Korrupsiya-q.az saytı Korrupsiya.az saytına istinad olaraq xəbər verir ki, son günlərin ən çox müzakirə olunan mövzusu kənd təsərrüfatı naziri Heydər Əsədovun oğlu Asif Əsədzadənin London küçələrində çəkilən bahalı avtomaşınıdır. Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşının videogörüntüləri artıq internetdə geniş yayılıb. 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin dayandığı küçədə kifayət qədər bahalı olan maşınlar da var. Onlardan biri də qırmızı “Ferrari”dir.
Amma bu maşının Azərbaycan dövlət nömrə nişanı ilə Londonda necə peyda olması da sıravi oxucuda şübhə yaradır. DYP mətbuat xidmətinin rəhbəri Kamran Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sözügedən avtomobilin Azərbaycanda qeydiyyata düşməsi, o nömrə ilə dünyanın istənilən ölkəsində bulanması mümkündür. Həmin avtomobil bir neçə yolla xaricə aparıla bilər – gəmi və ya təyyarə ilə.
K.Əliyev dedi ki, həmin maşının Londonda nə qədər qalması isə sözügedən ölkənin öz qanunlarından asılıdır.
Məsələn, qonşu Türkiyədə Azərbaycan dövlət nömrə nişanlı maşın 6-12 ay müddətində qala bilər.
“Yeni Müsavat” bu məsələnin detallarını və eləcə də xəbərə mövqe öyrənmək üçün gün boyu bir neçə dəfə H.Əsədovla əlaqə saxladı. Amma sonuncu zənglərimizə cavab vermədiyi üçün mövqeyini öyrənə bilmədik. Bütün hallarda nazirin öz oğlu ilə bağlı yazılanlara mövqe bildirmək üçün qəzetimizin tribunasından istifadə edə biləcəyini vurğulayırıq.
Ümumilikdə isə London hər zaman dünya, eləcə də azərbaycanlı milyonerlər üçün sevimli məkan olub. Burada öz bahalı maşınlarını nümayiş etdirən milyoner balaları ilə yanaşı, daşınmaz əmlaka kapital qoyanlar da az deyil. London əslində varlıların investisiya qoymaq üçün müraciət etdiyi şəhərlər sırasındadır. Londonda evi olmayan milyonerə dünyada az rast gəlmək mümkündür.
Britaniyanin “The Evening Standard” qəzetinin məlumatına görə, Londonda 2 milyon funt-sterlinqdən (4 milyon dollar) baha olan evlərin sayı 1000-i keçib. Həmin evlərin 40 faizə qədəri ipotekalar hesabına tikilib.
İngiltərə paytaxtında bahalı mənzillərin əksəriyyəti Naytsbric və Belqreyviya rayonlarında yerləşir. Elit alıcıların 60 faizi isə xarici ölkə vətəndaşlarıdır. Şəhərdə qiyməti 8 milyon funt-sterlinqdən yuxarı olan evlərin 21 faizini Rusiya, 13 faizini isə Yaxın Şərq ölkələrinin varlıları ələ keçirib. Britaniya vətəndaşları bu cür evlərin 37 faizinə nəzarət edir. Son bir ildə Londonda elit mənzillərin qiyməti 32 faiz artıb. Bu usə 1979-cu ildən bu yana rekord göstəricidir.
Image result for Heydər Əsədovun oğlu Londonda
“Knight Frank” rieltor agentliyinin məlumatına görə, Londonda ucuz mənzil almaq mümkün olmayan işdir. Eləcə də Britaniyanın digər şəhərlərində mənzillərin qiymətləri qlobal iqtisadi böhranın təsirlərinə məruz qalmayıb. Əksinə, Londonun elit məhəllələrində daşınmaz əmlakın qiyməti London ətrafındakı mənzillərin qiymətinə nisbətən yeddi dəfə artıb. Orta hesabla isə ölkə boyu bu fərq beş dəfəyə çatır. Eləcə də Londonun mərkəzində mənzilləri şəhərin ətrafına nisbətən 2.5 dəfə baha kirayələmək olar.
Analitiklər bildirirlər ki, Londonun daşınmaz əmlak bazarında qiymətlər xaricilərin öz pullarını Britaniya paytaxtında mənzil və malikanələr almağa yatırması süni şəkildə artırıb. Nəticədə Avropanın qalan yerlərində qiymətlərin ucuzlaşma tendensiyası davam etsə də, Londonda qiymətlər artır. «Knight Frank» agentliyindən Layma Beyli deyir ki, 2009-2012-ci illərdə Londonda mənzil alan xaricilərin sayında kəskin artım olub.
Bu tendensiya ötən il də davam edib. Ötən il Londonda daşınmaz əmlak sövdələşmələrinin 85 faizi xaricilərin iştirakı ilə baş tutub. Xaricilər qiyməti 2 milyon funt sterlinq və daha yüksək olan elit mənzillərin alınmasında da əsas paya sahibdir. Bu il ərzində bahalı mənzillərin satışına dair sövdələşmələrin 60 faizi xaricilər tərəfindən bağlanıb.
Agentliyin baş analitikinin dediyinə görə, Londonda daşınmaz əmlak alanlar arasında ərəb ölkələrinin və Asiya qitəsinin sakinləri liderlik edir. Belə ki, bu il ərzində Londondan mənzil alanların əksəriyyəti misirlilər və türklər, daha sonra ruslar, qazaxlar və ukraynalılar, habelə azərbaycanlılar olublar. Rieltorlar deyirlər ki, Azərbaycandan olan müştərilər elit mənzilləri alanlar arasında da xüsusi seçilirlər.
Korrupsiyanın dəf edilməsinə yönələn beynəlxalq səylər çərçivəsində “yuyulmuş çirkli pullara” sahib xaricilər Birləşmiş Krallıqda ev almaq imkanından məhrum edilməlidir. Bunu Böyük Britaniyanın eks baş naziri Devid Kameron deyib. Sinqapurda çıxış edən David Kemeron Londonda bahalı evlərin alınması üçün istifadə edilən anonim şirkətlərin adlarının açıqlanacağını vəd edib.
Onun sözlərinə görə, “London qanunsuz pulları saxlamaq yeri deyil”. David Kameron beynəlxalq ictimaiyyəti korrupsiya xərçənginə qarşı mübarizəyə səsləyib.
Səudiyyəli milyarderlər isə daha çox öz şəxsi maşınları ilə Londona istirahətə gəlirlər. Bir neçə il bundan qabaq, səudiyyəli milyarderlərdən biri avtoparkı ilə Londona istirahətə gəlib. Onun avtomobillərinin dəyəri 1,4 milyon dollardan artıq olub. Milyarder İngiltərə paytaxtına qızılla örtülmüş "Mersedes", "Bentli", "Lamborgini" və "Rolls-Roys" maşınlarını gətirib.
Maşınlar Londonun əsasən varlılar yaşayan Kensinqton rayonunda görünüb. Daha əvvəl onlar beş ulduzlu "Mandarin oriental" mehmanxanasının qarşısında yerləşdirilmişdi.
“Daily Mail” səudiyyəli milyarderin superkarların yeni mövsümünün açılışına gəldiyini qeyd edib. Bu dövrdə varlı ərəblər Yaxın Şərqdə olan isti havadan qaçaraq öz bahalı avtomobilləri ilə Britaniya paytaxtına üz tuturlar.