"Toy günü bildim ki, mənim başqa bir həyat yoldaşım da var"
Hər zaman toyda-büsatda iştirak edib, maraqlı məqamlarla rastlaşan şou əhli görəsən öz toy günlərində hansı unudulmaz anlar yaşayıblar?
Şou-biznes nümayəndələrimiz Alternativ TV-də (Region TV) yayımlanan “Şou məkan” proqramında bu suala cavab veriblər.
Manaf Ağayev: “Mənim toyumda yaxşı dava düşmüşdü. O yadımda qalıb”.
Azər Şirin: “Mənim toyumda ayıq adam yox idi. Həyatımda oynadığını görmədiyim insanlar belə rəqs edirdilər”.
Ceyhun Qala: “Ən maraqlı məqam toyun axırında olan haqq-hesab məsələsidir”.
Elməddin Cəfərov: “O vaxtı toyuma Bakıdan qonaqlar gəlmişdi. Apardım onları gəzdirməyə. Allah rəhmət eləsin, Hüseyn Dərya da gəlmişdi. Getdim, qonaqları qarşıladım. Toya gecikmişdim 1 saat. Yadıma düşürdü ki harasa getməliyəm. Birdən dedim ki, bu gün mənim toyumdur axı. Öz toyuma gecikirəm. 1 saat gecikmişdim”.
Elvin Abdullayev: “Çoxlarının gəlib pul yazdırmaması”.
Mətanət İsgəndərli: “Təsəvvür elə ki, mən gəlin gedirəm, gəlin maşının qarşısında isə meyid aparırdılar.
Kamil Zeynallı: “Mən Gülaygilə gedəndə gül yadımnan çıxmışdı. Gülü motosikletlə maşınların arası ilə tez gətirib ordan gülü mənə atdılar. Mən də elə getdim”.
Kərim: “Gəlib yeyib-içib, ancaq pul yazılmayan o qədər adam var idi ki”.
Xatun: “Mənə gəlinlik gətirmişdilər. Bəyənmədim. Bacım da nişanlı idi. Ona gətirilən gəlinliyi bəyəndim və çətinliklə ondan alıb geyindim. O da ancaq heç birimizə düşmədi”.
Hətta, toy günlərini xatırlamayan şou-biznes nümayəndələri də var.
Elton Hüseynəliyev: “Artıq 9 il keçib. Heçnə yadımda deyil”.
Hacı Nazim: “Mən toy günümdə bilmişəm ki, mənim kəbinli 2-ci həyat yoldaşım da var. Sən demə 2006-cı ildə bir xanımın Həc ziyarətinə getməsi üçün o vəsiqəni təqdim etmişəm və kəbin kəsdirilib. Yaddan çıxıb ki, boşanılmayıb.
Fərda Xudaverdiyev: “Mənim toyumda kənardan o qədər adam gəlmişdi ki. Baxırdım ki, mənim toyumdursa, bunlar kimdir? Hətta, müğənniləri də çox incidirdilər. Xüsusilə Rəqsanəni. Sonda atam dedi ki, bunlar kimdir? Dedim ki, tanımıram. Nəhayət, çıxdıq çölə. Soruşduq kimsiz? Dedilər ki, heç nə, eşitdik sənin toyundur, dedik gələk yeyib-içək. Biz də dedik ki, otur ye-iç də, camaatla nə işin var?"
Elariz Məmmədoğlu: “O vaxtlar yallı rəqsi hər toyda olmurdu. Bu mənim toyumda baş vermişdi və söz-söhbəti hər tərəfə yayılmışdı”.
Rəşad İlyasov: “İlhamə xanım mənim toyumda çox fərqli bir çıxış etdi. “Yaşın nə fərqi var ki” mahnısını İlhamə xanım mənə təklif etdi ki, oxuyaq. Əlini mikrafonun üzərinə qoyaraq dedi ki, canım mənim, çünki estradada səndən gözəlin görmədim”.
Elmira Ələkbərzadə: “Ən gözəli o idi ki, bizim masamız, yəni bəy-gəlin masası qonaqların masasının ortasında idi. Bundan başqa qonaqları mən özümlə Emil qarşılayırdıq. Toy başladıqdan sonra isə mən dikdabanlarımı atdım kənara və baletkalarımı geyinib başladım rəqs etməyə.
Ayaz Qasımov: “Zamiq, Emil Bədəlov, İlkin Həsəni, Kamil Zeynallı. Bunlar məni qaldırdılar göyə, az qaldım düşüm sotulun üzərinə".
Ədalət Şükürov: “Bibilərim gəlmişdi Qazaxdan. Hər birinin yanında silah vardı. Mən onda dedim ki, ay maşallah, bunlar hamısı tapança ilə gəzirmişlər ki".
Roza Zərgərli: “Toyumda ən yadda qalan o idi ki, hər kəs öz toyunda şlyapa geyinərdi, ancaq mən dava saldım ki geyinmirəm. Bir dənə çələngi taxın bəsdirin".
Səməd Səmədov: “Mənim ikinci toyum idi və qohumlar da az idi. Sadəcə dostlar və rəfiqələr vardı. Orda belə maraqlı məqam yadımda deyil”.