Azərbaycan İdeyası

“Mən atamı çox istəyirəm” - Şəhidin yas mərasimindən REPORTAJ

Tarix:14-02-2020, 13:55
Baxış Sayı:141



Dünən Qarabağ qazisi Qoşqar Hacıyevin üç mərasimi idi. Mərasim Bakıdakı Heydər məscidində keçirilirdi.
Q.Hacıyev 2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdı. Müalicəsi həm Bakıda, həm də Türkiyədə aparılsa da, uzun müddət komada qaldı. 2020-ci ilin fevralın 10-u axşam saatlarında vəziyyəti ağırlaşan qazi həkim müdaxilələrinə baxmayaraq, vəfat etdi.
Şəhidi yad etmək üçün məclisə gələnlərin “Allah rəhmət eləsin!” başsağlığına, qürurla “Vətən sağ olsun!” deyərək cavab verirdi şəhidin qardaşı İlqar Hacıyev.
Ağappaq saçını qara örpəklə örtən şəhidin anası Pəri Hacıyevaya yaxınlaşırıq. Bizi şux qarşılamağa çalışır. Oğlu şəhid olan analar övladları şəhid oldu deyə üzülmürlər, oğul itirirlər deyə üzülürlər... Pəri ana kimi. Bir də Qoşqarı görə bilməyəcəyini deyib ağlasa da, tez başını yuxarı qaldırıb, “mən onu görməsəm də, o məni hər gün görəcək” deyir.
Həmdərd olan şəhid yaxınları Pəri ananı tək qoymamışdılar. Ananın ətrafında şəhid anaları, şəhid yoldaşları cəm olmuşdu. Hamısı ilə bir-bir danışmaq istəyirdik, ancaq çətin idi şəhid anasının dilini söz tutması.
Şəhid Füzuli Salahovun anası Sevda xanım kimi, şəhid Ravil Novruzovun anası Nargilə xanım kimi, 2017-ci ildə Ağdamın Zəngişalı kəndində həlak olan Nahid Soltanovun anası kimi...
Ağır idi şəhid yoldaşının kövrəlmədən ömür-gününü bölüşdüyü insandan bəhs etməsi. Eyni ilə şəhid Xəqani Aslanovun həyat yoldaşı kimi. İki qaynının da (Vidadi Aslanov, Hasil Aslanov) şəhid olduğunu deyən xanım üç şəhid qardaşın şəklini göstərib susurdu.
Hərəsi bir köz yandırırdı ürəyinin tən ordasında. O köz ki, Xocalı faciəsində ölmüş anasından süd əmərkən donan Kübra Mahmudovanın buzunu “əridə” bilməmişdi hələ də. Elə Kübra xanım kimi həmin faciənin zərərçəkənlərindən biri olan Həmayil Xəlilova da burada idi.
Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, deputatlar Aydın Mirzəzadə, Aydın Hüseynov, Adil Əliyev də iştirak edirdi.
Qarabağ qaziləri və Aprel döyüşçüləri, ehtiyatda olan hərbçilər, şəhid valideynləri, şəhər sakinləri, mətbuat nümayəndələri də mərasimə qatılmışdılar.
“Üç gün əvvəl şəkil çəkdirmişdim dostum Abdulla ilə. Bu gün deyirəm ki, şəkli paylaşanda altında nə yazım? Deyir üç gün əvvəl soruşsaydın, fəxrlə deyərdim ki, qazi oğlu yaz. İndi fəxrlə deyirəm ki, şəhid oğlu yaz”.

Bunu şəhid oğlu Abdulla Hacızadənin dostu balaca İbrahim Şirinov deyir. Abdulla isə eyni sözləri təkrarlayır:

“Mən atamla fəxr edirəm, fəxr edirəm ki, şəhid oğluyam”.

Əmisi İlqar Hacıyevə yaxınlaşmaq istəyəndə tez yanıma gəlib çəkinə-çəkinə pıçıldayır:

- Olarmı ürəyimdən gələn bir söz də deyim?

- De, mənim balam.

- Mən atamı çox istəyirəm!

Deyib, sakitcə uzaqlaşır yanımdan...

Şəhidin qardaşlarına başsağlığı verib, mərasim zalını tərk edirik. Tərk etmədiyimiz isə Abdullahın son cümləsi idi...

<>

OXŞAR XƏBƏRLƏR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
Şərurda bir ailənin üç üzvünün öldüyü qəza ilə bağlı cinayət işi başlanılıb
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
BU GÜN,05.07.2025 CI İL TARİXDƏ SAAT 12:00 DA DÖVLƏT SƏVİYYƏSİNDƏ TƏDBİR KEÇİRİLDİ.
İlham Əliyev Malavi Prezidentini təbrik edib
İlham Əliyev Malavi Prezidentini təbrik edib