Cüzi kapitallı şirkətlər (hərəsi 10 manat) dövlət strukturlarının tender və kotirovkalarında iştirak edir və “qalib” gəlirlər. Müqavilələr müxtəlif tədbirlərin təşkili, mal və işlərin satın alınmasını əhatə edir. Nə tender komissiyaları, nə Satınalmalar üzrə Dövlət Agentliyi rəsmi məlumata görə, zəruri kadr potensialı olmayan şirkətlərin külli miqdarda dövlət vəsaitlərini talan etməsini “sezmir”.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bir günlük şirkətlər virtual büdcə xərclərini, məsələn, təmir-tikinti işlərini sənədləşdirmək üçün yaradılır. Büdcə işlərində, xüsusən ƏDV mənimsəmək üçün belə şirkətlərdən istifadə adi hadisədir.
Digər ekspert Rövşən Ağayev hesab edir ki, belə şirkətlər korrupsiya mexanizmləri vasitəsilə yuyulan dövlət vəsaitlərinin izini itirmək üçündür: “Sazişlər belə şirkətlərin adına rəsmiləşdirilir, nağdlaşdırma əməliyyatı aparıb həmin vəsaitlərin müəyyən hissəsini mənimsəyib, qısa müddət sonra həmin müəssisələri bağlayırlar. Bu, ictimai vəsaitləri oğurlamağın klassik üsullarından biridir. Vergi yoxlaması, Hesablama Palatasının auditi gəlmədən yoxa çıxırlar”.
Bu MMC-lərin yaranması məmurların korrupsiya maraqlarına xidmət edir. Məsələn, MMC yaradılır, qeydiyyatdan keçir, bir neçə dəfə maliyyə əməliyyatı (əksər hallarda şübhəli maliyyə əməliyyatı) aparır, sonra qapadılır. Hətta bəzən gələcəkdə məsuliyyətdən yayınmaq üçün audit yoxlaması da aparılır. Yəni müstəqil auditor rəyi olur ki, müəssisədəki maliyyə əməliyyatları qanunsuzluq olmayıb, vergilər vaxtı-vaxtında ödənilib və s. Ölkənin biznes mühitində bu MMC-lərin rol oynamamasını rəsmi statistika da təsdiqləyir.
Beləliklə, bəlli olur ki, qeydiyyatın sadələşməsindən istifadə edən işbazlar şübhəli əməliyyatlarını gerçəkləşdirmək və izi itirmək üçün “MMC kolleksiyaları” yığmağa başlayıblar. Ancaq qeydiyyata alınan MMC-lərin sayı barədə həvəslə danışan rəsmi statistika ləğv edilmiş şirkətlər barədə heç bir rəsmi məlumat vermir. Görünür, bu barədə məlumatların MMC-lərin sayının sürətlə artması kimi pozitiv xəbərə neqativ fon verəcəyi üçün rəsmi statistika susmaq qərarına gəlib.
Şabran rayonu, Xəlilli kəndində qeydiyyatda olan və yaşayan Məmmədov Eldar Nadirşah oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək bildirir ki, 2021-ci ilin iyun ayında Bakı şəhərində dəmirçi işlədiyi tikinti şirkətində ciddi ehtiyacı olduğu üçün iş yoldaşı Caviddən yüz manat borc istəyib. Cavid onu tanımadığı adamın yanına aparıb. Əvvəlcə onu telefon mağazasına apararaq adına sim nömrə alıblar. Nömrəni təsdiqlətmək üçün notariat ofisinə gətiriblər, başı çıxmadığı sənədlərə qol çəkdiriblər. Axırda ona 100 (bir yüz) AZN pul veriblər və aldıqları mobil telefon nömrəsini də gözünün qabağında sındırıb atıblar. Cavid onu əmin edib ki, nömrə ilə bağlı heç bir problem olmayacaq.
Eldar maaşını alanda Cavidə borc aldığı yüz manat pulu geri qaytarmaq istəyib, amma Cavid “lazım deyil” deyib pulu götürməyib. Bundan sonra Eldar paytaxtdan rayona qayıdıb. 2022-ci il iyul ayının 26-da ona Baş prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi zəng edib və bildirib ki, onun adına iki şirkət var. İyulun 28-də Eldar həmin müstəntiqin qəbuluna gedib və adına iki şirkət açıldığından xəbəri olmadığını deyib. 2023-cü il yanvar ayının 23-də isə onun yaşadığı ünvana İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin idarə edilməsi idarəsindən poçtla xəbərdarlıq gəlib: adına qeydiyyatdan keçmiş “NEMO FRUİT” MMC-nin 205679.38 manat vergi borcu xatırladılıb. 2024-cü il yanvarın 8-də Bakı şəhəri Nizami rayon məhkəməsində keçirilən iclasda Eldar Məmmədova məlum olub ki, onun adına qeydiyyatdan keçirilmiş ikinci müəssisə olan “FRUİT LAYM” MMC tərəfindən Azərbaycan Beynəlxalq Bank” ASC-dəki bank hesabından 01.12.2021-ci il tarixdə 222548.20 ABŞ dolları məbləğində xarici ölkəyə pul köçürlüb. Həmin məbləğin 33551.60 ABŞ dolları hissəsi hesabəna alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Məhkəməyə onu Dövlət Vergi Xidmətinin Vegi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsindən çağırıblarnış.
Eldar Məmmədov bildirib ki, ailəlidir, iki övladı var, kənddə yaşayır, işləmir, heç bir pul vəsaiti, maddi imkanı yoxdur, çətinliklə dolanır. Onun adından çevrilən işlərdən də xəbərsizdir. Məhkəmə qərar verərək 33551.60 ABŞ dolları məbləğin 20%-lik hissəsinin 6711.00 ABŞ dollarını inzibati cərimə kimi təyin etmişdir. Odur ki, əlaqədar qurumlardan adına açılan müəssisələrin bağlanmasında ona köməklik göstərilməsini xahiş edir. Görünən odur ki, vətəndaş heç onun adına açılmış elektron imza ilı qeydiyyatdan keçirilmiş hüquqi şəxsləri ləğv etdirməyin prosedurlarını da bilmir.
Əlbəttə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsindən Eldar Məmmədovun aldadılaraq adına müəssisələr açılması ilə bağlı müraciətinə verilən 27.04.2023-cü il saylı cavab məktubuna inansaq, onun müraciəti baxılması üçün Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə göndərilib. Bu halda onun adına olan müəssisələrin qeydiyyatı həmən ləğv edilmiş olmalıydı (hələ də saxlanılması artıq Vergi Xidmətinin passivinə yazılmalıdır). Qəribə burasıdır ki, Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 2023-cü ilin fevral və may aylarında Eldar Məmmədova yazdığı cavab məktublarında ümumi, o cümlədən vergi və digər borcları xatırladılır. Məktublardan aydın görünür ki, üç ay ərzində “NEMO FRUİT” MMC-nin fəaliyyəti olmasa da, birinci məktubdakına nisbətən ikinci məktubda ümumi borcu təxminən 20000 manat artqı göstərilir. Bu fərqi isə yalnız əsas hissəsi yerində qalan 174967.43 vergi borcuna görə aybaay hesablanan faizlər təşkil edir.
Eldar Məmmədovun ərizəyə qoşma edərək redaksiyaya təqdim etdiyi sənəd surətlərindən biri də guya onun “NEMO FRUT” MMC adından 5 illiyə notarial qaydada Talışinski Rövşən Nurəddin oğluna verdiyi etibarnamədir. İnanmaq istəyirik ki, Baş Prokurorluq və Nizami rayon Məhkəməsi Rövşən Talışinskininin kimliyini və başqa cinayətlərdə əlinin olub-olmamasını obyektiv araşdıracaq.
Bir sıra hallarda vətəndaşlar onlara məxsus olan elektron imzaları digər şəxslərə verməklə cinayətkar fəaliyyəti həyata keçirən şəxslər üçün vergidən yayınmağa şərait yaradırlar. Baş İdarənin icraatında olan bəzi işlərin istintaqı zamanı məlum olub ki, vergiləri ödəməkdən yayınmış müəssisələrin rəhbərlərinin və ya fərdi sahibkarların həmin sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.
Ötən ilin noyabr ayında mətbuata müsahibə verən Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini Elşad Mirsalamov başqalarının adına şirkət təsis edilməsi zamanı insanların biliksizliyindən və ya digər istəklərindən istifadə edildiyini söyləyib:
“Vətəndaşların bu sahədə biliksizliyindən istifadə edən şəxslər müxtəlif yalan vədlərlə, məsələn işəgötürmə, pensiya və ya müavinət düzəltmə, yaxud da kiçik məbləğdə pul ödəməklə onların adlarına elektron imzalar əldə edirlər. Bu imzalar vasitəsilə müəssisələr təsis olunur və VÖEN alırlar. Şirkət təsis edildikdən dərhal sonra isə qısa zaman kəsiyində müxtəlif maliyyə əməliyyatları həyata keçirilir və həmin əməliyyatlara görə yaranan vergi öhdəliyini isə yerinə yetirmirlər”.
Mövcud vəziyyəti nəzərə alaraq Dövlət Vergi Xidməti başqalarının adına, onların razılığı olmadan şirkət açılmasının qarşısını alacaq. Bu məqsədlə dövlət qurumu daha təhlükəsiz qeydiyyat sistemi yaradacaq. Elektron qeydiyyat biometrik eyniləşdirmə, yəni üztanıma vasitəsilə həyata keçiriləcək.
Bununla bağlı artıq layihə hazırlanıb və hazırda test mərhələsindədir. Bu yeniliyin tətbiqindən sonra şəxsin adına özünün iştirakı olmadan şirkət yaratmaq mümkün olmayacaq.
X.Ə. Quliyeva.
[xfgiven_embed] [/xfgiven_embed]
[xfgiven_youtube][/xfgiven_youtube]