Azərbaycan İdeyası

Xəstə ər və arvada Çin təbabəti adı ilə faydasız qida əlavələri satıblar

Tarix:25-10-2024, 16:28
Baxış Sayı:114

Xəstə ər və arvada Çin təbabəti adı ilə faydasız qida əlavələri satıblar

Azərbaycanda indiyədək “Tiens”, “Herbalays”, “Doktor Rona”, “Vijn” kimi bir neçə tibb profilli şəbəkə marketinqinin fəaliyyətindən narazılıqlar gündəmə gəlib. Dəfələrlə Səhiyyə Nazirliyi açıqlama verib ki, həmin firmalar dərman yox, qida əlavələri satırlar. Dünyanın bir çox ölkələrində bu problem var. Əslində qida əlavəsi adı altında hormonal preparatlar qarışdırılmış naməlum şeylər satırlar. Bu, bizneslə tibb arasında keçiddir. Birmənalı şəkildə şəbəkə marketinqi istehlakçının hüququnu pozan və aldadan sistemdir. Onların başında treninq keçən xüsusi adamlar var. Bu ticarət üsulu istehlakçıların aldadılması deməkdir. Ancaq görünəmn odur ki, bütün xəbərdarlıqlara və görülən tədbirlərə baxmayaraq, bu müstəvidə aldadanlar da var, aldananlar da.

Füzuli rayonu, Zobucuq - 3 qəsəbəsi, ev 77 ünvanda yaşayan Sevdimalıyev Mürsəl Şirvan oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciətnamə göndərərək ona həkim kimi təqdim olunan şəxslər tərəfindən dələduzluq əməlinə məruz qaldığını bildirmiş, başına gələnlərin ictimailəşdirilməsini xahiş etmişdir. Səhhət durumunun ağırlığından şikayətlənən Sevdimalıyev təfərrüatları video-kamera önündə danışmaq üçün redaksiya əməkdaşlarını evinə dəvət etmişdir.

Dəvəti qəbul edib Füzuli rayonuna üz tutduq və Sevdimalıyevin ailəsinin qonağı olduq. Şahid olduq ki, həqiqətən də Mürsəl müəllimin gözündə və ayağında problem var. Uzun müddətdir ki, necə deyərlər, “canı ilə əlləşir”. Dərdinin yüngülləşəcəyini vəd edən hər kəsə sadəlövhcəsinə inanır, zatən inanmaqdan, ümid etməkdən başqa seçimi də yoxdur.

Dediklərindən: “İki ay əvvəl telefonuma zəng gəldi, dəstəyin o başındakı adının Xuraman olduğunu deyən qadın təklif edirdi ki, onun təmsil etdiyi təbabət şirkətinin faydalı xidmətlərindən istifadə edim. İnandırıcı danışdığı üçün təklif marağımı çəkdi. Mən əvvəlcə elə bildim ki, qadın Səhiyyə Nazirliyi və ya TƏBİB-in tabeliyində olan hansısa səyyar tibb briqadası barədə danışır. Odur ki, hansı tibb müəssisəsinə gələcəklərini soruşdum. Dedi ki, xəstəxanada yer olmadığı üçün Qızıl Aypra Cəmiyyətinin rayonun Əhmədbəyli qəsəbəsində yerləşən nümayəndəliyində olacaqlar və qəbul təşkil edəcəklər. Təyin etdikləri gün səhər saat 9:00-da həyat yoldaşımla birgə Əhmədbəylidə olduq. Onun da səhhət problemi olduğu üçün, kreatini yüksək olduğu üçün müayinə olunmasını istəyirdim... Qızıl Aypara Cəmiyyətinin oradakı ofisində bir otaqda qəbul təşkil etmişdilər. Qrup bir nəfər içəridə oturan qadından, bir nəfər bayırda resepşn xidməti göstərən həmcinsindən və bir nəfər də cüssəli kişi sürücüdən ibarət idi. Qəbulla məşğul olan Gülxarə adlı qadın bildirdi ki, qəbula yazılmaq üçün bir nəfərin xidmət haqqı 110 manatdır, amma bizə 50 faiz güzəşt edib ikimizdən 110 manat alacaqlar. Razılaşdıq və içəri keçdik. Həkim bildiyimiz xanım isə masanın üstündəki kompüterə qoşulu olan indikatora bənzər cihazla mənim ovucumun içindəki cizgiləri yoxladı, sonra da yoldaşımla da eyni prosesi təkrarladı. Mən təəccübümü gizlədə bilmədim və dedim ki, belimdə yırtıq var, onun da cərrah olduğunu düşünmüşəm. Yalnız o zaman mənə bildirdilər ki, Çin təbabəti ilə müalicə olunacağıq. Resept istədim, aptekdən hansı dərmanları almalı olduğumu soruşdum. Bildirdilər ki, preparatları özləri satırlar. Beləliklə, ər-arvad hərəmizdən preparatlara görə 300 manat, yəni üst üstə 710 manat aldılar. Heç bir qəbz vermədilər, nağd aldılar. Qayıdandan sonra evdə diqqətlə baxıb gördük ki, mənə də, yoldaşıma da kapsul formasında eyni preparatlar satıblar”.

Vətəndaş Sevdimalıyev bildirdi ki, kapsulları tanıdığı həkimə göstərib: “Tanış həkim baxıb dedi ki, kapsullar heç də təsirli dərman preparatları deyil. Yəni, zərəri olmasa da, xeyri də yoxdur.

Gülxarə xanıma zəng vurub həkimin dediklərini danışdım, verdikləri kapsullardan heç bir xeyir görmədiyimizi, yoldaşımın isə heç istifadə etmədiyini bildirdim. Qəbulundan imtina etdiyimizi dedim. O, növbəti dəfə avqustun 15-də Əhmədbəyliyə gələcəklərini, yoldaşımın kapsullarını geri ala biləcəklərini, pulu qaytaracaqlarını vəd etdi. Amma mənə təkidlə məsləhət gördü ki, kapsulları qəbul etməkdə davam edim, faydasını mütləq görəcəyəm. Kapsullardan istifadə etdim, amma iki ay keçməsinə baxmayaraq, yenə xeyirini görmədim”.

M.Sevdimalıyev hüquq-mühafizə orqanlarından onu aldadan şəxslərdən məsuliyyət tələb olunmasını, çəkdiyi maddi ziyanın ödətdirilməsini xahiş edir. Məsələni mediada ictimailəşdirməkdə məqsədi isə başqa xəstə insanların belə dələduzların toruna düşməməsi üçün xəbərdar edilməsidir.

Xatırladaq ki, belə tip fəaliyyət hər hansı bir şəxsin ölümünə və ya sağlamlığına ağır zərbə vuracağı təqdirdə AR CM-in 138-ci maddəsinin (Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə) 2-ci bəndinə görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.



Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."