19.10.2018-ci il. Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan 40-45 yaşlı kişi meyiti tapılır. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə apardıqları araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhəd Həsənov olduğu müəyyənləşdirilir. İstintaq və əməliyyat tədbirləri nəticəsində Əhəd Həsənovun Bayıl qəsəbəsindəki həmin evə oğurluq məqsədilə girdiyinə görə mənzilin sahibi Sakit Abdullayev və digər oğlu Faiq tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilir.
24.10.2018-ci il. Səbail rayonu, Yeni Salyan yolu 22 saylı binanın (Jurnalistlərin binası) 105 nömrəli mənzilinin giriş qapısının qarşısından Süleyman İsmayılbəyliyə məxsus 150 manat dəyərində velosiped oğurlanır. Həmin gün saat 22 radələrində həmin binada 131 nömrəli mənzildə yaşayan Müşfiq Ələsgərliyə məxsus 550 manat dəyərində “Wolf” markalı velosiped qapının qarşısından oğurlanır. Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq və oğurluğa cəhd maddələri ilə cinayət işi başlanılır. Binadan mütəmadi oğurluq edən şəxslər növbəti cəhdlərində ələ keçirlər. Noyabrın 26-sı gecə saat 01 radələrində 130 nömrəli mənzildə yaşayan Rəsmiyə Qarayevanın oğluna məxsus 225 manat dəyərində “Lada Sport” markalı velosipedi götürüb pilləkənlərlə aşağı düşürərkən binanın mühafizəçisi tərəfindən saxlanılırlar. İstintaq zamanı onların 1979-cu il təvəllüdlü Füzuli rayon sakini Kənan Orucov və tanışı Anar Şahbazov olduğu müəyyən edilir. Zərərçəkmiş şəxslərin hər üçü jurnalistdir.
25.12.2018-ci il. Səbail rayonu Bayıl qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsi sındırılaraq mənzildən dəyəri 9000 manat olan qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanır. Səbail Rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, Qaradağ rayon sakini Fuad Fərəcov saxlanılır. F.Fərəcovun ətrafında bölmə əməkdaşlarının keçirdikləri əlavə tədbirlərlə onun Səbail rayonu ərazisində müxtəlif vaxtlarda 14 mənzildən oğurluq etdiyi məlum olur. Saxlanılan şəxs ifadəsində mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığını bildirir.
03.02.2019-cu il. Səbail rayonu Z.Əliyeva küçəsi 29 ünvanında yerləşən iki mənzildən oğurluq edilir. Naməlum şəxs və ya şəxslər mənzillərə daxil olaraq ümumi dəyəri 30000 manat olan qızıl-zinət əşyaları, 2 ədəd televizor və noutbuk oğurlayırlar. Zərərçəkən ev sahiblərinin şikayəti əsasında Səbail Rayon Polis İdarəsi və 39-cu Polis Bölməsi əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərov saxlanılırlar.
29.05.2019-cu il. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 ABŞ dollarının oğurlandığını bildirirlər. Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova müəyyən edilərək saxlanılır.
Paytaxtın Səabil rayon Polis İdarəsi oğruların tutulması barəsində statistikanı ictimailəşdirərkən xəbəri bir qayda olaraq "məlumat daxil olan kimi...", "isti izlərlə...", "dərhal həyata keçirilən uurlu əməliyyat-axtarış tədbirləri nəticəsində..." sözlərini işlətməklə paylaşır. Amma bir oğru 14 dəfə "uğurlu əməliyyat" edib yalnız 15-ci cəhdində yaxalanırsa, bu, həm oğurluq hallarının artmasının, həm də buna qarşı mübarizə işinin qənaətbəxş səviyyədə aparılmamasının göstəricisidir.
Redaksiyamıza Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 5, mənzil 2 ünvanda yaşayan Səfərov Asim Zəhmət oğlunun ərizəsi daxil olmuşdur. Səfərov bildirir ki, 21.05.2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə səhər Hacıqabul rayonuna qonaq getmiş, təxminən axşam saat 21 radələrində evə qayıtmışdır. Mənzilə girərkən, pal-paltarın, məişət əşyalarının ətrafa səpələmiş halda olduğunu aşkar etmişdir.
Ərizədən oxuyuruq: "...Mən tez qızılların saxlandığı tərəfə qaçdım. Kostuyumun cibinə baxanda zinət əşyalarının orada olmadıını gördüm. Həmin dəqiqə "102" xidmətinə zəng vurub polisi məlumatlandırdım. Təxminən bir saatdan sonra polis gəlib ərizəmizi aldı. Ertəsi gün də polis idarəsinə gedib izahat verdik..."
A.Səfərov yazır ki, mənzilinə girən oğruları özləri aşkarlayıb polisə bildirmişdir: "Sonra həmin adamları, yəni, Nərminə Abbasovanı, Məzahiri, Səbinəni, Novruzu saxladılar. Nərminəni qolu qandallı halda mənzilimizə gətirib çəkiliş etdilər. Çəkliş zamanı heç bir sual-cavab olmadı, bizə susmağı göstəriş verdilər. Nərminə qızılları götürdüyünü boynuna aldı. Haradan, necə götürdüyünü də nümayiş etdirdi. Oğurladığı zinət əşyalarını adları çəkilən digər şəxslərin vasitəsilə satdığını da etiraf etdi..."
Zərərçəkənin KİV-ə üz tutmasının səbəbi isə oğruların kimliyinin müəyyənləşdirildiyi halda, onun sözlərinə görə Fariz adlı müstəntiqin faktı ört-basdır etməyə çalışmasıdır. A. Səfərov həmçinin bildirir ki, müstəntiq saxladığı şəxslərin oğurluq zinət əşyalarını və ya əşyaların dəyər ifadəsi olan pulu 48 saat ərzində ona qaytarmayacaqları halda işi sanksiya ilə prokurorluğa ötürəcəyini, prokurorluğun və məhkəmənin onlarla necə davranacağına cavabdeh olmayacağını deyib. Ərizəçinin sözlərinə görə, əlində bu qeyd olunanların sübutu kimi xidmət edəcək səs yazıları da vardır.
Mövzuya qayıdacağıq.
Korrupsiya-q.az