Azərbaycan İdeyası

DÖVLƏT EVİ ƏLİNDƏN ÇIXMIŞ VƏTƏNDAŞA ZİYAN VURAN DƏLƏDUZLARI TAPMAQDA ACİZDİRSƏ... - O HALDA ZƏRƏRÇƏKMİŞƏ SOSİAL EVLƏRDƏN NİSYƏ MƏNZİL SATSIN

Tarix:4-02-2020, 11:24
Baxış Sayı:206

“Korrupsiya və Qanun” qəzetinin sadiq oxucuları xatırlayarlar, qəzetin 02 oktyabr 2019-cu il tarixli 2019-cu il tarixli sayca 73-cü nəşrində “Belə həyatın çətinliyinə daha tab gətirə bilmirəm” sərlövhəli, “Evi dələduzluqla əlindən alınan iki xəstə övlad anası sosial evlərdən mənzil istəyir” yarımbaşlıqlı yazı dərc olunmuşdu. Oxucularımız sırasına yeni qatılanlara məlum edirik ki, həmin başlıqlar altında vətəndaş Atayeva Fərqanə Nadir qızının Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər naziri cənab Vilayət Eyvazova ünvanladığı açıq müraciətnamə təqdim olunmuşdu.
Müraciətnamədə ehtiva olunan məsələ bundan ibarət idi ki, Fərqanə Atayeva qızı və oğlu ilə birgə yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 17 saylı evini yaxınlıqda fəaliyyət göstərən gəlinlik paltarlarının kirayəsi ilə məşğul olan Həsənzadə Xanmiri Zivər Əbdüləhəd qızının və onun əri taksi sürcüsü Həsənzadə Xanmiri Hüseynin təhriki ilə satmış, pulunu onlara vermişdir. Cütlük Fərqanə xanımı inandırmışdır ki, onlar həmin pulu İranla əlaqəli qurduqları şirniyyat biznesinə yatıracaq, nəticədə ona da xeyir verəcəklər. F.Atayeva onlara inanaraq 2012-ci ilin noyabr ayından kirayə ev tutmuşdur. Lakin 3 aydan sonra pulunu istəyəndə ona müflis olduqlarını deyəndə aldanıldığını başa düşmüş və polisə şikayət etmiş, onların tutulmalarını tələb etmişdir.
F.Atayevanın redaksiyaya təqdim etdiyi iş materiallarından görünürdü ki, o, Həsənzadələrə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehlərdən müştərək qaydada 03 oktyabr 2012-ci il tarixdə onlara verdiyi 20000 (iyirmi min) ABŞ dolları borcdan ödəmədikləri 4165 ABŞ dolları borcu, əlavə olaraq verdiyi 3000 manat və 2350 manat borcu, çəkdiyi xərc qismində 13800 manat kirayə haqqı və ödədiyi 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 6515 ABŞ dolları və 16830 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını və həmçinin məhkəmə tərəfindən mülki işin araşdırılması zamanı cavabdehlərin hərəkətlərində cinayət əməlinin əlamətləri aşkara çıxarsa, bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsi 30 mart 2016-cı il tarixdə çıxardığı 2(012)-781/2016 saylı qiyabi qətnamə ilə iddianı təmin etmişdir. Ancaq cavabdehlərin barəsində xüsusi qərardad çıxarılmamışdır. Halbuki, F.Atayeva bildirmişdir ki, Həsənzadələr bir çox başqa şəxsləri də aldadaraq borc almış, ölkədən qaçmışlar. Məhkəmə gedə-gedə F.Atayeva onların ölkədən çıxışına “STOP” qoyulmasını xahiş etsə də, buna məhəl qoyulmamışdır.
Müraciətnamə bu sözlərlə yekunlaşmışdı: “Əziz Mehriban xanım, ümidim göydə Allaha, yerdə isə Sizədir. Oğlumu əsgərliyə yola salanda hərbi komissarlığın müayinəsində onda “mitral qapaq çatışmazlığı” xəstəliyi aşkar olundu. Qızım isə onurğa sütununun skarliozundan əziyyət çəkir. Bizə kömək edəcək kimsə tapılmayıb. Həyat yoldaşım, atam, anam vəfat ediblər. Özüm Uşaq Nevroloji Xəstəxanasında tibb bacısı vəzifəsində çalışıram. Sizdən artıq dərəcədə xahiş edirəm, məni – köməksiz iki xəstə övlad anasının vəziyyətini nəzərə alıb Sosial Evlərdən bizə mənzil verilməsinə köməklik edəsiniz. Kirayəyə ödədiyim pulu aybaay mənzil üçün ödəyərəm, bilərəm ki, axırda özümə qalacaq. Yoxsa, belə həyatın çətinliyinə daha tab gətirə bilmirəm”.
Göründüyü kimi, dövlət öz məhkəməsinin qətnaməsi ilə vətəndaşı F.Atayevanı aldatmış şəxslərin tapılıb öhdəçilikləri yerinə yetirməyə cəlb etməyi üzərinə götürmüşdür. Nə qədər ki, dövlət bunu etməkdə (Həsənzadələri axtarıb tapmaqda) acizdir, əmlakı əlindən çıxmış vətəndaşına nisyə mənzil satması məqsədəuyğun olardı.
P.S. İranda ara qarışıb, məzhəb itib. Ehtimal böyükdür ki, Həsənzadələr indiki ərəfədə sərhədi bu tərəfə keçsinlər. Amma kim onları saxlamaqla qayğılanmalıdır, bilinmir. Ümumiyyətlə, belə bir göstərişi verən və alan varmı?


Xuraman Əhlimanqızı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO