Azərbaycan İdeyası

STATUSSUZ VƏKİLLƏR KEYFİYYƏTLİ HÜQUQİ XİDMƏT GÖSTƏRƏ BİLMƏZLƏR

Tarix:22-07-2016, 14:53
Baxış Sayı:327

STATUSSUZ  VƏKİLLƏR KEYFİYYƏTLİ HÜQUQİ XİDMƏT GÖSTƏRƏ BİLMƏZLƏR
Korrupsiya və qanun qazetinə daxil olan şikayət ərizələri ilə bağlı xəbərlər
"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa görə, Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilər. Həmçinin, qanunvericiliyə əsasən, vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir.
Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş şəxsin vəkil olmaq imkanı var. Eyni zamanda, əvvəllər müvafiq ixtisas imtahanını müvəffəqiyyətlə vermiş vəkillərin və hakimlərin göstərilən testi vermədən vəkil işləməsi mümkündür. Hüquq elmləri doktoru alimlik dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apelyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər göstərilən testi vermədən və şifahi müsahibədən keçmədən vəkil ola bilərlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər. Dövlət qulluğunda çalışan şəxslər yalnız tutduqları vəzifədən azad edildikdən və bu qanunla müəyyən edilmiş qaydada vəkil statusu əldə etdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul ola bilərlər. Vəkil dövlət qulluğuna qəbul edildikdə, onun vəkillik fəaliyyəti dövlət qulluğundan azad olunanadək dayandırılır.
Amma müşahidələr göstərir ki, bu sahəyə təsadüfi adamlar da soxula bilir, nəhayətdə, onların vətəndaşlara göstərdikləri xidmətin səviyyəsi qeyri-qənaətbəxş olur.
Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi-110, mənzil-5 ünvanda yaşayan Qurbanova Elmira Namaz qızı redaksiyamıza göndərdiyi ərizədə göstərir ki, yaşadığı ev 1996-cı ildə Seyidov Kamil tərəfindən zəbt olunmuşdur: "Evimi geri qaytarmaq üçün mən 2007-ci ildə Xətai rayon Məhkəməsinə müraciət etmişəm. Bu işdə mənə kömək etmək üçün Cəfərov Rövşənlə vəkil qismində müqavilə bağlamışam. Rayon və apellyasiya məhkəmələri tərəfindən mənim xeyrimə qərar qəbul olunub. Sonra isə iş Ali Məhkəməyə verildi. Bu zaman Rövşən Cəfərov dələduzluq maddəsi ilə həbs olundu. Cəfərov Rövşənin qardaşı Cəfərov Elşən mənə kömək etmək məqsədilə məndən 1500 ABŞ dolları alaraq yoxa çıxdı. Sonra isə onun da həbs olunduğunu eşitdim. Bundan sonra həmin ofisdə vəkil kimi fəaliyyət göstərən Şahverdiyev Sakit Şahverdi oğlu ilə müqavilə bağladıq. Bu işə görə ona 1000 ABŞ dolları, 300 AZN, 200 ABŞ dolları və 150 manat pul vermişəm. Amma mənim işim axıra kimi həll olunmadı. Şahverdiyev Sakit işlədiyi ofisdən çıxıb getdi və mənə məlum olan telefon nömrələrini dəyişdi. Uzun müddət onunla əlaqə saxlaya bilmədim. Sonra Sakitin iş yoldaşı Vüsaldan onun təzə telefon nömrəsini alıb zəng etdim, şikayət edəcəyimi bildirdim. Sakit üç gün sonra telefon danılşığımızda sənədlərimi istədiyimdə, məni nalayiq söyüşlərlə təhqir etdi və "hara şikayət edirsən-et" dedi".
Şikayətlə əlaqədar "Korrupsiya vəı qanun" qəzeti qarşı tərəflə əlaqə saxlamışdır. Sakit növbəti həftənin birinci günü sənədləri qaytaracağını bildirmiş. sonra isə həmin müddəti çərşənbə gününə kimi yubatmış. ən nəhayət, yenidən təmasdan yayınmışdır.
Qanunvericiliyə əsasən, Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün mütləq vəkillə müqavilə bağlanmalı, vəkilin orderi şikayətə əlavə olunmalıdır. Digər məhkəmə instansiyalarında - ilkin və Apellyasiya Məhkəməsində isə bu qayda tətbiq olunmur. Bu instansiyalarda vətəndaş, fiziki və ya hüquqi şəxs özü, həmçinin nümayəndəsi vasitəsilə hüququnu qoruya bilər. Bu da vətəndaşlar üçün ən yuxarı instansiya məhkəməsinə çıxış üçün məhdudlaşdırıcı addım sayılır. Belə ki, birinci instansiya və apellyasiya mərhələsində hüquqlarını özü və ya nümayəndəsi vasitəsilə qorusa da, Ali Məhkəməyə kassasiya şikayəti vermək üçün tələb olunan vəkil orderinə görə, kollegiyanın üzvü olan biri ilə formal da olsa müqavilə bağlamalıdır. Bu isə maddi imkansızlıq ucbatından bir çox hallarda mümkün olmur və vətəndaşın hüquqlarının müdafiəsi üçün bütün zəruri addımlar atılmamış qalır. Bundan başqa, Ali Məhkəmə instansiyasından keçmədiyi üçün vətəndaş Avropa Məhkəməsinə də müraciət etmək hüququndan məhrum olur.
Böyük ehtimalla, Elmira Qurbanovaya "hüquqşünas" Cəfərov qardaşlarının və Şahverdiyev Sakitin vəkillik statusları olmayıb, onlar iş gəlib Ali Məhkəmə instansiyasına çatanda "aradan çıxıblar".
Xatırladaq ki, S. Şahverdiyevin bu tip əməlləri barədə əvvəllər də qəzetimizdə material dərc olunmuşdur. Qaradağ rayonunun Qobustan qəsəbəsi Yol Evi kəndində yaşayan Mövlamovlar ailəsinin başçısı Mövlamov Xəlifə Şirin oğlu redaksiyamıza müraciət edərək bildirmişdi ki, onun adına Unibankdan 4 min, Bank of Bakudan 1 min manat kredit qızı Arifə Fətəliyevanın adına, Kredobankdan 2 min həyat yoldaşı Mövlamova Gülayənin adına, Muğanbankdan 2 min oğlu İlqar Mövlamovun adına, qayınanası Mövlamova Mahizər Əlif qızının adına 800 qram qızıl zinət əşyası Turanbanka qoyularaq 6 min 8 yüz manat məbləğində pul götürülüb. Ailənin gəlininin bacısı oğlu Nofəl Nəsirov və onun dostu Sakit Şahverdiyevin təkidi ilə 15800 manat banklardan pul götürən ailə ümumilikdə 20 min manat məbləğdə pulu səfərbər edərək onlara vermişdir. Məqsəd də bu olub ki, Nofəl və Sakit X. Mövlamovun məhbəsdə olan oğlanları Nemət və Azərin həbslərinin qalan hissəsindən azad olunmalarına nail olsunlar. Lakin vasitəçilik edənlər nə verdikləri sözə əməl etməmiş, nə də pulu qaytarmayıblar. Xəlifə kişi dələduzlarla telefon söhbətini qeydə aldığı audioyazını da redaksiyaya təqdim etmişdi. Banklar öz işlərini görməkdə, borclarını tələb etməkdə, borcun üstünə faizləri, cərimələri hesablamaqda olublar.Yəqin ailə ümid edirmiş ki, oğulları azadlığa qovuşarlar, işləyib borcu qaytararlar. Bu arzuları həyata keçmədiyinə görə Mövlamovlar banklara borclarını qaytara bilməyiblər və bu üzdən məhkəmələrə çəkiliblər və uduzublar. Üstəlik, bankların iddia qaldırmalarına görə ödədikləri rüsum məbləğləri də cavabdeh Mövlamovların üzərinə yönəldilib.
Qeyd edək ki, Mövlayeva Gülayə Atabala qızının Kredobankdan götürdüyü pulun təminatı olaraq onunla Şahverdiyev Sakit Şahverdi oğlu arasında 15 noyabr 2013-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilə Sakitin “yaxasından yapışmaq” üçün Mövlamovların əlində yeganə hüquqi sənəd idi. Qaradağ məhkəməsi bu faktoru nəzərə alaraq, 03 fevral 2015-ci il tarixli Qətnaməsində zaminin də borclu ilə birlikdə kreditor qarşısında məsuliyyət daşıdığını qeyd etmişdir. Kredobank isə əslini Mövlayevlərə, surətini isə Şahverdiyevə göndərdiyi bildirişlərdə bu xüsusata ciddi əhəmiyyət verməmişdi. Bildirişlərdə zamin şəxsin ünvanı mücərrəd olaraq “Kəlbəcər rayonu” göstərilmişdi.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə