitdi. Zümrüd bildirdi ki, heç nə olmadı, hakim içəri girib dünənki qərarı oxudu və Əfqanı azad etdi.
Həmin gün axşamüstü saat 5-də mən, bacım oğlu Elşən, bacım Asuda Şəmmədova və bacım Zümrüd Seyidova İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin qəbulunda olduq. Başçı bizi və Qurban Hacıyevi qəbul edərək barışdırdı. Qurban Hacıyev bildirdi ki, ağır bir gün keçirtdiyindən əsəbi olub. Ona görə də bizə qarşı aqressiv hərəkət edib. Mən də baş verən narahatçılığa görə yenə də üzr istəyərək öz müəllim etikamı nümayiş etdirdim. Biz ordan çıxıb evimizə getdik. Yalnız 18 yanvar 2018-ci il tarixdə bizi Ədliyyə Nazirliyinin istintaq şöbəsinə çağırdıqda bildik ki, bizdən akt tərtib edilərək haqqımızda cinayət işi açılıb. Ona qədər aktın tərtib olunmasından və barəmizdə cinayət işi açılmasından xəbərimiz olmayıb".
Beləliklə, zərərçəkmiş şəxslər Seyidova Zümrüd Ataş qızı və Şəmmədli Elşən Şükür oğlu, AR CM-nin 29, 177.2.2, 29, 177.2.3 və 182.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs Şahbazov Əfqan Əlqəmə oğlu barəsində "həbs" qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə İmişli rayon Məhkəməsinin 25 fevral 2018-ci il tarixli, 4(036)11/2018 saylı qərarından apellyasiya şikayəti vermişlər Şirvan Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməmişdir.
Həmçinin, Cəbrayıl rayon məhkəməsi 08 avqust 2018-ci il tarixli iclasında Seyidov Murad Ataş oğlununun CM-nin 289.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarda cərimə edilməsi, Şəmmədli Elşən Şükür oğlunun eyni əməli törətməkdə təqsirli sayılaraq, ona 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi barədə hökm çıxarmışdır. Lakin haqsızlıqla üzləşmiş bu ziyalılar ədalət uğrunda mücadilələrini yarımçıq qoymayacaqlarını bildirirlər.