Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Fərhad Quliyev ifadə verib. O, Ağstafa rayon polis şöbəsinin əməkdaşı olduğunu deyib.
F.Quliyev deyib ki, qeyd edilən hadisədən sonra rəhbərliyin göstərişi ilə rayon ərazisində postlar qurulub. O, postda xidmət apararkən şübhəli şəxsləri müəyyənləşdirmək üçün xidmət apardıqlarını deyib. Polis əməkdaşı qeyd edib ki, başqa bir maşına baxış keçirən zaman indiki təqsirləndirilən şəxslərin olduğu "Opel" markalı maşının posta yaxınlaşarkən anidən döndüyünü görüb: "Biz o maşının arxasınca getdik. Kəndin girəcəyində salanda maşın dayandı. Biz yaxınlaşanda sürücü düşdü. Yük yerindən bir nəfər düşərək qaçdı. Arxa oturacaqda bir xanım da əyləşmişdi. Biz dərhal məruzə edib hər iki şəxsi bölməyə apardıq".
Məhkəmədə şahid qismində Ədalət Zeynalov da ifadə verib. O, təqsirləndirilən şəxslərdən Fədayə Laçının bacısı Telli Ağayevanın iş yoldaşı olduğunu deyib. Məlum olub ki, Telli Ağayeva bacısı Fədayənin istədiyi açarı (bu xüsusi açardır və vaqonun dəmir barmaqlıqlarını açmaq üçün istifadə edilir. "Qoca" qatarın bələdçi otağındakı pəncərənin dəmir barmaqlığını həmin açarla açıb) Ədalət Zeynalovdan alıb.
"Telli xanım vaqon rəisi idi. Mən də vaqon nəzarətçisi. Bir iş yoldaşı kimi həmin açarı məndən istədi. Xüsusi bir açar deyil. Hər yerdən tapmaq mümkündür. Qapı, pəncərə və şitlərin açılmasında istifadə edilir. Mən də açarı tapdım. Fədayə xanıma verəcəkdim. Amma sonra zəng edib çəkilişinin olduğunu dedi. Məndən açarı başqa bir şəxsə verməyimi istədi. Gecə dəmir yolunda bir nəfərə verdim. Qaranlıq olduğundan üzünü tam olaraq xatırlamıram".
Məhkəmədə həbs edilən Fuad Hacıyevin vəkili vəsatətlə çıxış edib. Vəkil bildirib ki, həbs edilənlərdən polkovnik Bəhruz Abdullayevə qarşı mənimsəmə ittihamı irəli sürülüb. Vəkilin sözlərinə görə, ittihamda göstərilir ki, guya Bəhruz Abdullayev işçisi Fuad Hacıyevə ayrılmış ezamiyyət və digər xərcləri mənimsəyib.
"Bu ittiham heç bir sübuta əsaslanmır. Bu işdə zərərçəkmiş yoxdur. Bəhruz Abdullayevin Fuad Hacıyevin pulunu mənimsədiyi qeyd edilir, amma o zərərçəkmiş kimi tanınmayıb. Fuad Hacıyev də pulunun mənimsədiyindən şikayətçi deyil. İstintaq orqanı böyük prosessual pozuntuya yol verib. Heç istintaq zamanı Fuad Hacıyevə təklif belə edilməyib ki, zərərçəkmiş olsun. Fuad Hacıyev də məhkəmədə suallarımızı cavablandıraraq qeyd etdi ki, onun pulu mənimsənilməyib. Fuad Hacıyev söylədi ki, pul onun kartına köçürülüb və bütün məbləği də özü alıb. Əgər Bəhruz Abdullayevə bu ittiham verilibsə, o zaman Fuad Hacıyev zərərçəkmiş kimi tanınmalıdır. Zərərçəkmiş kimj tanınmamışıqsa, bizim hüquqlarımız pozulub. Biz vəsatət verərək istintaq orqanının bu məsələyə münasibət bildirməsini, aydınlaşdırmasını tələb edirik"- deyə vəkil qeyd edib.
Məhkəmə vəsatəti qəbul edib. Növbəti proses sentyabrın 5-nə təyin edilib.
Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Musavat.com