Azərbaycan İdeyası

İcbari tibbi sığortadan faydalanan xəstələr Mərkəzi Klinikaya sərf eləmir

Tarix:1-09-2023, 14:57
Baxış Sayı:321

İcbari tibbi sığortadan faydalanan xəstələr Mərkəzi Klinikaya sərf eləmir
Məlum olduğu kimi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri ilə müqavilə imzalanıb. Vətəndaşlara tibbi xidmətlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadıqda vətəndaşa Agentliyin müqavilə bağladığı tibb müəssisələrindən (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) birinə göndəriş vərəqəsi verilir. Belə müqaviləli müəssisələrdən biri də Bakıdakı Mərkəzi Klinikadır.
Bəllidir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığorta zərfinə aid olan tibbi xidmətlərin və dərman preparatlarının pulunu qarşılayır və xidməti göstərən səhiyyə müəssisələrinə ödəyir. Belə çıxır ki, Mərkəzi Klinika icbari tibbi sığorta hesabına xəstələrə xidmət göstərməkdənsə, onların özlərindən pul almağı üstün tutur. Yəqin, Dövlət Agentliyi gördükləri iş üçün tibb müəssisəsi ilə daha ciddi haqq-hesab aparır, nəinki vətəndaşlar.
Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 169 ünvanda qeydiyyatda olan Süleymanov Vüsal Mübariz oğlu ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, Mərkəzi Klinikada açıq ürək əməliyyatına məruz qalan qohumunun aldadılaraq tibbi sığortadan faydalanmaq imkanından məhrum edildiyini bildirmişdir.
Yazır ki, bu ilin fevral ayının 6-da xalası oğlu Qarakişiyev Natiq İnşalla oğlu Mərkəzi Klinikada anju əməliyyatı ilə birgə 3200 (üç min iki yüz) manat pul ödəmişdir. Sonradan üz tutduqları TƏBİB-dən bildirilib ki, ödədikləri puldan 70-80 faizi, yəni 2100 (iki min bir yüz) manatı icbari tibbi sığorta ilə əhatələnən xidmətlərə görə olduğundan, həmin məbləğ onlara iki ay ərzində qaytarılacaqdır.
Amma hələ iyulun 3-də klinikadan ona zəng vurub bildiriblər ki, əməliyyatı icra edən Firdovsi həkim vəsaitin qaytarılmasına icazə vermir. Yenidən üz tutduqları TƏBİB isə ilkin mövqeyinin üstündə durub və xəstənin qohumlarını vəsaiti mütləq alacaqlarına arxayın edib. Əməliyyat olunan N.Qarakişiyev 16 iyul 2023-cü il tarixdə Almaniyaya getdiyindən, getməmişdən iki il əvvəl ona (Vüsal Süleymanova) etibarnamə verib ki, adından çıxış edərək vəsaitin Mərkəzi Klinikadan geri alınması ilə məşğul olsun.
Di gəl, dörd aydan çoxdur ki, V.Süleymanov klinikadan pulu geri ala bilməmişdi. Redaksiyamızın konstruktiv müdaxiləsindən sonra məsələnin müsbət həllinə axır ki, nail olundu. İlk əvvəl Firdovsi həkimə zəng vurmuşduq. O, suallarımıza klinikanın hüquqşünasının cavab verə biləcəyini demişdi. Hüquqşünas isə bildirmişdi ki, əvvəldən yanlışlıq olub, yəni, xəstənin icbari tibbi sığortadan istifadə etmək istədiyini bilməyiblər. TƏBİB-lə əlaqə saxladığımızda da xəstə yiyəsinə dediklərini bir daha təsdiqlədilər. Nəhayət, V.Süleymanov redaksiyamıza xəbər verdi ki, Mərkəzi Klinika onlara 2040 (iki min qırx) manat pul qaytarmış, yəni, nəyəsə görə vəsaitin 60 (altmış) manatını saxlamışdır.

Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Vahid bilet sistemi vətəndaşlara hansı üstünlükləri verə bilər? - VİDEO
Vahid bilet sistemi vətəndaşlara hansı üstünlükləri verə bilər? - VİDEO
Azərbaycanda tanınmış həkim vəfat etdi
Azərbaycanda tanınmış həkim vəfat etdi
Əşrəf Hakimi ən titullu afrikalı futbolçu oldu
Əşrəf Hakimi ən titullu afrikalı futbolçu oldu
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı