Korrupsiya və Qanun saytı xəbər verir ki, qazilər.az-a Qaradağ rayonu, Binə Ticarət Mərkəzinin yaxınlığında sərnişindaşıma ilə məşğul olan bir qrup Qarabağ əlilindən şikayət daxil olub.
2-ci qrup Qarabağ əlili Həsənov Dilafət Yusif oğlu: “Biz 1997-ci ildən metronun 20 yanvar stansiyası ətrafında rayonlara gedən avtobus və taksilərin dayanacağında işləyirdik. Uzun illər orada çalışıb balalarımıza çörək qazanırdıq. Dövlətin də bütün vergilərini, rüsumlarını ödəmək şərti ilə qanun çərçivəsində işləyirdik. Sonra Ziya Məmmədov nəqliyyat naziri təyin olundu. Bir müddət sonra bizi orada işləməyə qoymadılar. Sonra gəldik bura – Qaradağ rayonu ərazisinə, Binə Ticarət Mərkəzinin yaxınlığında işləməyə başladıq. Ziyanın adamları burada da bizə imkan vermədi. Bizi sıxışdıra-sıxışdıra böyük bir ərazini əlimizdən aldılar. Kimə şikayət etdiksə, nəticəsi olmadı. Çünki, bu işin arxasında Ziyanın oğlu Anar dururdu. Yavaş-yavaş Ziyanın oğlu Anar Məmmədov bir dostu ilə buraları, avtovağzal adı ilə, zəbt etdi. Son günlərdə isə, bizim Qarabağ əlillərinin işlətdiyi balaca bir əraziyə də göz dikiblər. İndi isə biz öz iş yerimizi bərpa etmək istəyirik. Bunlar isə imkan vermir. Ziyanın özü işdən çıxarılıb, amma qoçuları hələ də at oynadır. Dəfələrlə burada dava-dalaş olub, əli, ayağı yox Qarabağ əlillərini döyüblər. Amma baxan yoxdur. Özü də burada çox ciddi vergidən yayınma faktları var. On maşından, uzağı, ikisinə lisenziya alınır. Topladıqları pulu da avtovağzal rəhbərliyi qoyur cibinə”.
Digər keçmiş döyüşçü, 1-ci qrup Qarabağ əlili İsgəndərov Arif bildirdi ki, əslində avtovağzalın ərazisi, yəni bilet satmaq yeri “Karvansaray” Ticarət Mərkəzinin qarşısıdır: “Karvansaray” Ticarət Mərkəzinin qarşısında onların iş köşkü də var. Amma gəlib burada Binənin yanında bizim uzun illərdir işlədiyimiz yerə soxulublar. Biz də deyirik ki, gedin avtovağzal harada yer ayırıb orada işləyin. Bizim üstümüzə qoçu dəstələri göndərirlər. Bu azmış kimi, o günü bura çəkiliş gətiriblər. Onları və bizi də danışdırdılar, amma gedib ancaq onların dediklərini verdilər. Fəaliyyətimiz tam qanun çərçivəsində həyata keçirilir. Bütün vergi və rüsumlarımızı da qaydasında ödəmişik. Biz bu dövlətə bağlı insanlarıq! Həmişə də dövlətimizin, cənab Prezidentimiz İlham Əliyevin yanındayıq! O, dəfələrlə tapşırıb ki, Qarabağ əlillərinə diqqət olsun, qayğı göstərilsin, bizə qarşı ədalətsizlik edilməsin. Amma məmurlar buna məhəl qoymur! Mən anlamıram, bunlar necə adamlardır?! Adam kişi olar, mərdimazar olmaz! Uzun illərdir bunlar, hər gün bir az, üstümüzə gələrək bizim çörəyimizi kəsirlər! Dədə - babdan görmüşük ki, kişi əlində imkan olanda, vəzifədə olanda imkansıza əl tutar, daha onun çörəyinə göz dikməz! Ümid edirik ki, müvafiq qurumlar lazımi ölçü götürəcəklər. Ziya Məmmədovun qoçularının qarşısı alınacaqdır! ”
Biz ərazidə olanda həqiqətən yaxınlıqda mikroavtobusda əyləşən bir qrup şəxsin avtobus və taksi sürücülərindən pul toplamaq cəhdlərinin şahidi olduq. Amma bizi görüb mikroavtobusa əyləşib gözlədilər.