Azərbaycan İdeyası

"POLIS MÜSTƏNTIQI VƏ RAYON PROKURORU SANKI MƏNIM ŞIKAYƏTIMI ÖZ ARALARINDA OYUN PREDMETINƏ ÇEVIRIBLƏR" - LƏNKƏRAN POLİSİNİN DAİM "YENİLƏNƏN", NÖQTƏSİ-VERGÜLÜ KÖHNƏ RƏDD QƏRARLARI

Tarix:4-02-2020, 11:28
Baxış Sayı:441

Sadiq oxucularımız yəqin ki, Lənkəran rayonu Liman şəhər sakini Dadaşov Eynulla İbadulla oğlunun redaksiyamıza müraciəti əsasında qəzetimizin ötən saylarında dərc etdiyimiz "Məhkəmə çəkişməsində olan torpaq sahəsi göz önündə yağmalanır", "Lənkəranda Şahmar Məlikovun özbaşınalığına son qoyan iqtidar sahibi tapılacaqmı?" sərlövhəli məqalələri xatırlayırlar.

Oxucularımız sırasına yeni qoşulanlara məlum edirik ki, 01.10.2014-cü il tarixdə Enulla Dadaşovla avtomobil və dəmir yollarının tikintisi üzrə ixtisaslaşmış "Azərinşaatservis" MMC arasında bağlanılmış, onun mülkiyyətində olan torpaq sahəsinin adı çəkilən müəssisə tərəfindən istifadəsinə dair icarə müqaviləsinin vaxtının bir il sonra bitməsinə və MMC-də əvvəlcə layihə rəhbərinin müavini, sonradan isə layihə rəhbəri vəzifələrini icra etmiş Şahmar Məlikov onunla müqavilənin vaxtını uzatmaqdan imtina etdiyinə baxmayaraq, sahəni tikinti materiallarının və texnikanın yığıldığı qaraj kimi istifadə etməkdə və bu məqsədlə torpağın üst qatını qazaraq satmış və indi də satmaqda davam edir.
Vaxtilə həmin çınqılın, iri daş parçalarının ərazidən çıxarılması və 30-35 sm qalınlıqda torpaq qatının "Azərinşaatservis" MMC tərəfindən bərpa olunması şərtinin əlahiddə bənd kimi müqaviləyə salınmasına nail olan E. Dadaşov Lənkəran rayon Məhkəməsinə müraciət edərək "mülkiyyətə vurulmuş ziyanın ödənilməsi" tələbi ilə iddia qaldırmış və iddia tələbində həmin şərtinin əlahiddə bənd kimi müqaviləyə salındığını göstərmişdir. Lənkəran rayon Məhkəməsi 60060 manat maddi ziyan əvəzinin cavabdehdən tutularaq ona verilməsi barədə 2(49)-119/2017 saylı 17 iyul 2017-ci il tarixli qətnamə qəbul etmişdir.
E.Dadaşov həmçinin bildirirdi ki, Ş.Məlikovun 2016-cı ilin son aylarından şirkətdə işdən ayrılmasından çox gec xəbər tutub: "Texnikanı işlədirdi, elə bilirdik şirkətindi, demə o, maşın-mexanizmləri özününküləşdiribmiş, qazıb çınqılı satmaqla, torpağı yararsız hala salmaqla məşğuldu. İŞİN MƏHKƏMƏDƏ OLDUĞUNU BİLƏ-BİLƏ (!) niyə qazıntı apardığını soruşanda deyir ki, yaxşı edirəm, hara istəyirsən - şikayət elə".
E.Dadaşov yazırdı ki, dəfələrlə MMC-nin Liman şəhərindəki nümayəndələrinə xəbərdarlıq etdiyinə, Lənkəran rayon İcra Hakimiyyətinə, Lənkəran rayon Polis Şöbəsinə, Lənkəran rayon Prokurorluğuna, Liman Bələdiyyəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və başqa səlahiyyətli orqanlara müraciət etməsinə baxmayaraq, aralarındakı mübahisənin məhkəmə araşdırması getdiyi müddətdə belə həmin ərazidə Məlikov Şahmarın başçılığı altında ağır texnika işləyir və mülkiyyətində olan torpaq 1 metrdən artıq dərinlikdə qazılaraq daşınır (faktiki oğurluq edilərək satılır), müqaviləsi olan 50 nəfərin də əkinə yararlı torpaq sahəsi yararsız hala salınır.
Həmin ərəfədə E.Dadaşovun redaksiyamıza verdiyi məlumatdan bəlli olmuşdu ki, Liman Bələdiyyəsinin qulluqçuları E.Dadaşovun müraciəti əsasında sözügedən ərazidə olmuş, yerində dəqiqləşdirmə işi aparmış, Dadaşova məxsus paybəlli torpaq sahəsində həqiqətən də Ş.Məlikov tərəfindən qazıntı işləri aparılması faktını müəyyən etmiş və işin nəzarətdə saxlanılması üçün Liman Polis Bölməsinə məlumat vermişlər. Adları göstərilən bütün digər instansiyalar da aidiyyati üzrə materialı Liman şəhər Polis Bölməsinə göndərmişdilər. Şikayətçi bildirirdi ki, Liman Polis Bölməsinin sabiq rəisi Bayramov onu müraciəti üzrə toplanmış materialı araşdırmamış, tərəfləri üzləşdirməmiş, Məlikovdan izahat tələb etməmiş, öz seyfində xeyli yubadandan sonda şikayətçiyə məktubla bildirmişdir ki, material ETSN-nin Lənkəran 1 saylı Ərazi Üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinə göndərilib.
Ş.Məlikov bələdiyyəçilərlə söhbətində bildirib ki, bəs vətəndaşlarla, eləcə də E.Dadaşovla bağlanılmış müqavilənin şərtlərində əraziyə tökülmüş qum və çınqıl materiallarının, istehsalat tullantılarının işlər başa çatandan sonra ərazidən götürülərək əvvəlki vəziyyətə qaytarılmasının vacibliyi öz əksini tapıb. Halbuki, sonradan məlum olduğu kimi, məhz işdən çıxması səbəbindən Ş.Məlikovun həmin "bərpa" işlərini şirkət adından həyata keçirmək səlahiyyəti də yoxmuş. O da məlum olmuşdu ki, Məlikov özü fiziki şəxs kimi digər torpaq sahibləri ilə qanunsuz, hüquqi qüvvəyə malik olmayan, notariatla təsdiqlənməyən müqavilələr bağlayıb. Dadaşovla müqavilə bağlamamasının səbəbini isə onun şikayət etməsinə görə incik düşməsi ilə əlaqələndirib. Torpaq "icarəyə" götürən Məlikovun fəaliyyətinin adı da belə çıxır ki, kənd təsərrüfatı məhsullarının istehsalı deyil, mədən sənayesi deyil, məhz şirkətdən miras qalan çınqıl və daşları öz atasının malı kimi satmaq, torpaq sahələrini xarabazara çevirməkdir.

E.Dadaşov məhkəmə mübahisəsində olan ərazinin qanunsuz istifadəsinin dayandırılmasına, qazılmasının qarşısının alınmasına, ötürülmüş iki il müddətə görə müqavilə bağlanılaraq icarə haqqının tam ödənilməsinə, cavabdehin Boladi çayından açdığı arxın bağlanılmasına, 30-35 sm əkinəyararlı münbit qatın bərpa edilərək mülkiyyətçilərə təhvil verilməsinə nail olmaq istəyirdi. Ümumiyyətlə, Dadaşov belə bir subyektiv qənaətdəydi ki, Məlikov həm ETSN-nin Lənkərandakı strukturu ilə, həm "Azəryolservis" MMC ilə, həm də Liman şəhər polisi ilə "dil" tapmağı bacarıb deyə ona "gözün üstə qaşın var" deyən yoxdur.

Təəssüf, sonrakı hadisələr göstərdi ki, Lənkəran Şəhər Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Toğrul Hüseynov da Şahmar Məlikovla "dil tapıb". Belə ki, müstəntiq ŞPŞ-də toplanmış material üzrə guya araşdırma aparmış, 15 yanvar 2018-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqda qərar qəbul etmişdir. E.Dadaşovun araşdırmanın nəticəsindən narazı qalmasına görə yenidən şikayətləri əsasında material tələb edilib Respublika Baş Prokurorluğunda örənilmiş, qəbul edilmiş qərar 03 yanvar 2019-cu il tarixdə ləğv edilərək əlavə araşdırma aparılması üçün Lənkəran ŞPŞ-nə qaytarılmışdır.
Lənkəran ŞPŞ-nin İstitaq Bölməsi guya əlavə araşdırma aparmış, Şahmar Məlikov və qeyrilərinin əməllərində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılmasının rədd olunması barədə 12.02.2019-cu il tarixli qərar qəbul etmişdir. Dadaşov təbii ki, bu qərarı da şikayət etmiş, bundan sonra material rayon prokurorluğu tərəfindən öyrənilmiş, 12.02.2019-cu il tarixli qərar əsassız olduğu üçün 29.06.2019-cu il tarixli qərarla ləğv edilmiş və əlavə araşdırılması üçün Lənkəran ŞPŞ-nin İB-nə qaytarılmışdır. Lənkəran ŞPŞ İB guya yenə əlavə araşdırma aparmış, 20.07.2019-cu il tarixli növbəti qərarı ilə yenidən cinayət işinin başlanılmasını rədd etmişdir. Qərarın surəti şikayətçiyə 15 oktyabrda göndərilmişdir.
Qəribədir ki, müstəntiq Toğrul Hüseynov Şahmarın və qeyrilərinin danışdıqlarlı belə bir nağıla inanmışdır ki, guya Eynulla Şahmarı şantaj edir, Şahmara məxsus texnikanın şəklini öz torpağında deyil, başqasının ərazisində videolentə çəkib, Şahmarın başqa torpaq sahələrindən təmizləmək üçün cəlb etdiyi yük atomobili və ekskovator Eynullanın hasarsız ərazisindən keçib və guya Eynulla da bunu əldə sübut edərək deyir ki, torpağımı qazırlar.
Diqqətiçəkən məqam budur ki, rədd qərarlarının surətləri müstəntiqin yenidən əlavə araşdırma aparıldığını əsla göstərmir. E.Dadaşov bu günlərdə redaksiyamıza müraciət edərək bildirmişdir ki, müstəntiqin rədd eyni məzmunlu qərarlarında cümlələr, hətta hərf səhvləri bir - birini təkrarlayır: "Mən şikayət edəndən, yuxarı teleqramlar vurub məktublar göndərəndən sonra sadəcə rədd qərarlarının nömrəsini və tarixini təzələyirlər. Polis müstəntiqi və rayon prokuroru sanki mənim şikayətimi öz aralarında oyun predmetinə çeviriblər".
E.Dadaşov Lənkəran rayon Məhkəməsinə müraciət edərək Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Hüseynovun 20 iyul 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarını şikayət etmiş, ləğv edilməsini xahiş etmişdir. E.Dadaşov hesab edir ki, Məlikov Şahmar Allahverdi oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdətutulmuş cinayət tərkibinin bütün əlamətləri olduğu üçün onun barəsində qeyd olunan maddə ilə cinayət işi başlanılmalıdır. Şikayətçi xüsusi qeyd edir ki, Toğrul Hüseynov saxtakarlıq edərək, ondan izahat almadığı halda, onun adından izahat yazmışdır. Üstəgəl, şahidlərdən birinin izahatını dəişdirərək, həmin şahidin dediyi kimi deyil, özünün mülahizələrinə uyğun məzmunda əks etdirmişdir.
E.Dadaşov digər bir neqativ halın da altını cızır ki, onunla "Azinşaatservis" şirkətinin arasında olmuş mülki mübahisəni Məlikovdan etdiyi şikayətlə əlaqələndirməyə çalışırlar, halbuki, bu məsələlərin bir-biri ilə əlaqəsi yoxdur.
Polis müstəntiqi nə qazıntı aparılmış torpaqda baxış keçirmiş, nə Liman Bələdiyyəsinin, nə də ETSN-nin Lənkəran 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin məktublarına əhəmiyyət vermişdir. Bəs elə isə Toğrul Hüseynov başqa nəyə əhəmiyyət vermişdir?

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb