
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla geniş tərkibdə görüş keçirib.
Görüş zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb.
Dövlət başçısı bildirib ki, iki ölkə arasında əməkdaşlıq çoxşaxəlidir və yaxın perspektivdə yeni sahələri də əhatə edə bilər. Xüsusilə enerji sektorunda, o cümlədən yaşıl enerji sahəsində mühüm layihələrin həyata keçirilməsi diqqət mərkəzindədir.
Prezident İlham Əliyev Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının istifadəyə verilməsini də xatırladıb. Bildirilib ki, həmin layihənin reallaşdırılmasında Birləşmiş Ərəb Əmirliklərinin investisiyaları mühüm rol oynayıb.
Dövlət başçısının sözlərinə görə, bu layihə yalnız başlanğıc mərhələsidir. İmzalanmış müqavilələr, kontraktlar və anlaşma memorandumları əsasında Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana, xüsusilə enerji sektoruna investisiyalarının artırılması nəzərdə tutulur.
Görüşdə Azərbaycanın yaşıl enerji potensialından istifadə məsələləri də müzakirə olunub. Qarşıdakı dövrdə Azərbaycanda 10 qiqavat həcmində yaşıl enerjinin istehsalına dair planların olduğu diqqətə çatdırılıb.