Binəqədidəki hadisədən əvvəl və sonra baş verən yanğınların bir-biri ilə əlaqəli olması versiyası güclənir; Gəncədə əllərində dizel yanacağı ilə tutulan Rusiya vətəndaşını MTN polisdən niyə alıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində son illər Azərbaycan tarixinin ən məşum olayı - ötən il mayın 19-da Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş vermiş yanğınla bağlı məhkəmə prosesi keçirilir.
Prosesdə zərərçəkən ifadələrində üzə çıxan danılmaz faktlar, həqiqətlər iş üzrə aparılan istintaqı çox ciddi şəkildə şübhə altına alır. 15 nəfərin dünyasını dəyişməsi, 56 nəfərin xəsarət alması ilə nəticələnən yanğının qəsdən törədilməsi haqda iddialar getdikcə daha çox səslənməyə başlayır.
1-ci fakt
2016-cı il iyulun 15-də keçirilən prosesdə zərərçəkən Naibə Mahmudova ittihamı darmadağın edən son dərəcə ilginc ifadə verib. Deyib ki, bina 27 saniyəyə kibrit qutusutək alışmazdan əvvəl binaya bitişik tikilinin damında yanan top şəkilində iki bükülü görüb.
Yanan bir-birindən 40-50 santimetr aralı olan sıxılmış kağız topaları idi
Zərərçəkənin məhkəmədə verdiyi ifadədən sitat:
“Yanıq iyi hiss etdim, rezin iyi gəlirdi. Aşağı baxanda gördüm ki, binaya bitişik qeyri-yaşayış sahəsinin üstündə 2 kağız topası yanır. Orada zibil-zad yox idi. Yanan bir-birindən 40-50 santimetr aralı olan sıxılmış kağız topaları idi. Siqaret tüstüsü kimi ağ tüstü çıxırdı. Tez qışqırdım ki, su tökün. Özüm də mətbəxdən qazanda su gətirib yuxarıdan tökdüm. Amma tüstünün artdığını görüb evdən çıxdıq. Biz aşağı çatanda artıq bina alışmışdı”.
Zərərçəkənin məhkəmədə dediklərindən aydın olur ki, o, bu müəmmalı şəkildə yanan kağız topları haqda iş üzrə istintaq aparan qrupa da məlumat verib. Hətta onun ifadəsini yerindəcə videoya çəkməklə yoxlayıblar! Amma iş materiallarına əlavə etməyiblər!!!
Zərərçəkən məhkəmədə hakimə deyib ki, istintaq zamanı videoçəkiliş aparılıb və o, mənzilindən həmin hissəni - binanın damında sıxılmış vəziyyətdə olan topa kağızların yandığı yeri göstərib. Bəs, istintaqçılar bu haqda videonu, zərərçəkənin ifadələrinin yerində yoxlanılması haqda protokolu, zərərçəkənin ifadəsini iş materiallarına niyə əlavə etməyiblər? İstintaqın məqsədi həqiqətin üzə çıxmasıdırsa, bəs zərərçəkənin ifadəsi niyə yoxa çıxıb?
İstintaqın gəldiyi qənaətə görə, Binəqədidəki 16 mərtəbəli binanın poliuretan üzlüyü binaya bitişik 1 mərtəbəli tikilinin damındakı zibil topasının üzərinə siqaret külünün düşməsindən alışıb.
2-ci fakt
İyulun 15-də keçirilən prosesdə digər zərərçəkən Səbinə Orucovanın hakimə anlatdıqları da rəsmi versiyanı təkzib edir. S.Orucova bildirib ki, binaya bitişik olan qeyri-yaşayış sahəsinin üzərində binanın üzlənməsindən sonra zibil olmayıb. Bəs siqaret külünün düşdüyü zibilin alışması uydurması kimə lazımdır? Zərərçəkənlərin ifadələri ilə təkzib olunan bu versiyanın əsas götürülməsi hansı zərurətdən doğub?
Faktlar...
Ötən saylarımızdan birində Binəqədidəki yanğından əvvəl və sonra ölkə ərazisində, xüsusən Bakı şəhərində qəsdən yandırılma hallarının qeydə alındığını yazmışdıq. Qeyd etmişdik ki, Azərbaycanın ev sahibliyi etdiyi Avropa Oyunları ərəfəsində və sonra ardıcıl yanğınlar törədilib. Həmin yanğınlar Binəqədidəki məşum olaydan fərqli olaraq sırf diqqət çəkməsi üzündən genişlənə, faciəvi sonluq olmadan söndürülüb. 2014-cü il noyabrın 26-da Bakıda, Qaraçuxur qəsəbəsində məscidin yandırılmasına cəhd olub. Gecəyarısı 2 şəxs məscidin içinə neft məhsulu ilə doldurulmuş 5-6 ədəd yarımlitirlik şüşə atıblar. Meydana gələn yanğın haqda məscid gözətçisi xəbər verdikdən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.
Bundan sonra 2015-ci il aprelin 10-da, Zığ şosesi küçəsi 16 ünvanında hündürmərtəbəli binanın üzlüyündə qəfil alışma sırf xoşbəxtlik üzündən tələfatsız ötüşüb.
Binanın üzlüyündə yanğın giriş-çıxış qapıları olan hissədə başlasaydı, acı bir nəticə ola bilərdi.
2015-ci il mayın 16-da, Nərimanov rayonu, Koveroçkin küçəsində yerləşən hündürmərtəbəli binaya bitişik qeyri-yaşayış sahəsində qəsdən yandırılma faktı qeydə alınıb. Binaya gizli yolla daxil olan şəxslər neftə batırılmış kəndirləri binanın içində yandırıblar. Gecəyarısı alovun dillərini görən taksi sürücülərinin vaxtında FHN-ə xəbər vermələri, özlərinin alovun qarşısını almaları üçün tədbirlər görməsi acı sonluğun qarşısını alıb. Taksi sürücüləri alov dillərini vaxtında görməsə idi, alov rahat şəkildə qeyri-yaşayış sahəsində genişlənib tikilinin bitişik olduğu və “poliuretan”la üzlənmiş hündürmərtəbəli binasına keçəcəkdi.
Maraqlı məqamlardan biri budur ki, qəsdən yanğın törədilməsi haqda həmin günlərdən başlayaraq bu günə qədər rəsmi məlumat verilməyib!
Bilinən odur ki, binanın qəsdən yandırılması faktı üzrə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində yanğından sonra cinayət işi başlanılıb.
Məntiqlə Nərimanovdakı yanğından 3 gün ötmüş Binəqədidə baş verən, ölkəni yasa batıran yanğından sonra yaradılmış istintaq qrupu bu yanğınla da bağlı araşdırma aparmalı idi. İşləri eyni icraatda birləşdirməli, araşdırma aparmalı idi. Bunun üçün çox ciddi əsaslar da olub.
1-ci məqam
“Global-Stone” şirkəti Binəqədidəki binanı 2012-ci ildə, Nərimanovdakı binanı 2015-ci il mayın əvvəlində təmir edib, poliuretanla üzləyib. Nərimanovdakı bina qəsdən yandırılmazdan 9 gün əvvəl, mayın 7-də binanın açılışı prezidentin iştirakı ilə baş tutub.
2-ci məqam
Binəqədidəki bina Dövlət Miqrasiya Xidmətinin, Nərimanovdakı bina isə Hərbi Prokurorluğun bir addımlığında yerləşib. Dövlət qurumlarının bir addımlığının odlanması dövlətə “əlcək atmaq” deyildi ki?
Üstəlik, Avropa Oyunlarına qatılmaq üçün Azərbaycana gələn xarici qonaqlar Dövlət Miqrasiya Xidmətinə zəruri sənədləşmə aparmaq üçün getdikləri də nəzərə alınmalıdır. Hər 2 olay Nərimanovdakı və Binəqədidəki binalarda yanğınlar Avropa Oyunlarına sayılı günlər qalmış baş verib.
Maraqlıdır ki, bundan sonra da qəsdən yandırılmalar dayanmayıb. Əksinə ölkənin dörd bir tərəfində törədilməyə başlayıb.
Mayın 24-də Gəncədə, Dədə Qorqud küçəsində hündürmərtəbəli yaşayış binalarından birinin üzərində “drujinnik”lə 2 şübhəli şəxsi saxlayıblar. Gecəyarısı əllərində dizel yanacağı ilə dolu kanistrlərdə damda gəzənlərdən biri Samux rayonun sakini, digəri isə Rusiya Federasiyasının vətəndaşı olub. “Drujinnik”lər tutuduqları hər iki şəxsi polisə təhvil veriblər. Hətta polisdən Gəncə İcra Hakimiyyətinə gecəyarısı damları əllərində yandırıcı maddə dolu kanistrlərlə gəzən şəxslər haqda məlumat verilib. Bu haqda MTN-in yerli şöbəsinə məlumat daxil olandan sonra hər iki şəxsi polisdən təhvil alıblar. MTN-ə aparılan hər iki şəxs sonradan istintaqa cəlb olunmayıb, barələrində cinayət işi başlanmayıb. Çox güman ki, onları polisdən azad etmək üçün təhvil alıblar. Bu şəxslərin kimlikləri niyə gizlədilib? Məqsəd nə olub?
2015-ci il iyunun 5-də Sumqayıt şəhərində Bayraq Meydanında Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin üzərinə sözləri yazılmış plakat yandırılıb. Qəsdən yandırılma faktı üzrə bu günə qədər istintaqa cəlb edilənlər yoxdur. Cinayət işinin başlanması haqda da bilgi verilməyib. Deməli, cinayət işi başlanmayıb. Niyə?
2015-ci il iyunun 5-də, Sumqayıtdakı yanğından bir neçə saat ötəndən sonra Bakıda, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşların şəxsi minik avtomobillərinin qəsdən yandırılması faktları qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 30-a yaxın bahalı maşının üzərinə neft məhsulu tökməklə yandırıblar.
Eyni yanğın zəncirinin halqaları?
Bu faktlar bizə məlum olan, eyni yanğın zəncirinin halqaları olmasını söyləmək üçün çox ciddi əsaslar verən faktlardır. Mümkündür ki, bu halqalar bütün yanğın zəncirini əhatə etmir, amma ümumi mənzərəni canlandırır. “Niyə Azərbaycanın istintaq orqanları bu faktların üzərindən sükutla keçirlər” sualına birmənalı cavab vermək çətindir.
İstintaqın zərərçəkənlərin ifadələri ilə ziddiyyət təşkil edən bir istiqamətə yuvarlanmasının cavabı da bu sualdan keçir.
3-cü məqam
Diqqətçəkən bir məqam da Binəqədidəki yanğından dərhal sonra binaların poliuretan üzlüyünün sökülməsinə Binəqədidən deyil, vəhhabilərin çoxluq təşkil etdiyi ərazilərdəki binalardan başlanması olub. Olaydan 1 gün sonra vəhhabi məscidinin, 30-a yaxın maşının yandırıldığı Qaraçuxur qəsəbəsindəki vəhhabilərin çoxluq təşkil etdiyi binadan başlayıb. Bundan 1 gün sonra Sumqayıtdakı yenə də vəhhabilərin çoxluq təşkil etdiyi binadan başlamaqla poliuretan üzlüklər sökülməyə başlayıb. Sökülmə əməliyyatının hər iki halda yanğın baş verdiyi ərazidən 50 kilometr aralıdan başlanması təsadüfi olub?
Yanan binanın həndəvərində poliuretanla üzlənmiş binaları görməzdən gəlinməsi niyə xidmət edib?
Nəhayət, poliuretanın tezalışan olması haqda istintaqın versiyası doğrudurmu?
Bu suala cavab vermək üçün apardığımız araşdırmalar çox maraqlı bir detal üzə çıxardı. 2015-ci il aprelin 10-da Xətai rayonu ərazisində yaşayış binasında “THN” şirkətinin poliuretanla üzlədiyi binadakı yanğından sonra Fövqəladə Hallar Nazirliyində geniş tərkibli iclas keçirilib. İclasa FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov başçılıq edib. İclasda yeganə müzakirə olunan mövzu Azərbaycanda binaların üzlənməsində istifadə olunan poliuretanın tezalışan olub-olmaması olub. Araşdırmalar zamanı məlum olub ki, digər tikinti şirkətlərinin, “THN”in istifadə etdiyi poliuretan daha aşağı keyfiyyətli və odadavamlılığı daha azdır. Respublikaya keyfiyyətli “poliuretan” idxal edən bu gün rəsmiləri üzərində məhkəmə qurulan “Global-Stone”dir. Hətta həmin iclasda “THN” şirkəti rəsmilərinə xüsusi olaraq tapşırılıb ki, binaların üzlənməsində istifadə etdiyi poliuretanı məhz “Global-Stone”də qəlibləsin.
Belə bir halda poliuretanın tezalışan olmasının ittihamın əsasını təşkil etməsi nə dərəcədə doğrudur? (Yeni Musavat)