Azərbaycan İdeyası

Azərbaycanın siması dəyişir

Tarix:1-08-2019, 14:30
Baxış Sayı:141

KORRUPSİYA-Q.AZ
İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.

Dünən dövlət başçısı İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə belə deyib.

Onun sözlərinə görə, iqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür.

Karbamid zavodu, "SOCAR-Polymer" zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır.

Azərbaycanın siması dəyişir

Bundan başqa, kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb, xüsusilə bitkiçilik hesabına. Bitkiçilik 25 faiz artıb. Yəni, bu, onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir. Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək.

Ticarət dövriyyəmiz də kifayət qədər artıb - 20 faizdən çox. Qeyri-neft ixracımız 15 faiz yüksəlib. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artıb. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür.

Bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Çox önəmli addımlar atılmışdır - minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artıb, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Bu da çox əhəmiyyətli artımdır və əlbəttə ki, buna böyük maliyyə vəsaiti lazımdır. Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik. Onu da bildirməliyəm ki, bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir.

Azərbaycanın siması dəyişir

Ölkədə cəmiyyətin sosial inkişafı və vətəndaşların maddi rifahının yüksəlməsi ilə bağlı konkret işlər də görülür. Daha konkret olsaq, iki böyük sosial islahat paketi mövcuddur.
Azərbaycanın siması dəyişir
Bu sosial islahat paketləri - birinci paket 3 milyon insanımızı əhatə etdi və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. Bu sosial islahat paketi artıq tam şəkildə icra olundu və həm pensiyaçılarımızın, həm də işləyən vətəndaşlarımızın əməkhaqları artırıldı. İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb. Ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanımızı əhatə edəcək. Minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaq.

Müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanımızı əhatə etdi və bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər idi, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclər idi. Ümumilikdə baxdıqda bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə etdi və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırıldı.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dediyinə görə, ötən ilin sonlarında qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində ölkəmizdə ciddi şəkildə sosial sığorta amnistiyası elan edildi və 2006-cı ildən 2018-ci ilədək sosial sığorta sahəsində cüzi ödəniş etmiş şəxslərə belə 25 il sığorta stajı tətbiq edildi. Bunun nəticəsində yanvar ayının 1-dən etibarən avtomatik pensiya təyinatına başlanıldı.



Özünüməşğulluq proqramı ilə bağlı hansı işlərə gəldikdə isə, fəaliyyət mexanizmləri işləyir və proqramın əhatə dairəsi genişlənir.

Bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edildi və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir. Artıq 4 min nəfər bu il təlimlərdən keçirilib, 1100 nəfər aktivlər əldə edib. Əlavə olaraq BMT-nin İnkişaf Proqramı layihəyə cəlb olunub, 1000 nəfərə yaxın ailə məhz BMT-nin İnkişaf Proqramı tərəfindən təmin ediləcək.

Dünya Bankı ilə müzakirələr yekun mərhələyə çatıb. Sentyabr ayında Dünya Bankı layihə təklifini Azərbaycan Hökumətinə təqdim edəcək və gələn ildən bu layihəyə qoşulacaq. Ümumilikdə, layihənin ilkin göstəriciləri çox müsbətdir. Əlbəttə, ikiillik dövrün yekun monitorinqinin nəticələrini götürmək olar, amma, ilk altı ayın göstəriciləri göstərir ki, əhalinin bu proqrama həm böyük rəğbəti var, həm də bu mexanizmdən ciddi şəkildə yararlanır.

Gələk may ayında açılmış DOST mərkəzinin fəaliyyətinə.

İki aydan bir az artıq dövrdə 20 min vətəndaşımız bu mərkəzə müraciət edib. Hər bir müraciətçi xidmət gördükdən sonra orada elektron qaydada xidmətin səviyyəsini qiymətləndirir. Bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçib, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq. Bu gün artıq 126 xidmətin hər biri DOST mərkəzində göstərilir. İlin sonunadək növbəti mərkəzin açılması istiqamətində ciddi iş aparılır. Daha 3 mərkəzin açılması üçün işlər görülür.



Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var. Beləliklə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizə yaxınlaşır. Nadir ölkələrdə bu qədər qazlaşdırma aparılır. Elektrik enerjisi ilə bağlı böyük generasiya gücləri yaradılmışdır və Azərbaycan bu baxımdan yenə də ön sıralardadır. Çünki biz öz enerji təhlükəsizliyimizi təmin edə bilmişik. Bu il mövcud stansiyalarda aparılan yenidənqurma işləri nəticəsində əlavə generasiya gücü əldə ediləcək. Bütün bölgələrimizdə içməli su layihələri icra edilir və bu il də bir neçə şəhərin içməli su problemi həll olunacaq. Buna da çox böyük diqqət göstərilir. Hər il təxminən 100 min hektar torpağın suvarılması ya yaxşılaşır, ya da ki, suvarılmayan torpaqlara su çəkilir. Bu da çox önəmli məsələdir və bu məsələ ilə bağlı əlavə addımlar atılacaq.

İqtisadiyyat naziri Şahin Mustafayevin dediyinə görə, ilin əvvəlində təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramının icrasına başlanılıb. Üç dövlət proqramı böyük uğurla icra olunub və yekun nəticə olaraq əhalinin rifahının yüksəlməsinə yönəlmiş dövlət proqramlarının icrası, sözün əsl mənasında, Azərbaycanın regionlarının simasını köklü surətdə dəyişib. Regionların indiki vəziyyəti 15 il bundan əvvəlki vəziyyətindən həqiqətən, fundamental dərəcədə fərqlənir. Bu inkişafda qəbul etdirdiyiniz proqramların rolu müstəsna əhəmiyyət kəsb edir.

Artıq sənaye pakları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Eyni zamanda, bu layihələrin fəaliyyəti nəticəsində artıq 1,5 milyard manatlıq məhsul istehsal olunub ki, onun da 300 milyon manatlıq hissəsi ixraca yönəlib.

Regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparılır. Tapşırığınıza uyğun olaraq 51 aqroparkın yaradılması istiqamətində ciddi addımlar atılıb. Artıq nəticələr var. İyirmi iki aqropark faktiki fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlayacaq. Bu layihələrin icrası nəticəsində ölkə iqtisadiyyatına 2,4 milyard manat əlavə investisiya qoyulacaq. Eyni zamanda, bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaq.



Həmçinin investisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb.

Aydındır ki, biznes mühiti üçün layiqli, səviyyəli infrastrukturun mövcudluğu əsas şərtdir. Bu baxımdan infrastruktur layihələrinin icrasının davam etdirilməsi regional proqramın əsas məqsədlərindən biridir. Elektrik, qaz təchizatı, yolların çəkilməsi, xüsusilə kənd yollarının çəkilməsi və son illər ərzində bu istiqamətdə görülən işlər, doğrudan da regionlardakı vəziyyəti ciddi surətdə dəyişib. Artıq kənd yerlərində mövcud olan köhnə yolların böyük hissəsi təmir olunub və yüksək səviyyəyə qaldırılıb. Bu da həm əhalinin rifahının yaxşılaşmasına, həm də iqtisadiyyatın inkişafına çox müsbət təsir göstərib.

Regionların sosial-iqtisadi inkişafı proqramlarının əsas məqsədlərindən biri də məhz sosial sahədə layihələrin həyata keçirilməsi idi. Bu sahədə də böyük həcmdə işlər görülüb, 3 mindən çox məktəb yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub. İki ildir artıq yeni yanaşma da mövcuddur - modul tipli məktəblərin tikintisinə də başlanmışdır. Bu, ilk növbədə, kiçik kəndlərdə, ucqar regionlarda yerləşən kənd məktəblərinə aid idi. Bu proqram da uğurla icra olunur.

Və ən nəhayət, biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının "Doing Business" proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.

O ki qaldı, infrastruktur layihələrinə, əlbəttə, bir çox layihələr icra edilib, o cümlədən sosial infrastrukturla bağlı və bu il də icra ediləcək. Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapır.



Güzəştli şərtlərlə verilən kreditlərin həcmi bu il 170 milyon manat səviyyəsində idi. Bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb. İlin ikinci yarısında 120 milyon manat həcmində güzəştli kredit veriləcək. Layihələr qəbul olunub, baxılıb və hazır layihələr müəyyənləşdirilib.

Büdcə daxilolmalarımız artır. Eyni zamanda, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız rekord həddə çatıb - 49 milyard dollar səviyyəsindədir. Bu ilin altı ayında valyuta ehtiyatlarımız 4 milyard dollar artıb. Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bir il ərzində xarici borcumuz 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur. Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ki, ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür. Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik.

İnflyasiya qeyd etdiyim kimi, 2,5 faizdir. Bu, yaxşı göstəricidir. Manatın məzənnəsi də sabitdir.

İlin əvvəlindən bəri ixracımız 15 faizdən çox artıb. Amma fərəhli hal odur ki, artıq qeyri-neft ixracımız ümumi ixracdan geridə qalmır, o da 15 faiz səviyyəsində artmışdır və qeyri-neft idxalının əhəmiyyətini üstələməkdədir.



Neftin qiyməti ilin əvvəlindən 20 faizə qədər artıb və 66 dollardır. Bu, bizim daxili proqnozlarımızda, yəni büdcə və sosial-iqtisadi proqnozlarda qoyduğumuz proqnozdan 6 dollar çoxdur. Strateji valyuta ehtiyatlarımız son illərdə əhəmiyyətli dərəcədə artıb. Biz inamla bütövlükdə böhrandan öncəki səviyyəni bərpa etməyə doğru gedirik. Qırx doqquz milyard dollar bizim ümumi daxili məhsuldan daha çoxdur. Bu, Azərbaycanın həm yüksək beynəlxalq ödəmə qabiliyyətini, həm də yüksək maliyyə təhlükəsizliyini ifadə edir.

İqtisadi artım davamlıdır. Bütövlükdə 6 rübdür ki, ümumi iqtisadi artım, 10 rübdür ki, qeyri-neft sektorunda iqtisadi artım davam edir. Bu, onun davamlılığını göstərir. İlin sonuna qədər qarşıda duran vəzifə makroiqtisadi sabitliyin qorunub saxlanması və onun inkişaf etdirilməsindən ibarətdir. Biz bunu təmin etməliyik. Sentyabr ayında sosial paketin ikinci mərhələsi başlayır. Bütövlükdə bunu təkcə sosial bir paket kimi yox, həm də yeni iqtisadi artım modelinin bir amili kimi görürük. Çünki bütövlükdə əhalinin daxili tələbatının canlanması daxili istehsalın canlanmasına, ixracın şaxələnməsinə dəstək verəcək. Amma başlıca vəzifəmiz bütövlükdə bu sosial proqramların, əhalinin real gəlirlərinin artması prosesini dəstəkləmək, aşağı inflyasiyaya nail olmaqdır.

Bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib. Həyata keçirilən tədbirlər nəticəsində əsas məsələ düzgün texniki təminatın təmin edilməsi olub. Belə ki, hər il fermerlərimiz bu sahə ilə bağlı çoxsaylı müraciətlər ediblər. Amma dislokasiya sisteminin qurulması, xüsusilə də müasir avadanlıqlardan istifadə edilməsi, kombaynlara GPS quraşdırılması və onların düzgün dislokasiyası nəticəsində bu il taxıl biçini 20 gün tez başa çatıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Ötən ilə nisbətən hər hektardan təxminən 2 sentner daha çox məhsul əldə edilib. Bununla yanaşı, hazırda qarşımızda duran əsas vəzifə pambıqçılığın inkişafı ilə bağlıdır. Pambığın tədarükü növbəti aydan - sentyabrdan başlayacaq. Həm texnika, həm də gübrə ilə tam təminat üçün işlər həyata keçiriləcək.

İnşaat sektorunun canlandırılması istiqamətində addımlar atılır. Hazırda Bakı şəhərində bir neçə yüz yaşayış binasının tikintisi gedir. Bu, müsbət haldır. Bu, inşaat materialları sektoruna da müsbət təsir göstərir, iş yerlərinin açılması üçün şərait yaradır. Onu da bildirməliyəm ki, ilin əvvəlindən 60 min yeni iş yeri açılıb. Onların bir hissəsi dövlət sektorunda açılmışdır. Biz bunu ona görə edirik ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıbdır.

Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq.



İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun. Qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Ancaq onu da bilməliyik ki, bu gün iqtisadi inkişafımız üçün əsas sektor neft-qaz sektorudur.

Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Qeyd etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq.

Vergi, gömrük sistemində aparılan islahatlar, inzibatçılıq sahəsində görülən işlər və daxilolmaların artımı əlbəttə ki, büdcəmizin əsas mənbəyi olmalıdır. Biz vəsaitdən çox qənaətlə istifadə etməliyik. Xüsusilə dövlət investisiya layihələrinə çox ciddi nəzarət olmalıdır. Dövlət şirkətlərində korporativ idarəetmə sistemi yaradılmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verilib.

Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik.

Elçin Alıoğlu
Milli.Az

OXŞAR XƏBƏRLƏR
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025