“13 yaşlı qız itkin düşdü”, “Yeniyetmə evi tərk etdi”, “16 yaşlı qız evdən qaçdı”... Bəli, təəssüf ki, son günlər bu başlıqlı xəbərlərə tez-tez rast gəlirik.
Ölkə gündəmini zəbt edən ən narahatedici mövzulardan biri də məhz yeniyetmə qızların evdən qaçmasıdır.
13-14 yaşlı qızların ailələrini tərk etməsi, təhlükəli mühitlərə atılması bir ailənin deyil, bütün cəmiyyətin problemidir. Bu problem isə yalnız xəbər başlıqlarında qalmamalıdır. "Evdən qaçan yeniyetmə tapıldı" başlığından sonra mövzu bağlanmamalıdır.
Bu yeniyetmələr “həyatın bir dönəmində evdən qaçacam” deyə gözləmir, böyümür, arzulamır.
Maraqlıdır, onları bu qərara vadar edən nədir? Bunun kökündə hansı faktorlar dayanır? Ailələr harada səhv edir?
Mövzu ilə bağlı açıqlama verən psixoloq Elnur Rüstəmov bildirib ki, son günlər 13-14 yaşlı qızların itkin düşməsi cəmiyyətimizi narahat edən bir məsələdir.
Onun sözlərinə görə, bu yaş dövrü, erkən yeniyetməlik, psixoloji baxımdan mürəkkəb və keçid dövrüdür. Psixoloq qeyd edib ki, bu mərhələdə uşaqlar bir tərəfdən özlərini böyümüş kimi hiss edir, digər tərəfdən isə emosional olaraq hələ tam formalaşmamış olurlar.
Elnur Rüstəmov:Tənqidə meyilli valideyn münasibətləri yeniyetmələrdə özünə qapanma və qaçış istəyi yaradır
Müsahibimiz qızların bu yaşda evdən qaçmağa meyilli olmasının bir neçə əsas məqamlarla bağlı olduğunu deyib. Bildirib ki, buraya ailədaxili münasibətləri daxil edə bilərik:
“Belə ki, ailədə anlaşılmazlıq, sevgi və diqqət çatışmazlığı, zorakılıq halları (emosional və ya fiziki) uşaqların evdən uzaqlaşmaq istəyi ilə nəticələnə bilər. Xüsusilə avtoritar və tənqidə meyilli valideyn münasibətləri yeniyetmələrdə özünə qapanma və qaçış istəyi yaradır”.
E.Rüstəmov sosial media və internetin təsirlərindən də danışıb. Vurğulayıb ki, bu yaş dövründə qızlar kimlik axtarışına çıxırlar və sosial mediada özlərinə “rol modellər” tapmağa çalışırlar:
“Bəzən bu “rol modellər” onları yanlış istiqamətə yönəldə bilər. İnternetdə tanış olduqları şəxslərlə real həyatda görüşmək istəyi də təhlükəli nəticələrə gətirib çıxarır”.
Həmsöhbətimiz onu da nəzərə çatdırıb ki, emosional qeyri-sabitlik və psixoloji dəstək çatışmazlığı da bu problemi yarada bilir. İzah edib ki, bu dövrdə qızlar öz bədənlərində və hisslərində ciddi dəyişikliklər yaşayırlar. Emosional təzyiqlə təkbaşına mübarizə aparmaq çətin olur və əgər ailədə və məktəbdə psixoloji dəstək mexanizmləri yetərli deyilsə, bu, onların yanlış qərarlar verməsinə səbəb ola bilər.
Maarifləndirmə baxımından tədbirlərin önəmini bildirən E.Rüstəmov əlavə edib ki, məktəblərdə psixoloji dəstək sistemi gücləndirilməli, hər məktəbdə psixoloq olmalı və bu mütəxəssislər şagirdlərlə fərdi görüşlər keçirməlidir. Valideynlərə yönəlik təlim və maarifləndirmə proqramları həyata keçirilməlidir. Yeniyetmə dövrü, onların psixoloji ehtiyacları, ünsiyyət metodları barədə valideynlər maarifləndirilməlidir:
“Qızlara yönəlik inkişaf proqramları hazırlanmalıdır. Onların özünüdərki, emosional intellekti və sosial bacarıqları inkişaf etdirilməli, riskli davranışlardan qorunma yolları öyrədilməlidir. Eləcə də rəqəmsal təhlükələrə qarşı maarifləndirmə işi aparılmalıdır. İnternetdəki risklər, onlayn tanışlıqların təhlükələri barədə həm uşaqlara, həm valideynlərə məlumat verilməlidir.
Yəni bu problem yalnız hüquq-mühafizə orqanlarının deyil, bütöv cəmiyyətin – məktəbin, medianın, ailənin və psixoloji qurumların birgə əməkdaşlığı ilə həll oluna bilən problemdir”.