Azərbaycan İdeyası

Ər uşaqlarını qonşu ölkəyə qaçıran xəyanətkar qadınından geri almaq üçün kömək istəyir

Tarix:7-03-2024, 17:02
Baxış Sayı:157

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.Mirələkbər küçəsi, ev – 40 ünvanda qeydiyyatda olan Azər Ağa oğlu Ağayev iki ali təhsillidir, elmlər namizədidir, Həcc ziyarətində olub. Arvadı tərəfindən xəyanətə məruz qalan bu Azərbaycan ziyalısı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, başına detektiv filmlərdəki kimi bir hadisənin gəldiyini bildirib:
“Mən Sizi İrandan narahat edirəm. Məndə mühüm məlumat var. 4 övladımın və özümün həyatımız İranda təhlükədədir. Təcili kömək lazımdır. Həyatım bərbad olub. 4 övladımı İran İslam Respublikasından tələb edirəm. Döymədiyim qapı qalmayıb. Yüzlərlə məktub yazmağıma baxmayaraq, heç bir nəticə əldə edə bilmirəm. İran dövlətində qaranlıq işlərlə məşğul olan insanlar övladlarımı vətənə qaytarmaqda mənə mane olurlar. Belə ki, Xalidə Mehbalıyeva hələ mənimlə nikahda olarkən, Cəfər Babayevlə Facebook sosial şəbəkəsi üzərindən tanış olurlar, mənimlə bir evdə yaşaya-yaşaya Cəfər Babayevlə mesajlaşır. Sonradan Cəfər Babayev onu başa salır ki, evdə bir söz-söhbət, dava-dalaş salsın, acıq eləsin, çıxıb evdən getsin anası evinə, orada rahat münasibətlərini davam etdirsinlər. Xalidə də belə edir, ailədə yersiz söz-söhbət, dava – dalaş salırdı. Bir gün məni yatmış halda qoyub, gizlincə uşaqları götürüb evdən çıxır. Rəhmətlik atam nə qədər arxasınca getsə də, gəlmir. Anam, bacım, özüm dəfələrlə arxasınca getsək də gəmir. Sonradan Cəfər Babayev onu başa salır ki, “Xalidə, gəl, İrana qaçaq, burada ərin bizi görə bilir”. Xalidə razılaşır, ərindən gizlin dörd övladımı da götürüb məndən xəlvət ölkədən qaçır. Mən bundan xəbər tutan kimi dərhal İrana getdim. Amma o zaman Xalidə Mehbalıyevanın Cəfər Babayevin münasibətinin olması haqda məlumatım yox idi. 2021-ci ildə vatsap vasitəsilə nə qədər dilə tutsam da, xeyri olmadı. Gah dedi Təbrizdəyəm, Təbrizə getdim, tapa bilmədim. Sonra dedi Məşhəddə ziyarətdəyəm, Məşhədə getdim, tapa bilmədim. Daha sonra Qumda olduğunu dedi, gedib orda da tapmadım. Ən nəhayət, and-amanla dedi ki, ümumiyyətlə, İranda deyiləm, xaricdə, İsveçrədəyəm. Kor-peşiman geri qayıtdım. Bir dəfə də İrana getdim, 25 gün axtardım, gördüm deyən olmadı. Azərbaycanda Xarici İşlər Nazirliyinə rəsmi məktub yazaraq, balalarımın İrandan geri gətirilməsi üçün tələb edilməsini xahiş etdim. Azərbaycan XİN İran Səfirliyinə rəsmi nota verdi. İranın Azərbaycandakı Səfirliyi notaya cavab yazdı ki, ata gərək özü durub gedib İranda hüquqi bu işlərlə bağlı müraciət etsin. Mən keçən ilin noyabr ayından burdayam, İrandan övladlarımı tələb edirəm. Cəfər Babayevlə Xalidə Mehbalıyeva İranda olan əlaqələrindən istifadə edərək buna əngəl ola bilirlər. Həyatım və sağlamlığım təhlükədədir: Belə ki, nömrəsiz motosikletlər məni təqib edirlər. Hal-hazırda pulla qaldığım yerdən məni çıxarırlar. 43 yaşlı Xalidə Mehbalıyeva özündən 15 yaş kiçik Cəfər Babayevlə iki qız övladımı aparıb qoyublar Təbrizə, böyük oğlanı işə düzəldib (səhər saat 8-də gedib, axşam 11-də gəlir), kiçik oğlanı yatılı məktəbə yerləşdiriblər, özləri də qayıdıb gəlib Qumda eşq macərası yaşamaqda davam edirlər. Məndə olan məlumata görə, indi də məni həbs etdirmək istəyirlər. Cammatul-Mustafanın rəsmi işçisi Ansari ETTELAAT-ın nümayəndəsi dəfələrlə məni təhdid edib həbs etdirəcəyini bildirir... Bu 2 ildə uşaqların tamamilə beyinlərini yuyub məndən soyudublar. Uşaqlar artıq Azərbaycana dönmək istəmirlər. Cəfər Babayev Xalidə Mehbalıyevanı dini kəbinə də almayıb, müvəqqəti siğə kəsdirib. Bu kağız da İran dini alimlərinin dediklərinə əsasən, ancaq otellərdə keçərlidir. Cəfər Babayevin öz ailəsi, uşaqları var. Özü də deyilənə görə, Azərbaycan xüsusi xidmət orqanları tərəfindən axtarışdadır. Cəfərin bacısı da İranda yaşayır”.
Vətəndaş ortaya haqlı suallar qoyur: “Niyə görə mənim uşaqlarımın geri qaytarılması üçün məhz İranda məhkəmə qurulmalıdır? Qəsdən üç məhkəməni eyni günə təyin edirlər ki, yalınız birinə özümü çatdırım, digərlərində işə mənim iştirakım olmadan baxılsın, mənə sərf eləməyən qərarlar çıxarılsın, sonra da yuxarı instansiya məhkəməsinə müraciət etməyimi tövsiyə etsinlər. Mənə maraqlıdır, axı o 5 nəfərin dolanışığı hansı mənbədən təmin olunur? Niyə mənim uşaqlarım məktəbdə farsca oxumalıdırlar, azərbaycanca yox? Əgər özləri istəyərlərsə, Azərbaycanda əlavə fars dili kurslarına gedə bilərlər”.
Hacı Azər Ağayev bu problemi humanitar dram hesab edir, siyasiləşdirilməsinin əleyhinədir. Həm hər iki dövlətdən, həm hər iki xalqın ağsaqqallarından, ağbirçəklərindən, ziyalılardan, ictimaiyyət nümayəndələrindən, qeyri-hökumət təşkilatlarından, media orqanlarından dəstək istəyir.
P.S. Bu məqalə “Korrupsiya və Qanun” qəzetinin 31 yanvar 2024-cü il tarixli 01(104)-cü sayında eyni sərlövhə altında dərc olunub. Yazı işıq üzü görəndən sonra hazırda İranda olan Azər Ağayev redaksiyamızla vatsap üzərindən əlaqə saxlayaraq, mövzuya dair əlavə məlumatlar vermişdir. Belə ki, onun sözlərinə görə, Cəfər Babayevlə Xalidə Mehbalıyeva SEPAH adlı təşkilatın işçiləri olduqlarına görə, həmin qurumun yüksək rütbəli Ənsari və Geybi soyadlı mənsubları onları müdafiə edirlər. Qeyd edir ki, övladlarının – Ağazadə Gülsüm Azər qızının, Ağazadə Ağa Muhamməd Azər oğlunun, Ağazadə Fatimeyi-Zəhra Azər qızının, Ağazadə Ağa İbrahim Rza Azər oğlunun Azərbaycan Respublikasına qaytarılması üçün Azərbaycanın Təbrizdəki konsulluğu heç bir iş görmür. Bildirir ki, İranda artıq bir dəfə onun iştirakı olmadan Xalidə Mehbalıyevanın xeyrinə qərar çıxarmış məhkəmədən ona telefon zəngi gəlib və ona deyiblər ki, bu dəfə X.Mehbalıyeva ondan şikayət edib. Təxmin edir ki, onun özünü övladlarını tələb etmək fikrindən daşınmayacağı təqdirdə, İranda şərləyib ən azı 6 aydan 1 ilə kimi həbs etmək istəyirlər. Vatsap vasitəsilə Cəfərlə Xalidənin siğə sənədinin şəklini redaksiyaya göndərən Azər Ağayevin sözlərinə görə, hətta İran qanunlarına görə, arvad boşanırsa, ərindən təlaq almalıydı:
“Uşaqlarımın “beyni yuyulub”, nəinki məndən, hətta Vətəndən belə soyudulublar. Mən istəyirəm uşaqlarım səhər məktəbə İran himni altında deyil, Azərbaycan himni altında daxil olsunlar. Azərbaycanın təhrif olunmuş deyil, gerçək tarixini öyrənsinlər. Üzümü Azərbaycanın yüksək mənsəbli şəxslərinə tuturam – Azərbaycan övladlarına sahib çıxın!
Üzümü İran İslam Respublikasının rəhbərliyinə tuturam: X. Mehbalıyevaya yaxşı həyat yoldaşı olmuşam. Ağır cərrahi əməliyyatlara məruz qalıb, yüksək məbləğdə pulunu ödəmişəm, Azərbayanın və dünyanın gəzməli-görməli yerlərinə aparmışam, gözəl evlərdə yaşatmışam. Bir adam ki, 25 il onu qayğı ilə əhatələşmiş həyat yoldaşına xəyanət edirsə, hətta vətəndaşlıq alacağı təqdirdə belə İrana sadiq olmayacaq, ona bel bağlamaq olmaz.
Hacı Azər Ağayev həmçinin qeyd edib ki, Xalidə Mehbalıyeva onu təkcə İranın deyil, Azərbaycanın da məhkəmələri ilə üz-üzə qoyub. Xalidə Mehbalıyeva və anası onunla mal-mülk və aliment çəkişməsi aparırlar, evini ondan icazəsiz ucuz qiymətə formal olaraq hərraca qoyub satıblar, onun atasından yadigar qalmış avtomobili də satmaq istəyiblər. Təəssüf ki, hər iki ölkənin məhkəmələri və məhkəmə icraçıları onun haqqını tapdalayıblar. Onun sözlərinə görə, Cəfər Babayevin məqsədi əslində onun malına-mülkünə yiyələnməkdir, çünki bilirlər ki, xəstəyəm, məhbəsə düşsəm, sağ çıxmayacağam”.


“Korrupsiya və Qanun”














[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ərazi və əhali
Ərazi və əhali
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Rabitə
Rabitə
Nəqliyyat
Nəqliyyat
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb