Bir il öncə "Dağ yəhudiləri" dini icmasının evindən quldurluqla külli miqdarda pul əldə edilməsi ilə bağlı cinayət işinə görə saxlanılanlardan iki nəfər azadlığa buraxılıb.
"Korrupsiya və Qanun" qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Eldar Avadyayev 2014-cü ilin 6 dekabr tarixində "Dağ yahudi"ləri dini icmasının sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Xalid Seyidov, Coşqun Əliyev, Türkanə Rəhmanova ilə əlbir olublar.
Onlar balta və bıçaqla silahlanaraq tanınmamaları üçün maska taxaraq həmin gün səhər saat 07 radələrində Xalid Seyidovun "İnfiniti" markalı avtomobili ilə Boris Sumanduyevin evinin qarşısına gəliblər.
Onlar evə daxil olaraq ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetiriblər. L.Simanduyeva basqınçılara müqavimət göstərərkən Coşqun Əliyev onu bıçaqlayıb. Bundan sonra özləri ilə gətirdikləri skotçla hər iki şəxsin əllərini və ağızlarını bağlayıb evi axtarmağa başlayıblar. E.Avadyayev Qırmızı qəsəbədə yerləşən Sinaqoqda 20 min manat pul olduğunu öyrəndikdən sonra oranın açarlarını Borisdən alaraq Türkanə ilə birgə Sinqaqoqa gedib. Amma bir neçə dəfə cəhd etməsinə baxmayaraq oranın qapısını aça bilməyib. Eldar və Türkanə Sinaqoqdakı pulu götürə bilməyib təkrar evə qayıdıblar. Eldar evin mətbəxindəki seyfin qapısını balta ilə sındıraraq içərisindəki 395 min dollar, 91 600 manat və 28 min rubl pulu və müxtəlif sayda qızıl-zinət əşyalarını, qol saatlarını, qızıl sikkələrini götürüblər.
Hadisə baş verən gün Quba RPŞ-də Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə cinayət işi açılıb. Dekabrın 10-da isə Goranboy rayon sakini Əfqan İbrahimov eyni maddələrlə təqsirləndirilərək həbs edilib.
Qafqazinfo xəbər verir ki, Ə.İbrahimovun vəkili Cavid Rzazadə Səbail Rayon Məhkəməsinə vəsatət verərək müdafiə etdiyi şəxs barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib.
Vəkil vəsatətdə bildirib ki, Əfqan İbrahimovun 06 dekabr 2014-cü il tarixində törədilən cinayətə heç bir aidiyyəti yoxdur: "Belə ki, Əfqan İbrahimov digər təqsirləndirilən şəxslərdən yalnız Eldar Avadyayevi tanıyıb, nə cinayətin törədildiyi 06 dekabr 2014-cü il tarixdə, nə də ki, ondan əvvəl hadisənin baş verdiyi Quba rayonu ərazisində olub. Əfqan İbrahimovun ibtidai araşdırma orqanına vermiş olduğu ifadəsindən görünür ki, təxminən 5 ilə əvvəl Moskvada yerləşən "Sadovod" bazarında icarəyə ticarət obyekti axtararkən konteynerlərin birinin üzərində olan telefon nömrəsinə zəng vurub konteyneri icarəyə götürmək iistəyib və beləliklə həmin konteynerin sahibi Eldar Avadyayevlə görüşüb tanış olublar. Sonrakı münasibətləri də yalnız işgüzar məqsədlə olub.
Əfqan İbrahimov 2014-cü ilin oktyabrında yaşadığı Goranboy rayonuna qayıdıb. Dekabrın 6-da Eldar ona zəng vuraraq üzərində pul olduğunu, saxlamaq üçün ona vermək istədiyini deyib. Əfqan İbrahimov ona pulu poçtla göndərməyi təklif edib. Eldar isə artıq yolda olduğunu və onlara gəldiyini bildirib. Eldar ona bir böyük torbada pulu və bir ovuc qızılı göstərərək onları saxlamağı xahiş edib. Külli miqdarda pulu və qızılları gördükdə Əfqan və anası narahat olub Eldardan onların hardan götürüldüyünü soruşduqda, Eldar onları sakitləşdirmək məqsədi ilə bildirib ki, gətirdiyi 160.000 ABŞ dolları məbləğində pul nənəsi və xalasının evlərini satıb əldə etdiyi puldur, bir ovuc qızıl isə nənəsinə, xalasına və anasına məxsus qızıllardır. Əfqan İbrahimov Eldarı xeyli müddət tanıdığından, Eldarın kifayət qədər böyük imkanlara malik olduğunu bildiyindən pulların və qızılların mənbəyi ilə bağlı Eldarın dedikləri onda şübhə yaratmayıb.
Əfqan İbrahimov hətta həmin qızılların sayı, çeşidi və digər xüsusatları, habelə aldığı pulların məbləği barədə bir kağız parçasına qeydlər edərək eyni ilə həmin kağızdan birini Eldara verib, digərini isə qızıllarla birlikdə sellfon paketə qoyub şüşə bankanın içərisinə yerləşdirib. Hər halda Eldarla Əfqan qabaqcadan əlbir olaraq cinayət törətmiş olsaydılar, bir-birinə qəbz verməklə cinayət yolu ilə əldə olunmuş əşyaları ata malı kimi təhvil-təslim etməzdilər.
Əfqan yaxın günlərdə Moskvaya qayıdacağından və evdə yalnız qadın və uşaqlar qalacağından qızılların və pulların evdə saxlanılmasının təhlükəli olması barədə anası ilə məsləhətləşib və qızılları həyətdə basdırmağa, pulları isə etibarlı bir adam verməyi qərar alıblar.
Əfqan anası ilə birlikdə qızılları evdə olan şüşə bankaya qoyub içərisinə də Eldarla birgə tərtib etdikləri, qızılların sayını və pulların məbləğini özündə əks etdirən kağız parçasını qoyub yenə də birlikdə aparıb həyətdə basdırıblar.
Növbəti gün, yəni dekabrın 7-də səhər saatlarında Əfqan İbrahimovun yaşadığı evə polis əməkdaşları gəldikdə Əfqan könüllü olaraq hadisəni danışıb qızılları basdırdığı yeri göstərib, evdə olan dolabın içinə qoyduğu pulları təqdim edib və həmin polis əməkdaşları ilə birlikdə Goranboy rayon Polis İdarəsinə gedib.
Polis İdarəsində Əfqanın telefonuna zəng gəlib və Eldar ona olduğu yeri deyib, o da polisə bu barədə məlumat verib. Əfqanda olan məlumat əsasında Eldar polis əməkdaşları tərəfindən saxlanılıb, Əfqan isə sərbəst buraxılıb. Dekabrın 8-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə mülki avtomobil ilə Quba rayonuna gediblər.
Əfqan Quba rayon Polis şöbəsində Mirmehdi adlı müstəntiqinə təqdim edilib, müstəntiq onun Qubada qalmalı olduğunu deyib. Əfqan İbrahimov tək Quba RPŞ-nin yeməkxanasında axşama qədər oturub gözləyib. Əfqan gecə saat 22:00 radələrində müstəntiq Mirmehdinin otağının qarşısında gözləyərkən RPŞ-nin rəisinin göstərişi ilə saxlanılıb, dekabrın 12-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Əfqanın həbsdə qaldığı 4 aydan artıq müddət ərzində onun nə ifadəsi alınıb, nə də ki, digər təqsirləndirilən şəxslərlə onun üzləşməsi həyata keçirilib.
Yuxarıda göstərilən halların ümumiləşdirilməsi belə qənaətə gəlməyə əsas verir ki, cinayət hadisəsinin törədildiyi zaman Əfqan İbrahimov Goranboy rayonundakı evində olub, o cinayətin törədilməsində nə birbaşa nə də ki, dolayısı ilə iştirak etməyib. Dekabrın 7-dən 10-na kimi istintaqdan yayınmaq imkanı olsa da, bunu etməyib, hətta Eldarın saxlanılmasında polisə yardım edib. Çünki Əfqan heç bir cinayət törətmədiyi üçün istintaqdan yayınmağa ehtiyac görməyib.
Cinayəti faktiki olaraq törətmiş Eldar Avadyayevin payına düşən puldan 160.000 ABŞ dolları və çoxlu sayda qızı-zinət əşyaları İbrahimov Əfqan Ənvər oğlundan, Xalid Seyidovun payına düşən puldan 150.000 ABŞ dolları və çoxlu sayda qızıl-zinət əşyaları Məhərrəmova Zemfira Hüseyn qızından, Türkanə Rəhmanovanın payına düşən puldan isə 27.150 manat Rəhmanov Nizami Xanağa oğlundan çıxsa da, bu adları çəkilən 3 nəfərdən yalnız Əfqan İbrahimov tutulub.
Cinayət işi üzrə təqsirləndirilən şəxs Coşqun Əliyevin ifadəsində cinayəti 2014-cü ilin noyabr ayının sonlarında Moskva şəhərində Eldarla planlaşdırdığını deyib, həmin vaxt Əfqan Goranboyda ailəsinin yanında olub. Dövlət Sərhəd Xidmətindən də bu məlumat təsdiqlənib".
Əfqan İbrahimovun əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağı, habelə xəstə anası olduğunu və həyat yoldaşının hamilə olmasını nəzərə alaraq vəkil barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib.
Səbail Rayon Məhkəməsinin hakimi Aytən Əliyevanın qərarı ilə Əfqan İbrahimov barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əzəv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilənlərdən biri Türkanə Rəhmanovanın barəsində də ev dustaqlığı seçilib.
Vəkil Cavid Rzazadə qafqazinfo-ya açıqlamasında bildirib ki, Əfqan İbrahimov barədə CM-nin 181.3.2 və 181.3.3-cü maddələri ilə verilmiş ittihamın təsdiq edilmədiyini görən ibtidai araşdırma orqanının niyyəti gələcəkdə onun əməlini CM-nin 307-ci maddəsinə tövsif etməklə Əfqanın son nəticədə bəraət almasını əngəlləməkdən ibarətdir: "Halbuki, Əfqan nə quldurluq cinayətini törədib, nə də ki, sonradan həmin cinayətin törədilməsindən məlumatlı olub.
Türkanə Rəhmanova isə bilavasitə quldurluq cinayətinin törədilməsində və əldə edilmiş əmlakın bölüşdürülməsində iştirak etməsinə baxmayaraq onun barəsində də ev dustaqlığı seçilib və gələcəkdə onun əməli qanunsuz olaraq CM-nin 307-ci maddəsinə tövsif ediləcək. Bununla da Türkanə Rəhmanova məsuliyyətdən kənar qalacaq".