
Sovet dönəmində Abşeron rayonunun tərkibində maldarlıq təsərrüfatı kimi fəaliyyət göstərən Hövsan Südçülük Sovxozunun ərazisi böyük bir yaşayış sahəsinə çevrilib. Amma son 30 ildə burada tikilmiş fərdi həyaətyanı sahələrdə maldarlıqla məşğul olan ailələr yenə də üstünlük təşkil edir. Artıq həmin ərazidə təxminən 50 mindən çox fərdi yaşayış evləri tikilərək böyük bir yaşayış sahəsinə çevrilib. Xəzər rayonu Binə qəsəbəsinə isə Hövsan Südçülük Sovxozu yaşayış ərazisi kimi daxil olub.
Sözügedən ərazidə mübahisəli torpaq sahələri də çoxdur. Bir çox hallarda mübahisə tərəflərinin hansının haqlı, hansının haqsız olduğu da aydındır. Lakin hüquq-mühafizə, cinasyət təqibi orqanlarının biganəliyi, vətəndaş müraciətlərinə qeyri-həssas yanaşması mübahisələrin həllini ləngidir, ya da haqsız tərəfin xeyrinə nəticələnməsinə səbəb olur.
Qax rayonunun Qaşqaçay kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan Rəhimov Mehdi Nazim oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirib ki, Abşeron rayon Hövsan Südçülük Sovxozu ərazisində 3 sot torpaq sahəsini Bəşirov Nizam Xanağa oğlundan alıb (Onların arasında Bakı şəhəri 31 saylı notariat kontorunda təsdiqlənmiş 02.12.2014-cü il tarixli 70 il müddətli etibarnamə imzalanıb. Sənədin təyin hissəsində görünür ki, Nizam Bəşirov Mehdi Rəhimova həmin torpaq sahəsində ev tikmək, torpaq sahəsinə aid zəruri sənədləri toplamaq, torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək, ümumiyyətlə, torpaq sahəsi ilə bağlı bütün sərəncamları vermək hüququnu etibar etmişdir.
Rəhimov yazır ki, həmin torpaq sahəsinə hasar çəkib, ev tikmək üçün mişar daşı töküb. Lakin 2025-ci ilin əvvəlində xəbər tutub ki, həmin torpaq sahəsi satılıb. Bilən kimi dərhal polisə zəng vurub şikayətini bildirib. Qəribədir ki, Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsi 29 may 2025-ci il tarixdə vətəndaş Mehdi Rəhimova yazdığı cavab məktubunu yalnız səkkiz ay sonra - 05 fevral 2026-cı il tarixdə təhvil verib. Məktubda yazılıb ki, M.Rəhimovun müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan, o, məhkəməyə müraciət etməlidir. M.Rəhimov isə bu qədər vaxtda polisdən cavab gözləyirmiş. Görəsən, polis bölməsində cavabın 8 ay yubadılmasına səbəb nə imiş?
M.Rəhimovun əldə edərək redaksiyaya surətini təqdim etdiyi “Çıxarış” sənədində isə sözügedən torpaq sahəsinin Sadıxov Lyudvik Cəfəroviç tərəfindən 18.08.2010-cu il tarixdən başlayaraq icarəyə götürüldüyü aydın olur.
Mövzuya qayıdacağıq.
Xuraman Quliyeva