Əkrəm Həsənov: "Azərbaycan tərəfi də deyə bilər ki, gəlin bu məsələni tam araşdıraq. Qarşı tərəf bundan imtina etsə, bu, əlbəttə ki, ağlabatan, vicdanlı hərəkət olmayacaq, bütövlükdə aparılan istintaqın obyektivliyini şübhə altına alacaq"
Hazırda Londonda ev dustaqlığında olan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva ilə bağlı proses davam edir. Onun Azərbaycana təhvil verilməsi, Azərbaycanın Beynəlxalq Bankından oğurlanan milyonlarla dolların ölkəyə qaytarılması məsələsi əsas müzakirə mövzularındandır. İttihamlara görə, Z.Hacıyeva Beynəlxalq Bankın 35 kartı ilə bankdan iri məbləğlərdə pullar çəkib və Londonda istədiyi kimi xərcləyib. Bu və digər məsələlərlə bağlı tanınmış hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrəndik.
Hüquqşünasın sözlərinə görə, Zamirə Hacıyeva "Banklar haqqında" Qanuna görə banka aidiyyəti olan şəxs hesab olunur:
- Zamirə Hacıyeva bank rəhbərliyinin yaxın qohumudur və buna görə də istənilən kreditin ona verilməsi üçün İdarə Heyətinin və Müşahidə Şurasının birgə qərarı olmalıdır. Belə qərarlar, böyük ehtimalla, olmayıb. Cahangir Hacıyevlə Müşahidə Şurasının münasibətlərini nəzərə aldıqda, başa düşürük ki, belə qərar verilə bilməzdi. Deməli, Zamirə Haciyevanın istifadəsində olan 35 ədəd Beynəlxalq bank kartı ona qanunsuz olaraq verilib. Hazırda həmin kartlar bloklanıb. Kartların bloklanması qaydası belədir ki, Bank bağlanan kredit müqaviləsinə xitam verir, kartlar bloklanaraq ləğv olunur. Böyük ehtimalla, Zamirə Hacıyeva bu gün həmin kartlardan istifadə edə bilmir. Əgər Beynəlxalq Bank bu günə qədər həmin kartları bloklamayıbsa, bunun özü də cinayətdir. Başqa ehtimal da budur ki, həmin kartlar kredit kartları deyil, debet kartları olub. Yəni Zamirə Hacıyevanın bankdakı hesabına pul qoyulub və o, debet kartlar vasitəsilə həmin pullardan istifadə edib. Əgər həmin debet kartdakı pullar bankdan kredit götürülməklə hesaba qoyulubsa, bu halda da bankın hüququ yaranır ki, həmin hesabdan pulları öz hesabına geri çəksin".
Azərbaycanlı müstəntiqlər Londona gedib orada Zamirə Hacıyevanı dindirə, sorğu-suala çəkə bilərlərmi?
Bu sala cavabında ekspert dedi ki, bu məsələ Azərbaycanla Böyük Britaniyanın qarşılıqlı münasibətlərindən asılıdır: "Prinsipcə, beynəlxalq münasibətlərdə belə imkanlar tanınır. Təbii ki, buna Böyük Britaniya tərəfi etiraz da edə bilər. Azərbaycan onlardan xahiş edə bilər ki, belə bir şərait yaratsınlar. Belə bir imkanın tanınmaması Böyük Britaniyada aparılan istintaqın qeyri-obyektivliyinə dəlalət edəcək. Buna görə də prinsipcə razılıq verməlidirlər. Eynilə bu işlə bağlı britaniyalı müstəntiqlər Azərbaycanda kimlərisə dindirmək istəsələr, onlara şərait yaradılmalıdır".
Əkrəm Həsənov deyir ki, bir neçə ay əvvəl oxşar müraciətlə Rusiya istintaqçıları Böyük Britaniya hüquqmühafizə orqanlarına müraciət ediblər: ""Skripal işi" üzrə Rusiyalı müstəntiqlərin Skiripal ailəsindən ata və qızı dindirmək, sorğulamaq üçün təşəbbüs göstərdilər. Böyük Britaniya tərəfi iddia edir ki, Skiripallar Rusiya xüsusi xidmət orqanları tərəfindən zəhərləniblər. Rusiya tərəfi bu iddianı rədd edir. Lakin Böyük Britaniya tərəfi qəti olaraq buna etiraz etdi və Skripalları bu gün də gizlədir, yerlərini kimsəyə demirlər. Zamirə Hacıyevanın işində vəziyyət bir qədər fərqlidir. Onun həyatına hər hansı bir təhlükə yoxdur. Azərbaycan tərəfi onun şəxsinə qarşı hər hansı bir ziyanverici addım atmayıb. Əksinə, o, Azərbaycanın dövlət bankının pullarını sağa-sola xərcləməkdə ittiham olunur. Yəni Azərbaycan tərəfinə Zamirə Hacıyevanın dindirilməsi imkanını məhdudlaşdıran, heçə endirən hər hansı bir səbəb yoxdur".
Zamirə Hacıyeva Londondan olan müstəntiqlərə deyib ki, mənim həmin pulların mənşəyi ilə bağlı hər hansı bir bilgim yoxdur, pullar həyat yoldaşımındır. Bu məqam mətbuatda Zamirə Hacıyevanın Cahangir Hacıyevə qarşı ifadə verməsi kimi dəyərləndirilib. Bu yanaşma doğrudurmu? Buna cavabında Ə.Həsənov dedi: "Zamirə Hacıyevanın belə bir ifadə verməsi, böyük ehtimalla, Cahangir Hacıyevin razılığı ilə baş tutub. Onsuz da Cahangir Hacıyev həbsdədir. Məşhur Azərbaycan filmində - "Qorxma, mən səninləyəm"də belə bir səhnə var; mərhum aktyorumuz Həsənağa Turabovun canlandırdığı Üçgöz Cəfər deyir ki, bilirsən, mənim nə qədər günahım var? Biri az, biri çox, fərq etməz. Yəni Cahangir Hacıyev üçün heç bir əhəmiyyəti yoxdur, 15 il cəza alıb, həbsdədir. Həyat yoldaşı üçünsə var. Zamirə Hacıyeva etiraf etsə ki, bəli, bu işlərdə iştirak etmişəm, əlbəttə ki, onu cinayət məsuliyyətinə cəlb edərlər. Zamirə Hacıyeva başqa cür ifadə verə bilməzdi. Heç bir yerdə işləməyən, heç bir fəaliyyətlə məşğul olmayan Zamirə Hacıyeva üçün ən optimal yol məhz həmin qaydada ifadə verməsidir. Başqa cür ifadə versəydi, qanunsuzluqda iştirak etməsini təsdiqləmiş olardı. Deməliydi ki, pullar ərimindir, özünün qanunsuzluqlarda iştirakını bununla təkzib etmiş olur. O da elə belə də ifadə verib. Zamirə Hacıyevanı belə bir ifadə verəndən sonra məsuliyyətə cəlb etmək olduqca çətindir. Deyəcək ki, bankda işləməmişəm, hər hansı bir sənəddə imzam yoxdur, qərar verən şəxs olmamışam. O deyəcək ki, həyat yoldaşımın hesaba yatırdığı pulları haradan aldığını bilmirəm. Zamirə Hacıyeva həmin ifadəni verməklə faktiki olaraq özünü xilas edib, Azərbaycan tərəfinin üzərinə böyük bir yük qoyub. Böyük Britaniya tərəfi deyəcək ki, Zamirə Hacıyeva pulların hesaba həyat yoldaşı tərəfindən yatırılması haqda ifadə verib. Prinsipcə, arvadın ərdən pul götürməsi cinayət deyil və Azərbaycan qanunlarına görə də bu belədir. Zamirə Hacıyeva deyir ki, pulun mənbəyi haqda məlumatsızdır. Azərbaycan tərəfi də Londona gedib sübut etməlidir ki, Cahangir Hacıyev həmin pulları qanunsuz olaraq əldə edib. Yəni London məhkəməsi, istintaqı Azərbaycandakı məhkəmə-istintaq deyil. Konkretliyə daha çox üstünlük verilir. Həmin pulların haradan, nə vaxt oğranılması haqda sübutlar, dəlillər ortaya qoyulmalıdır. Bu işə məsul olan, nəzarət etməli şəxslərin kimliyi, niyə bu işləri belə başdansovdu yanaşdıqları, hansı cəzaları aldıqları bir-bir aydınlaşdırılmalıdır. Azərbaycan dövlətinin bu işin sona çıxarılması istəyi ortadadır. Amma həmin pulların ələ keçirilməsində iştirak edən şəxslər buna mane olmağa çalışacaqlar. Bu halda Böyük Britaniya pulları Azərbaycana verməyə bilər. Azərbaycana sübut və dəlilləri ortaya qoymaq üçün Böyük Britaniya tərəfindən kifayət qədər - 2019-cu ilin iyununa qədər vaxt verilib.
"Cahangir Hacıyevin britaniyalı müstəntiqlər tərəfindən dindirilməsi realdırmı" sualına cavabında hüquqşünas dedi ki, Azərbaycan tərəfinin razılığı ilə Cahangir Hacıyevin dindirilməsi mümkündür: "Obyektiv araşdırma aparılması Böyük Britaniya və Azərbaycanın hüquq-mühafizə orqanlarının marağındadırsa, onların müstəntiqləri Azərbaycanda Cahangir Hacıyevi, azərbaycanlı müstəntiqlər Londonda Zamirə Hacıyevanı dindirməlidirlər. Böyük Britaniya üçün "İzahedilməmiş Sərvət Sərəncamı" (UWO) yenidir və həmin sərəncama əsasən ilk cəlb olunan da Zamirə Hacıyevadır. UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Azərbaycan tərəfi də deyə bilər ki, gəlin bu məsələni tam araşdıraq. Qarşı tərəf bundan imtina etsə, bu, əlbəttə ki, ağlabatan, vicdanlı hərəkət olmayacaq, bütövlükdə aparılan istintaqın obyektivliyini şübhə altına alacaq. Azərbaycan tərəfi əsaslı sübut və dəlillər təqdim etməsə, qarşı tərəf çıxıb deyəcək ki, təqsirsizlik prezumpsiyası var, siz heç bir əsas olmadan kimsəni mühakimə edə bilməzsiniz".
Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keytin və digər 2 vəkilin böyük qonorarlar qarşılığında xidmət göstərdikləri haqda məlumatlar var.
Bəs həmin qonorarların hesablanması qaydası və məbləği nə qədərdir?
Əkrəm Həsənov söylədi ki, Böyük Britaniyada vəkillər saathesabı qonorar alırlar: "1 saat üçün minimal məbləğ 400 funt sterlinqdən başlayıb 1000-1200 funt sterlinqə qədər ola bilər. Zamirə Hacıyevanın itini gəzdirən xanıma hər saat üçün 20 funt sterlinq ödəməsi haqda mətbuatda xəbərlər var. Bu da onu göstərir ki, xanım Hacıyevanın imkanları pis deyil. Böyük Britaniyada məhkəmə sistemi müstəqildir, ədalətlidir və müvafiq olaraq obyektivdir. Bu baxımdan da savadlı, işini bilən vəkillərin qonorarları da yüksəkdir. Çünki məhkəmənin verəcəyi qərar vəkildən çox asılıdır. Azərbaycanda isə belə deyil. Məhkəmələrin durumu göz qabağındadır".
Qeyd edək ki, Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda ev dustaqlığına buraxılıb. Qərar Ali Məhkəmənin iclasında qəbul edilib. O, 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb və evində nəzarət üçün elektron qurğu yerləşdirilib. Şərtlərə əsasən, xanım Hacıyeva saat 21:00 və 06:00 arası evdə olmalıdır və hər gün Çarinq-Kross polis bölməsinə hesabat verməlidir. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub.