Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1672,4 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 131,5 mln. manat və ya 8,5% çoxdur. Vəsaitin 97,3%-ni pensiya xərcləri təşkil edib.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, 2017-ci ilin altı ayı ərzində əhaliyə 45,8 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 23,5%-i hamiləliyə və doğuma görə, 24,3%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 15,1%-i dəfn üçün, 37,1%-i isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.
2017-ci il iyulun 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1328,4 min nəfər pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 13,7%-ni təşkil edir. Onların 59,4%-i yaşa, 29,3%-i əlilliyə, 11,3%-i isə ailə başçısını itirməyə görə pensiya alır.
Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2611 nömrəli sərəncamına əsasən 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq cari ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 202,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 38,7%-inə bərabər olub.
2017-ci il iyulun 1-i vəziyyətinə 378,0 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 22 min nəfər, əlilliyə görə - 155,9 min nəfər, ailə başçısını itirməyə görə - 43,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 72,2 min nəfər olub.
Əmək pensiyası almaq hüququ olmayan 53,8 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 395 nəfər qəyyumuna aylıq müavinət verilib. Bununla yanaşı, şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9,8 min ailəsinə 18,3 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 2354 nəfər bir yaşadək uşağa görə 2301 ailəyə və beşdən çox uşağı olan 3 min qadına 8,8 min uşaq üçün sosial müavinət verilib.
2017-ci ilin altı ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 52950 nəfərə, o cümlədən 44438 uşağın doğulmasına görə, 4394 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 2447 nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1671 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib.
Cari ilin iyulun 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 432 nəfər zərərçəkən kompensasiya alıb.
Ölkədə 120,3 min aztəminatlı ailənin 498,4 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 35,8 manat təşkil edib. Cari ilin əvvəli ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alanların sayı 10,7% azalıb.
Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almış şəxslərin sayı 58,8 min nəfər təşkil edib.