Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələrinin yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində növbəyə götürülməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyil, aidiyyatı rayon (şəhər) icra hakimiyyətləri həyata keçirir. Bu kateqoriyadan olan şəxslərin mənzil növbəsinə götürülməsi, növbənin dəyişdirilməsi və ləğv olunması rayon (şəhər) icra hakimiyyətlərinin səlahiyyətindədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında inşa olunan mənzillər ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün deyil, yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub. Ümumi səbəbdən əlilliyi olan vətəndaşlar mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müvafiq rayon (şəhər) icra hakimiyyətlərinə müraciət edə bilərlər.
1992-ci ilin oktyabrında Laçın uğrunda gedən döyüşlərdə şəhid olmuş Makarov Məmməd Tacəddin oğlunun anası, Zaqatala rayonunun Danaçı kənd sakini Makarova Məryəm Şamil qızı da hələ 2007-ci ildə şəhid ailələri üçün mənzillər ayrılan vaxt RİH-də qeydiyyata alındığını və 48-ci növbəyə yazıldığını bildirir. Redaksiyamıza yazdığı ərizədə Makarova 10 ildir ki, növbəsinin yetişmədiyini və başqa imtiyaz və güzəştlərinin qayçılandığını qeyd edir: "Bizə yanacaq kimi ayrılan oduncağı da pul qarşılığında satırlar. Məhəmmədin xatirəsini əbədiləşdirən küçədən də onun adı götürülmüşdür. Bununla bağlı müraciət etdiyim qurumlardan kənd bələdiyyəsinin sədri Əmrulla müəllim mənə bildirdi ki, şəhidlər üçün ayrılan evlərin paylanılmasına "stop" qoyulub. Söz verdi ki, bizi kənd ərazisində 12 sot torpaq sahəsi ilə təmin edəcək. O da vədinə xilaf çıxdı, söhbətin üstündən iki il keçsə də, sözünü tutmadı. Dövlət tərəfindən ayrılan 41 sot əmlak payından da mənim təsərrüfatımda olmuş oğluma vermədilər".
Makarova hesab edir ki, Zaqatala rayonu paytaxtdan 400 km məsafədə yerləşdiyindən, cənab Prezidentin bu məsələlərdən xəbəri yoxdur. Odur ki, problemin KİV ilə ictimailəşdiriləcəyi təqdirdə həll olunacağına ümidlidir.
Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. Yerli icra hakimiyyəti orqanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.
Hələ keçən ilin iyun ayında Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Balakən rayonu Gənclər Mərkəzində bu rayonun və Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edərkən bildirmişdi ki, son bir neçə ayda Oğuz, Şəki, Zaqatala, Balakən rayonlarında 22 ədəd fərdi yaşayış evi bu təbəqələrdən olanların istifadəsinə verilib və hazırda Balakən, Şəki, Zaqatala, Qax, Qəbələ rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün daha 15 fərdi evin inşası işləri aparılır. Onların əksəriyyətində artıq tikinti işləri tamamlanıb. Di gəl, həmin evlə təmin olunanlar arasında Makarovun ailəsi yoxdur.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilk dəfə 3 sentyabr 1993-cü il tarixdə o vaxt Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən təsdiqlənib. Qanunqüvvəli akt sayılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının ilkin variantının 3.1.2.-ci bəndində göstərilirdi: "Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları... şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar". Sonradan həmin qanuna və ona köməkçi funksiya daşıyan qərara bir sıra əlavə və dəyişikliklər edilib. Həmin əlavə və dəyişikliklərin əksəriyyəti şəhid ailələrinə edilən güzəştlərin artırılmasına, bu qəbildən olan insanların sosial rifah səviyyəsinin yaxşılaşdırılmasına xidmət etsə də, şəhid adının əbədiləşdirilməsi məsələsində bəzi məhdudlaşdırmalar tətbiq edilib. Ancaq məsələ burasıdır ki, şəhid M. Makarovun adı küçəyə verilibmişsə, verilibmiş. Qanunun və qanunqüvvəli normativ-hüquqi aktın geriyə işləmə qüvvəsi yoxdur və NK-nın 1999 - cu ildə qüvvəyə minmiş qərarı ilə 1994-1999-cu illər arasında verilmiş küçə adı dəyişdirilə bilməzdi.
Sadiq Fəxrəddinoğlu