İnsan hüquqlarının qorunmasında mühüm komponentlərdən biri də əmək hüquqlarının müdafiəsidir. Azərbaycanda müstəqilliyimiz dövründə əməyin mühafizəsi sahəsində xeyli tədbirlər görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və onun regional bölmələri tərəfindən mütəmadi olaraq ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda əməyin mühafizəsinə dair izahat-maarifləndirmə xarakterli tədbirlər keçirilir. Milli qanunvericiliyin əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsini “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır” müddəası təşkil edir. 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 33 maddəsi məhz əməyin mühafizəsinin norma, qayda və prinsiplərini, hüquqi, təşkilati, texniki, maliyyə təminatı məsələlərini əhatə edir. Azərbaycan Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyasını qəbul edib və onlardan 21-i əməyin mühafizəsi və təhlükəsizliyinə aiddir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli Fərmanı tikinti sektorunda, ümumən digər iş sahələrində əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının təmin olunmasında mühüm addım oub. 1997-ci ildə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi yaradılıb. 1999-cu ildə isə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib.
Respublikada işçi hüquqlarının təminatına, o cümlədən əməyin mühafizəsi standartlarının tətbiqinə dövlət nəzarəti son vaxtlarda xeyli gücləndirilib. Vaxtaşırı olaraq həyata keçirilən dövlət nəzarəti zamanı əmək qanunvericiliyinin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə cərimələr tətbiq olunur, Əsas məqsəd ondan ibarətdir ki, işəgötürənlərdə əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi insanların əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissi artırılsın. Bununla yanaşı, işəgötürənlər arasında müvafiq məlumatlandırma işləri də aparılır. Onlarla birgə tədbirlər keçirilir və qanunvericiliyin tələbləri onlara izah olunur.Amma bütün bu tədbirlərə baxmayaraq, sahibkarlar tərəfindən işçilərin əmək hüquqlarının pozulması halları qalmaqdadır. Bu kimi neqativ hallarla bağlı şikayətlər KİV müstəvisinə də çıxır.
Qurbanov Vüsal Elman oğlu 20 avqust 1992-ci il tarixdə Beyləqan rayonunun Bahar qəsəbəsində anadan olub. Vətən müharibəsinin iştirakçısıdır. “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, “Rahat” market şəbəkəsində əmək qanunvericiliyinin tələblərinun pozulması ilə müşayiət olunan hüquqpozmalara məruz qaldığını bildirmişdir:
“Bu il yanvarın 13-dən fevralın 20-dək “Rahat Market” ticarət şəbəkəsinin “Bakıdakı “Neftçilər – 2” filialında ət sektorunda qəssab işləmişəm. Filial müdiri Elvin İsgəndərov mənə müqavilə üzrə fiksə olunan 700 (yeddi yüz) manat maaş, aylıq 250 (iki yüz əlli) manat bonus və əlavə saatlar üçün faizlər vəd edib. İşə başlayandan şənbə-bazar günləri də daxil olmaqla, hər gün normadan bir neçə saat artıq, 13-14 saat çalışmışam. Mənimlə eyni növbəyə çıxmalı olan digər qəssab isə öz adamları olduğuna görə onun işə davamiyyəti zəif olsa da, ona məndən çox maaş yazılıb. İki yerdə işləyirdi, bura bir saat gəlib, başın qatıb gedirdi. Tək işləmək ağır olduğuna görə və maaşımın azlığından şikayətləndiyimdə daha ağır şərait yaradıblar ki, bezim, işdən çıxım. Mən də öz istəyimlə işdən çıxmaq qərarına gəldim. Dərhal mənim yerimə iki nəfər təzə işçi götürdülər. Amma mənim maaş kartıma yanvar ayı üçün cəmi 303 (üç yüz üç) manat pul köçürülüb və əlavə olaraq 193 (bir yüz doxsan üç) manat nağd şəkildə verilib. Maaşın az göstərilməsi və əlavə paket verilməsi bütün şəbəkə üzrə tətbiq olunur və bu, vergidən və sosial sığorta ödənişindən yayınmaq üçündür. İşçilərə hətta naharda xörək də verilmir. Mən işə qəbul olunanda cibimdə özümün xeyli pulum vardı, işlədiyim dövrdə onu da xərcləyib qurtarmışam. Əmək haqqımın qalan hissəsini tələb etmək üçün satış müdiri Əli müəllimə zəng vurdum. İlk söhbətimizdə o, “hesablama üzrə sənə nə qədər pul düşür, o qədər də ödənilib” – deməklə kifayətləndi və söhbəti tamamladı. Mənə fevral ayında işlədiyimin pulunu, hər iki ayda işlədiyim artıq günlərin və saatların pulunu vermir, portaldan da adımı çıxarmırlar. Sonra mərkəzi ofisin kadrlar şöbəsindən öyrəndim ki, mənim aylıq maaşım 700 deyil, 500 manatla hesablanıb. Yenidən Əli müəllimə zəng vurub eşitdiklərimi danışdım. Mənə yalnız pulumun qalığının nə vaxt ödəniləcəyi barədə əlavə məlumat veriləcəyini vəd etdi. Onlar məni aldadırlar. Ertəsi gün isə mağazaya gedib Əli müəllimlə üzbəüz görüşdüm. Mənə “get, hara, kimə şikayət edirsən, et” deyərək, az qala əlbəyaxaya çıxaraq marketdən çıxmağımı tələb etdi.
Bəlli olur ki, “Rahat Market” şəbəkəsi təkcə istehlakçıların deyil, öz işçilərinin də hüquqlarını pozur, gəlirlərini vergidən gizlədir, sosial sığorta ödənişlərindən yayınır, işçilərlə qismən nağdsız, qismən də nağd hesablaşır.
Xatırladaq ki, 2020-ci ilin mart ayının 31-də "Rahat” supermarketin Nərimanov metrosu yaxınlığındakı mağazasının işçisi İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevlə mübahisə edərək, onu bıçaqlamışdı. Ümid edirik ki, aidiyyəti orqanlar bizim ictimailəşdirdiyimiz mübahisəyə vaxtında, yəni, əlbəyaxa döyüşə çevrilməsini gözləmədən müdaxilə edəcək, obyektiv həllinə nail olacaqlar.
X.Ə.Quliyeva.
[xfgiven_embed] [/xfgiven_embed]
[xfgiven_youtube][/xfgiven_youtube]