Bələdiyyələr bu obyektlərə ərazini icarəyə verəndə sahibkarlıq subyektləri qarşısında şərt qoymalıdır ki, çirkab suların axıdılması üçün dənizdən xeyli aralıda quyular qazsınlar
Artıq bir neçə dəfədir ki, Bakının müxtəlif çimərliklərində ölü balıqların kütləvi ölüm hallarına rast gəlinir. Bu dəfə paytaxtın Sabunçu rayonunda, Pirşağı qəsəbəsi ərazisində yerləşən Qızılqum çimərliyində balıqların kütləvi ölümü qeydə alınıb. Məlumatlara görə, balıqların kütləvi ölümünə uzaq məsafədən gələn və birbaşa dənizə axıdılan kanalizasiya və çirkab suları yol açıb. Sputnik Azərbaycan-ın əməkdaşı son günlər çimərliklərdə tez-tez təkrarlanan balıqların kütləvi ölümü məsələsini araşdırıb.
Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, balıqların kütləvi ölümü ilə bağlı araşdırmalar aparılıb analizlər götürüləcək. Bundan sonra mətbuata balıqların son günlər tez-tez qeydə alınan ölüm hallarının səbəbi barədə məlumat veriləcək.
Xəzər Ekoloji Laboratoriyasının baş kimyaçısı Günay Mikayılova isə Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, balıqların kütləvi ölümünə suyun tərkibində ağır kimyəvi maddələrin normadan çox olması səbəb ola bilər. Həmsöhbətimiz deyir ki, bu gün kanalizasiya və çirkab suların Xəzərə axıdılması dənizdə yaşayan biomüxtəlifliyə təsirsiz ötüşmür. Onun sözlərinə görə, Xəzərin ekoloji baxımdan təmiz saxlanması çox vacib məsələdir: “Balıqların kütləvi ölümünün səbəbi ölü balıqlardan analizlər götürüldükdən sonra müəyyən ola bilər. Həmçinin balıqların kütləvi ölümü qeydə alınan çimərliklərdə də sudan nümunələr götürülməli, suyun tərkibi yoxlanılmalıdır. Amma ümumilikdə qeyd edim ki, balıqların kütləvi ölümünün ciddi səbəbi var. Bu, dənizə çirkab suyun axıdılması da ola bilər. Əgər çirkab suyun tərkibində ağır metallar varsa, bu zaman balıqların kütləvi məhvi mümkündür. Ona görə də ilk növbədə Pirşağıda, eləcə də balıqların kütləvi ölümü qeydə alınan digər çimərliklərdə dənizə axıdılan suyun kanalizasiya suları, yaxud da istehsal müəssisələrinin tullantıları olub-olmadığına aydınlıq gətirmək lazımdır. İstehsal müəssisələrindən axıdılan tullantılarda kimyəvi ağır metallar olduğundan bu, balıqların kütləvi ölümünə yol aça bilər. Çünki istehsal müəssisələrinin tullantı sularında civə və digər kimyəvi maddələr olur. Həmin ərazilərdə suyun tərkibi mikrobioloji parametrlərinə görə də yoxlanılmalıdır”.
Sənədin imzalanması
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub
G.Mikayılova deyir ki, balıqların kütləvi ölümünün məhz çimərlik ərazilərində müşahidə olunmasının digər səbəbi kiçik balıqların sahilə tərəf gəlməsidir: “Xəzərin ekoloji durumunun yaxşılaşdırılması üçün vacib tələblərdən biri dəniz ətrafı yaşayış olan ərazilərdə, eləcə də istehsal müəssisələrinin kanalizasiya sisteminin çəkilməsi, təmizləyici qurğuların inşa edilməsidir. Çox təəssüf ki, əksər çimərlik zonalarında bu təmin edilməyib.
Ekoloq Fikrət Cəfərov isə bildirib ki, çimərliklərdə son günlər balıqların kütləvi ölüm halları həm havaların isti keçməsi, eyni zamanda dəniz suyunun normadan artıq tullantı suları ilə çirklənməsi üzündən baş verə bilər: “Mənim fikrimcə, çimərlik ərazilərində balıqların kütləvi ölümündə iki səbəb var. Birinci səbəb odur ki, havaların isti olması suda oksigen çatışmazlığı yaradıb. Amma dənizin suyu təmiz olsaydı, yəqin ki, balıqların kütləvi ölümü az-az hallarda qeydə alınardı. Deməli, suda çirklənmə səviyyəsi də yüksək olub. Bu gün etiraf etmək lazımdır ki, çimərlik ərazisindəki obyektlər çirkab suyu dənizə axıdır. Orada təmizlik işləri zamanı kimyəvi tərkibli yuyucu maddələrdən istifadə edilir. Bu maddələr suda oksigenin azalmasına səbəb olur. Ona görə də bir tərəfdən istilər, digər tərəfdən dənizə axıdılan çirkab sular hesabına suda oksigen çatışmazlığı yaranır. Bundan ən böyük zərbə kiçik balıqlara dəyir. Onlar kütləvi şəkildə məhv olurlar”.
F.Cəfərov bildirir ki, balıqların kütləvi ölümünün qarşısını almaq üçün çimərliklərdəki sahibkarlıq subyektlərinin çirkab suları dənizə axıtmasının qarşısı alınmalıdır: “Bələdiyyələr bu obyektlərə ərazini icarəyə verəndə sahibkarlıq subyektləri qarşısında şərt qoymalıdır ki, çirkab suların axıdılması üçün dənizdən xeyli aralıda quyular qazsınlar. Çirkab sular dənizə yox, o quyulara axıdılsın”.
Daha bir "kreativ" ekologiya düşməni ifşa edildi
Qeyd edək ki, çimərlik ərazilərində ölü balıqların qalması bu balıqların satışa çıxma riskini də artırır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sahilə çıxan ölü balıqların təcili utilizasiyası aparılmalıdır. E. Hüseynovun sözlərinə görə, ölmüş balıqların işbazlar tərəfindən satışa çıxardılması, eləcə də dondurularaq satılması istisna deyil: “Sahilə çıxan kiçik balıqlar olsa da, işbazlar satışa yararlılarını yığıb yenidən satışa çıxara bilərlər. Təcili olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölmüş balıqların utilizasiyasını aparmalıdır.
AQTA-dan isə çimərlik ərazilərində ölmüş balıqların utilizasiyasının onlar tərəfindən aparılmadığını, ölmüş balıqları almağın tövsiyə edilmədiyini söylədilər. Pirşağı Qəsəbə Bələdiyyəsindən və Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən də ölmüş balıqları sahildən təmizləməyin onların işi olmadığını bildirdilər.
Dövlət qurumlarının bu ötür-ötür oyunun qarşısının alınması üçün isə qanunvericilikdə konkret müddəa yoxdur.