Azərbaycan İdeyası

"O tələbələr indidən sındırılsa..." - İlham İsmayıldan BDU-da yaranmış qalmaqala sözardı

Tarix:25-01-2017, 09:44
Baxış Sayı:504

  "O tələbələr indidən sındırılsa..." - İlham İsmayıldan BDU-da yaranmış qalmaqala sözardı



Mən jurnalistika fakültəsini 37 il əvvəl bitirmişəm. Sovet rejimi totalitar düşüncəni təbliğ etsə də, hər halda 70-ci illərin sonu 37-ci il deyildi və bəzi müəllimlərimizin, ziyalılarımızın sayəsində yaranmış mütərəqqi ab-hava, milli-vətənpərvər hisslərimizin formalaşması, demokratik düşüncə, bəşəri ideallar və ideyaların ruhunda təlim-tərbiyə universiteti ölkənin başqa ali məktəblərindən fərqləndirirdi. Jurnalistika fakültəsi isə universitetin içində daha fərqli bir imicə malik idi. Bütün müəllim və tələbələrimizi əhatə etməsə də, fakültənin ümumi ab-havası daha çox ideallara söykənən, daha çox vətəndaş mövqeyi formalaşdıran, şəxsiyyətə hörmətlə yanaşan bir çoxluq yaratmışdı. Və təsadüfi deyil ki, bu günkü mətbuatımızda tanınan yazarların əksəriyyəti də o çoxluğun içərisindən çıxanlardır. Bizi fərqləndirən ən vacib xüsusiyyət isə, etiraz etmək bacarığımız idi, çünki müqavimət göstərməyə şərait vardı, müqavimət süngüylə qarşılanmırdı. Bizə bu idealları bəxş edənlərə, bizi fərd olaraq qiymətləndirən və yeri gələndə hesablaşan müəllimlərimizə daha çox hörmət və rəğbətimiz vardı. O müəllimlərin dərsindən qaçmazdıq, dərsinə gecikməzdik, mühazirədə səs salmazdıq. Ən əsası, o müəllimlərdən qorxmazdıq, əksinə sevərdik.
Hüquq fakultəsindən bir müəllim bizə əmək hüququndan dərs deyirdi. Yaşı keçsə də hələ də laborant vəzifəsində çalışırdı. Kobud adam idi. Bir dəfə dərsin ortasında sual vermək istədim. Müəllim sualımı dinləmədən o qədər sərt reaksiya verdi ki, mən də cavabını qaytardım. Bu vaxt dekan mərhum Seyfulla Əliyev içəri girib davamiyyətlə maraqlandı. Müəllim məndən şikayət etdi ki, “.., bir İlham var, imkan vermir dərs keçəm, dərsin ortasında mənə sual verir”. Mən:”Müəllim Dobrolyubov deyir ki...” Müəllim sözümü kəskin şəkildə kəsib: “Əə, Dobrolyubov özünə gülür, dərsin ağası mənəm, mən qoymuram”. Seyfulla müəllim təəccüblə onun üzünə baxıb, əli ilə mənə əyləşməyi göstərdi və başını bulayıb sakitcə auditoriyadan çıxdı.
Bu hadisəni yada salmaqda məqsədim elə Dobrolyubovdan danışmaqdı. Yəqin indi Rus jurnalistikası tarixi, Rus ədəbiyyatı tarixi ayrıca olaraq tədris olunmur. XIX əsr rus ədəbiyyatı və jurnalistikasını keçəndə Dobroyubovun da əsərlərini, "Sovremennik” jurnalındakı fəaliyyətini öyrənirdik. Dobrolyubovun yalnız ədəbi tənqidçi deyil, pedaqogikaya, uşaqların və gənclərin tərbiyəsinə həsr olunmuş çox qiymətli əsərləri var. Gənclərin “mütləq itaət” şəklində tərbiyə olunmasının əleyhinə olan Dobrolyubov əsərlərinin birində maraqlı detala toxunur: Dərs başlamazdan əvvəl sinifdə hay-küy salan uşaqlar müəllimin içəri girməsindən xəbər tutmurlar. Müəllim əsəbləşib onlara "donuzlar, sakit olun”-deyə bağırır. Lisey uşaqları sinifdən çıxıb müdiriyyətin yanına gedir, müəllimin onları təhqir etdiyini, qürurlarını aşağıladığını şikayət edib, bir daha bu müəllimin dərsinə girməyəcəklərini bildirirlər. İşə zadəgan valideynlər belə qarışır, müəllim liseydən qovulur.
Mən hüquq fakultəsinin müəlliminə bu epizodu danışıb, onun kobud danışdığına görə dekandan xahiş edəcəkdim ki, bu adam bir də fakültəmizdə dərs keçməsin. Təəssüf ki, belə müəllimlər də vardı və əsasən başqa fakultələrdən, kafedralardan gəlib dərs keçənlər idi.
İllər keçib, rejimlər dəyişib, indi bütün ali məktəblər universitet adlanır. ADU-da BDU olub. Müəllimlərimizin çoxu dünyasını dəyişib, cəmiyyətin bütün təbəqələrində dəyərlər aşınma dövrünü yaşayır, amma yenə də məlumatım var ki, pis-yaxşı bizim universitet bəzi dəyərləri hələ qoruyur və jurnalistika fakültəsi də çətinliklərə baxmayaraq, nisbətən sözün yaxşı mənasında fərqlənir.
Mətbuatın əbədi hakimiyyəti var, dördüncü olsa da əbədidir. Bu hakimiyyəti vicdanlı, şərəfli, istedadlı jurnalistlər yaradıb. Yazmaq bir istedad nümunəsi olsa da, onun nəzəriyyəsini öyrədən məktəb, müəllim mütləq lazımdır. Məktəb o gələcək jurnalisti həm də vətəndaş kimi tərbiyə etməlidir. Bu gənc tələbə-yazarların ideallarını, fantaziyasını qırmaq olmaz, əksinə onlara özlərini sübut etməyə şərait yaradılmalıdır. Qoy, bəzən real olmasın, elə gəncliyin, onun doğurduğu romantikanın gözəlliyi də bundadır. Qəlibə salmayın yaradıcılıqda addım atmaq istəyənləri. Düzgün istiqamətləndirin, vicdanlı, şərəfli olmağı öyrədin, gec-tez yaxşı yazacaqlar. Onların yazdığını minlərlə insan oxuyacaq. Əgər onlar hələ oxuyanda sındırılıbsa .., boş şeydir, ortaya heçnə qoya bilməyəcəklər, o redaksiyada, bu saytda baş girləyəcəklər. Ən əsası onların etirazını, tənqidini süngüylə qarşılamayın, “dişinizin dibindən çıxanı” deməyin. Dinləyin, xeyrini, zərərini anladın. Sevin onları...
Əslində bu yazıyla son günlərdə sosial şəbəkə ilə bağlı fakültədə yaranmış xoşagəlməz hadisəyə kiçik bir münasibət bildirmək istədim, çünki mən universiteti də, jurnalistika fakültəsini də özümə doğma bilirəm. Və “Bazar ertəsinədək gözləyək” filmindən bir epizodun videosunu nəzərinizə çatdırmaqla kifayətlənməyi məqsədəuyğun hesab edirəm.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO