Azərbaycan İdeyası

Qazi baş redaktor: “Ölüm briqadasında idim!” — MÜSAHİBƏ

Tarix:6-01-2021, 15:29
Baxış Sayı:48


27 sentyabrda başlayan və 10 noyabrda qələbə ilə bitən Vətən Müharibəsində bəzi jurnalistlər də vardı. Söhbət Qarabağa jurnalist kimi deyil, döyüşçü kimi yollanan həmkarlarımızdan gedir.
Aznews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı da Vətənə xidmət etmək üçün səfərbər olanlar sırasında idi. O, Qarabağ müharibəsinə zabit kimi getmişdi.
Taleh Şahsuvarlı artıq ordudan tərxis olunub.
“Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuş Vətən Müharibəsinin iştirakçısı Taleh Şahsuvarlı Modern.az-ın suallarını cavablandırıb.
- Taleh bəy, cəbhədən nə zaman geri qayıtdınız?
- Əvvala Sizi və Modern.az-ın bütün kollektivini salamlayıram. Ötən il sentyabrın 29-dan, yəni müharibə başlayandan dərhal sonra zabit kimi orduya qatılmışdım. Dekabrın 28- də isə Müdafiə Nazirliyi tərəfindən tərxis olunmuşam və həmin gün Bakıya dönmüşəm. Çox şükür, indi evimdə, ailəmin içindəyəm. Hələ işə çıxmıram. Çünki müharibəyə getməzdən öncə bəzi xroniki səciyyəli sağlıq problemlərim vardı. Cəbhədə olduğum müddətdə iqlim şərtlərindən qaynaqlanaraq hər biri xeyli kəskinləşib, bəzi müalicə tələb edən əlavə hallar da özünü biruzə verib. Hazırda səhhətimi bərpa etməklə məşğulam.
- Müharibə sizə görə necə keçdi? Hansı istiqamətlərdə döyüşlərdə oldunuz?
- Müharibə mənə görə də elə müharibə olaraq keçdi. Sentyabrın 29-da qeydiyyatda olduğum Səfərbərlik Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən tamamlayıcı briqadaya göndərildim. Döyüşlər gedən zaman müəyyən itkilər- şəhidlər, yaralananlar olur. Ön cəbhədəki qüvvələri komplektləşdirmək üçün döyüşən bölmələr arxaya- tamamlayıcı briqadaya tələbnamə göndərir, itkilərin yeri doldurulur. Çox az müddətdə tamamlayıcı briqadada oldum, orada heç əməlli təlim keçməyə də imkan olmadı, çünki təhlükəsizlik səbəbindən tez-tez yer dəyişirdik. Oktyabrın əvvələrində ön cəbhəyə, döyüş bölgəsinə- Ağdama göndərildim. Bizim hərbi hissə “Ölüm briqadası” kimi tanınırdı. Çünki biz tamamlayıcı briqadadan ön cəbhəyə göndərilənə qədər düşmənin müdafiəsi bütün xəttlərdə yarılmışdı, bircə Ağdamdan başqa. Bizim hərbi hissə Ağdamın azad edilməsi üçün əsas tapşırıqları yerinə yetirilməli idi. Bu isə o demək idi ki, Ağdam kimi düşmənin istehkamlarının çox güclü olduğu bir zonada ermənilərin müdafəsinin yarılmasına məsul olan bir briqadanın həmlə əməliyyatından sağ qayıtmaq, salamat dönmək ehtimalı çox az idi. Prezidentin də Ağdamda dediyi kimi, çoxsaylı itkilər qaçılmaz olduğundan hücumu bizim arxamızca gələn başqa bölmələr başa çatdıracaqdı. Qısacası, briqadanın bütün şəxsi heyəti ölümün düz ovcunda idik, çünki Ağdam üç tərəfdən bizim mühasirəmizdə olsa da, arxasındakı yüksəkliklər ermənilərdə idi.
Bilirsiniz ki, Ağdam hücum əməliyyatı ilə azad edilmədi, ancaq Ali Baş Komandan tərəfindən açıqlandığı kimi, belə bir plan vardı. Odur ki, bütün müharibə dövründə Ağdam cəbhəsində, rayonun müxtəlif kəndlərində oldum. Fürsətdən istifadə edib demək istəyirəm ki, Ağdamda 44 gün boyunca çox şiddətli döyüşlər gedib, çünki orada düşmənin çox sayda şəxsi heyəti və texnikası cəmlənmişdi. Həm hücum əmrinə qədər o qüvvəyə zərbə vurmaq, həm də onların bir qisminin digər məntəqələrə göndərilməsini əngəlləmək üçün daim atəş altında qalmaları lazım idi.
- Azad olunmuş torpaqlara ilk dəfə ayaq basmaq necə hisdir?
- Biz orada son model telefonlardan istifadə edə bilmirdik, ancaq şəbəkə tutandan-tutana, sadə telofonlarla yaxınlarımızdan bilgi alırdıq. Dövlət başçısının azad edilmiş torpaqlarımız barədə verdiyi müjdələr qısa zamanda ön cəbhəyə də çatır, böyük ruh yüksəkliyi yaradırdı. Şuşanın azad edilməsi xəbəri isə demək olar ki, bütün şəxsi heyəti kövrəltdi, ağlatdı. Ancaq ordu mənsubunun bir özəlliyi var ki, onun üçün “azad olunmuş” yox, “azad etdiyi” torpaqlar var. Bizim bütün torpaqlar mənim də mənsubu, zabiti, bir döyüşçüsü olduğum müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilib. Çox sevinirəm ki, bu tarixi zəfərin qazanan Ordunun içində olmuşam. Düşməndən vahid komandanlığın hazırladığı mükəmməl plan əsasında, nizamlı qaydada, yüksək döyüş ruhu ilə bir Ordu olaraq azad etdiyimiz torpaqlara qədəm basarkən hərbçinin ilk işi ayağının altında mina qalmamasına diqqət etməkdir. Minaya rast gəlməyəndə, sevincin üstünə sevinc gəlir.
- Döyüş xatirələrinizdən nələr danışa bilərsiniz?
- Bu barədə danışmağı Müdafiə Nazirliyi bütün şəxsi heyətə yasaqlayıb. Hərbi sirlərin açılmaması üçün üzərimizə yazılı öhdəlik götürmüş, 5 il ərzində şəxsi heyət, texnika, əməliyyatlar barədə susacağımız barədə iltizam imzalamışıq. Amma bir xatirəmi təfsilata varmadan danışım ki, 3 gecə özüm də bilmədən sığınacaqda başımı qumbaranın üstünə qoyub yatmışam.
- Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə siz də “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmisiniz, həmçinin, hərbi rütbəniz artırılıb. Başqa təltiflər gözlənilirmi?
- Doğrusu, rütbəmin qaldırılacağından məlumatsız idim. Eyni zamanda, medalla təltif olunmağıma da xüsusi həvəs göstərməmişəm. Çünki mən, eləcə də Ordumuzun bütün şəxsi heyəti bu müharibəyə nə rütbə, nə də medal üçün gedib. Bizim ən böyük ödülümüz Ağdamdır, Şuşadır, Laçın, Kəlbəcər, düşmən tapdağından orduca, millətcə xilas etdiyimiz torpaqlardır. Bir məsələni də deyim ki, “Zəfər” Vətən Savaşında iştirak etmiş Jurnalistlər Birliyi yaratmağı planlaşdırırıq, hətta qurumu elan etmişik də. İkinci Qarabağ müharibəsində iştirak etmiş 30-a yaxın qazi həmkarımla birgə bir sıra layihələr gerçəkləşdirməyi düşünürəm.
- Cəbhə yoldaşlarınızdan şəhid və ya yaralanan oldumu?
- Çox təəsüf ki, həm şəhidlərimiz, həm də yaralananlarımız oldu. O cümlədən səfərbərlikdən cəlb olunmuş əsgər və zabitlərimiz arasından da itki verdik. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. İcazə verin, bu barədə geniş danışmayım, dediyim kimi, üzərimizdə hərbi sirləri açmamaqla bağlı öhdəlik var. Sadəcə, xalqımızın bir həqiqəti bilməsini istəyirəm ki, 44 günlük savaşda ölüm Azərbaycan əsgəri, giziri, zabiti üçün qorxu mənbəyi deyildi. Hətta bizim bəzi hərbçilərimiz olub ki, əsir düşməmək üçün özünü vurub. Millətimiz var olduqca, bəzən hətta yaralı-yaralı düşmən üstünə gedən öz qəhrəman oğulları ilə fəxr etməlidir və edir də...
Xüsusən, Şuşanın alınmasında iştirak edən oğulların hər biri bir roman, film qəhrəmanı olacaq qədər möhtəşəm şücaət, rəşadət göstəriblər. İnanın, o cür döyüşçülər dura-dura, Füzulidən Laçına qədər irəliləyən uşaqlar qala-qala, mən müsahibə verməyi belə doğru hesab eləmirəm, amma gənc bir həmkarım kimi sizi qırmaq istəmədiyim üçün bu söhbətə razılaşdım.
- Bəs bir jurnalist olaraq döyüşdə yaşadıqlarınızı, xatirələrinizi qələmə alacaqsınız?
- Əslində, çox yaxşı olardı ki, mən də, mənim kimi yaşı irəliləmiş bir çox həmkarım da müharibədə hərbi jurnalist kimi iştirak edəydik. Çünki biz bir millət olaraq yenə tarix yaratdıq, amma tarixi qələmə almadıq. Sualınıza gəlincə, bir roman yazmaq istəyirəm, amma bu, gələcəyin işidir.
- Geri döndüyünüz zaman ailəniz necə qarşıladı sizi?
- Tərxis olunduğum gün oğlum qardaşımla birgə birbaşa Ağdama gəlmişdi, nizami bölmənin yerləşdiyi, yəni tərxis sənədlərini götürdüyümüz hərbi hissənin darvazasında qarşıladı məni. Bu həm də ona görə maraqlı epizod oldu ki, adətən atalar Ordudan gələn oğullarını qarşılayır, amma indi tərsinə oldu, oğul atanı qarşıladı. Digər ailə üzvlərim isə Bakıda idi, evə axşam saatlarında çatdım. Süfrə açmış, tort sifariş etmişdilər. Bəzi həmkarlarım da gözaydınlığına gəldi, süfrə arxasında qələbəni qeyd etdik.
- Siz müharibədə olarkən həm də jurnalist fəaliyyətinizə görə Binəqədi rayon Məhkəməsindən keçmiş vəkil Aslan İsmaylov tərəfindən verilmiş iddia ərizəsi əsasında çağırış almısınız. Bu barədə nə deyə bilərsiniz?
- Düzü, bu məsələni hələ tam araşdırmamışam ki, vətən uğrunda müharibədə iştirak edə-edə mənə hansı əsasla çağırış göndərilib. Çünki həmin iddia ərizəsinə Binəqədidə yox, mənim daimi qeydiyyatda olduğum, o cümlədən baş redaktoru olduğum saytın rəsmi ünvanının yerləşdiyi Bərdədə baxılmalı idi. Bütün hallarda, belə bir çağırışın gəlməsi vətənə, dövlətə, Orduya qarşı rəzalətdir, həqarətdir. Bu prosesin Binəqədidə, özü də savaşın ən qızğın vaxtlarında bərpa olunması Anadolu türkləri demiş, çox “manidar”dır. Mən jurnalist kimi erməni diasporunun nümayəndəsi Kristina Puşaunun Azərbaycanla bağlı planlarını, layihələrini ifşa etmişdim. Belə başa düşürəm ki, erməni diasporu mənim Orduda, ön cəbhədə olmağımdan daha da qəzəblənib, savaş gedə-gedə bir zabiti bizim məhkəmələrin əli ilə cəzalandırmaq istəyib. Bütün hallarda, yaxın günlərdə vəkilimdən xahiş edəcəm ki, proseslə maraqlansın, sənədləri alsın. O ki, qaldı məlum iddiaçıya, onun adını çəkməyi belə artıq özümə rəva bilmirəm. Çünki bir nəfər ki, camaatın qarın içindəki, şaxtanın qabağındakı əsgər balasını “sauna” tələb etməkdə suçlaya, amma özü iki oğlunu səfərbərlikdən yayındıra, Puşuanın tumanın altında gizlədə, üstəlik, heç bir əndazə gözləmədən xalqın gözünə kül üfürmək üçün yalandan götürüb yaza ki, bəs, oğlum müharibədədir, qələbədən sonra harada olduğunu yazacam, beləsini ciddiyə almağa dəyməz.
Qələbə qazanıldı, zabitlərin, əsgərlərin çoxu evinə dönüb, bəs nə oldu, niyə açıqlamırsan oğlunun yerini? Bütün sosial şəbəkə əhli soruşur, üzünə vurur ağ yalanını, niyə cavab vermirsən, sözü dəyişirsən? Bax, onun ən böyük cəzası gec-tez üstü açılan yalanları, cırılan maskası, ocağındakı vətən təəssübündən, milli qeyrətdən məhrum iki fəraridir. Bəli, bu savaş dillərdən düşməyəcək, hər zaman danışılacaq, müzakirə olunacaq. Erməni diaspor fəalı Kristina Puşuanın mənə qarşı iddiasını öz adından Binəqədi Məhkəməsinə təqdim etmiş şəxs isə bir ömür boyu bu müharibədən danışanda özünün yox, özgənin oğulları ilə fəxr etməli olacaq. Hərçənd ürəyinin dərinliyində belə bir fəxarət hissi keçirəcəyinə də inanmıram. Keçirən tip olsaydı, savaşın qızğın günlərində Azərbaycana, Ordumuza qarşı qara propoqanda aparan erməni mediasının manşetlərinə çıxacaq cəfəngiyyatlar yaymazdı.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür