KORRUPSİYA-Q.AZ
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən təsisatlarının rəhbərlərinin iştirakı ilə iyulun 9-da Tərtər rayonunun Şıxarx qəsəbəsində “Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil” adlı tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbir ilbəil kəskinləşərək dünya birliyində böyük narahatlıq doğuran qaçqınlıq və köçkünlük probleminə, Azərbaycanda bu probelmin həlli istiqamətində görülən işlərə və qarşıda duran məsələlərə həsr edilib.
Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksindəki klub-icma mərkəzində keçirilən tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını vurğulayıb. Xatırladılıb ki, ölkəmizin işğal edilmiş ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması barədə BMT-nin qəbul etdiyi qətnamələr hələ də icra olunmayıb. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin qaçqın və məcburi köçkün probleminin həlli sahəsində sistemli dövlət siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri qeyd edilib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınların və məcburi köçkünlərlərin problemlərinin həlli üçün ardıcıl və məqsədyönlü iş aparıldığı, bu sahəyə cavabdeh olan Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirildiyi, məsuliyyətinin daha da artırıldığı diqqətə çatdırılıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında Birinci Vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüslərinin, Heydər Əliyev Fondu tərəfindən icra edilən layihələrin mühüm əhəmiyyət daşıdığı bildirilib.
Azərbaycanda qaçqınlıq və köçkünlük probleminin ən kəskin dövründə beynəlxalq təşkilatların xalqımızı humanitar fəlakətdən qurtarmaq üçün göstərdiyi səylər xatırlanıb və bu işdə fəal iştirak edən BMT təsisatlarına minnətdarlıq ifadə olunub. Ölkəmizin ərazi bütövlüyünün tez bir zamanda bərpa edilməsi üçün dünya birliyinin, beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsinin vacibliyi qeyd edilib. Eyni zamanda qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, sağlamlıq problemlərinin həllində beynəlxalq qurumların ölkəmizlə əməkdaşlığı daha da genişləndirməsi arzu edilib.
Azərbaycan torpaqlarının tezliklə işğaldan azad ediləcəyinə, məcburi köçkünlərin öz doğma yurdlarına Böyük Qayıdış proqramının icrasına başlanılacağına inam ifadə olunub.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai beynəlxalq qurumun təmsilçilərinin bölgəyə səfərini ölkəmizdəki qaçqınlara və məcburi köçkünlərə diqqətin təzahürü kimi səciyyələndirib. O, Azərbaycanın inkişaf etmiş ölkə kimi bu kateqoriyadan olan insanların probleminin həllində dünyaya nümunə göstərdiyini qeyd edib, onların çadır düşərgələrdən yeni və rahat mənzillərə köçürülməsinin, hökumətin bu sahədəki fəaliyyətinin beyənəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qarabağ məsələsinin ədalətli həllinə, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün zəruri tədbirlərin görülməsinə beynəlxalq qurumların bundan sonra da dəstək verəcəyi vurğulanıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso 1995-1997-ci illərdə də Azərbaycanda çalışdığını, o zaman məcburi köçkünlərin, müharibədən əziyyət çəkən insanların çətin, məşəqqətli günlərinin şahidi olduğunu xatırladıb. Həmin dövrdə Ali Komissarlığın 10 minə yaxın insanın mənzil şəraitinin yaxşılaşmasına yardım etdiyini qeyd edən diplomat bu sahədə Azərbaycan hökumətinin fəaliyyətinin, ölkənin artan sosial-iqtisadi imkanlarının bu problemlərin həllinə yönəldilməsinin təqdirəlayiq olduğunu bildirib. Bildirib ki, bu günkü görüş BMT agentliklərinin məcburi köçkünlərin hazırkı dövrdə ehtiyaclarını öyrənməsinə və gələcə fəaliyyətləri buna uyğun qurmalarına kömək edəcəkdir.
Səfər çərçivəsində, həmçinin BMT-nin Gənclərdən ibarət Məşvərət Şurası məcburi köçkün gənclərə Dayanıqlı İnkişaf Məqsədləri barədə təlim keçib.
Tədbirdən sonra BMT təmsilçiləri Tərtər rayonunun Bəyimsarov kəndində olub, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.