Ölkə başçısının fərmanı ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb.
Belə ki, Prezident İlham Əliyev Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Yeni qurumun yaradılması təhsilin keyfiyyətində hansı dəyişikliklər yaradacaq?
Turkustan.info bildirir ki, təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya açıqlamasında deyib ki, yeni agentliyin yaranması təhsil sahəsində və keyfiyyətində müsbət irəliləyiş olacaq: “Əvvəl Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi vardı. İndi akkreditasiya bir qədər də genişlənib. Hazırda məktəbəqədər və ümumtəhsil müəssisələrindən başqa digər tədris müəssislərinin hamısı akkreditasiya olunur. Bu iş genişləndiyindən 2019-cu ilin yanvarın 1-dən Prezident nostrifikasiya işini Təhsil Nazirliyinin Aparat rəhbərinə tapşırdı. Bu sahədə struktur dəyişikliyi gözlənilirdi. Ayrıca bir agentliyin yaradılması çox müsbət addımdır. Çünki publik hüquqi şəxs olaraq nostrifikasiya qaydaları ödənişli həyata keçiriləcək. Yəni diplomunu nostrifikasiya etmək istəyən şəxs bununla bağlı müəyyən ödəniş edəcək. Ona görə də artıq bu qurum publik hüquqi şəxsdir. İkinci bir tərəfi odur ki, bu agentliyə təhsilin keyfiyyəti ilə bağlı müəyyən səlahiyyətlər verilib. Bu da təhsildə bütün pillələr üzrə bütün qiymətləndirmələrin aparılması üçün agentliyin işi və finksiyası olaraq bəlli olacaq. Baxmayaraq ki, Təhsil Nazirliyinin sifarişi əsasında fəaliyyət göstərəcək. Amma bu qurum təhsil sahəsində uğurlar və nöqsanları üzə çıxarmaqda kömək edəcək. Düşünürəm ki, təhsilimiz üçün çox müsbət bir addımdır”.
Qeyd edək ki, Təhsil Nazirliyi yeni yaradılan agentliyin vəzifələrini açıqlayıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub. Sənəddə ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədi ilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb.
Göstərilən hədəflərə nail olunması və mövcud tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması üçün ölkəmizin beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə uyğun təşkil olunmuş təhsildə keyfiyyət təminatı sisteminin yaradılması zəruridir. Sadalanan tədbirlərin həyata keçirilməsi Azərbaycanın təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə irəliləməsinə və dövlət büdcəsindən kadr hazırlığı üçün ayrılan vəsaitin səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına xidmət edəcək.