AŞPA-da müzakirə olunan hər iki qətnamə layihəsinin müəllifi mənəm.
Daha doğrusu, üç qətnamə layihəsi var idi: birincisi, Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabatı, ikincisi Melitsa Markoviçin Sərsəng su anbarı ilə harayı ilə hesabatı, üçüncüsü, girov götürülmüş iki azərbaycanlıyla bağlı layihəsi. Lakin o vaxt fitnəkar, Azərbaycanın düşməni olan AŞPA-nın baş katibi Voytsex Savitski sonuncu qətnamə layihəsini ört-basdır etməyə çalışdı.
"Korrupsiya və Qanun" saytı" Axar.az a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov deyib. Millət vəkili APA-ya müsahibəsində bildirib ki, 3-cü qətnamə layihəsinin bəndlərindən biri Ermənistanın hər iki girovun tezliklə azadlığa buraxması tələbi idi:
“Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat komitələrdə də böyük səs çoxluğu ilə qəbul olunmuşdu. Ancaq son mərhələdə sənədin qəbul olunmaması artıq gözlənilən idi. Bunun səbəblərindən biri diplomatiyamızın, mediamızın, siyasətçilərimizin bu məsələdə lazımı səyi göstərməməsidir.
Çox maraqlıdır, işğalçı, təcavüzkar ölkə öz işğalını, təcavüzünü avropalıların məntiqinə yeridir, bu işdə “günahsızlığını” göstərmək istəyir. Elə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı da bir çağırış idi. Bu işdə ən böyük zərbəni o bəyanat vurdu.
Həmçinin, Avropanın ən böyük partiyası olan Avropa Xalq Partiyasının sədri məhz Sərkisyan ona məktubla müraciət etdiyi üçün gəlib qrupuna təsir etdi, onları öz iclaslarında bu hesabata səs verməməyə çağırdı. Bütün bu proseslər əlbəttə bizi məğlubiyyətə düçar etdi”.
E.Süleymanovun sözlərinə görə, bu hesabatın kökü, qüdrəti adı ilə bağlı idi:
“23 ildə həmişə bu məsələlər müzakirə olunanda işğal edilmiş ərazilər qeyd edilməyib, ancaq “Dağlıq Qarabağ münaqişəsi” deyilib. Axı bu münaqişə deyil, münaqişə tərəflər arasında ziddiyyətdir.
Burada konkret olaraq işğaldan söhbət gedir. Məhz buna görə də Ermənistan Avropa Şurasına üzv dövlətlərin prezidentlərini, baş nazirlərini, xarici işlər nazirlərini, hökumət nümayəndələrini bu hesabatın ləğvinə cəlb etmişdilər”.
Elxan Süleymanov böyük bir ədalətsizliyin, haqsızlığın şahidi olduqlarını bildirib: “Hesab edirəm ki, AŞPA demokratiya evi deyil, bura istədiyini edə bilən bir təşkilatdır. Bunlar bir gün belə edir, sabah başqa cür. Bunlar göz görə-görə işğal faktını dandılar.
Mən buna, əlbəttə, çox təəssüflənirəm. Avropa Şurası nüfuzunu itirmiş təşkilatdır. Bu təşkilat yalançı, fırıldaqçı qətnamə və sənədləri ilə dünyanın gözünü bağlayır, sadə insanları aldadır, ictimai fikri çaşdırır”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində ötən gün “Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri” qətnaməsi 98 lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib (40 deputat bitərəf qalıb), Robert Uolterin (Böyük Britaniya) “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” qətnaməsi isə 70 əleyhinə, 66 lehinə olmaqla (45 nəfər bitərəf) qəbul edilməyib.