Azərbaycan İdeyası

Nəvəsi Mirzə Babayevlə bağlı bütün gizlinləri açdı: "Ölümündən öncə tibb bacıları ilə..." -VİDEO

Tarix:31-07-2019, 12:13
Baxış Sayı:150



Azərbaycan musiqisinin əfsanəvi müğənnisi, Xalq artisti Mirzə Babayevin nəvəsi Emin Babayev Publika.az-a babası ilə bağlı parlaq xatirələrini bölüşüb.

Görkəmli sənətkarın nəvəsi Emin Babayevin müsahibəsini təqdim edirik:

- Bu yaxınlarda mərhum Xalq artisti Mirzə Babayevin doğum günü oldu. Bu tarix sizdə hansı təəssüratlar oyadır? Ümumiyyətlə, Mirzə bəy doğum günlərini necə qeyd etməyi sevərdi?

- Sağlığında doğum günlərini heç vaxt təntənəli şəkildə qeyd etməzdi, özü xoşlamırdı. Babamgildə yığışıb ailəvi qeyd edərdik. Nənəmi itirdikdən sonra öz doğum günlərində həmişə onun qəbrini ziyarət edərdi. Ümumiyyətlə, babamla nənəmin çox böyük məhəbbət hekayəsi olub... Nənəm 1997-ci ildə vəfat edib, babam onsuz 6 il yaşayıb. Və bu 6 ildə nənəmə 3 mahnı və 3 klip ithaf edib.

- Tanışlıq hekayələrini nəvələri ilə bölüşərdi?

- Bu barədə babam özü rejissor Nazim Abbasın çəkdiyi sənədli filmində də çox həvəslə danışıb ki, nənəmi ona 3 ildən sonra verməyə razı olublar. Onların evliliyi 65 il sürüb. Nənəm əslən şuşalı idi, çox xanım-xatın qadın olub.

Onların tanışlığı tələbəlik illərində təsadüf edib. 1933-cü ilin yaz-yay aylarında babam dostları ilə indiki İqtisadiyyat Universiteti ilə üzbəüz İstiqlaliyyət küçəsində dayanıb söhbət edib. Nənəm də oradan keçirmiş. Babam deyirdi ki, nənəmə ilk baxışdan aşiq olub, xüsusilə uzun saçlarına vurulub. Daha sonra onun arxasınca düşüb evinin yerini öyrənib. Nənəmgilin ailəsi əvvəlcə onu babama vermək istəməyib. Onda babam çox məşhur olmasa da, müəyyən qədər tanınırdı. O vaxtlar müğənniyə pis baxdıqları üçün qızı vermək istəməyiblər.

- Nümunəvi ailə həyatı ilə seçilən sənət adamları istər bu gün, istərsə də o dövrdə, həqiqətən, azdır. Bu baxımdan Mirzə Babayev əsl nümunədir. Sizcə, babanızın 65 illik xoşbəxt evliliyinin sirri nə idi?

- Onların insani keyfiyyətləri. Babam evdə də çox qayğıkeş və diqqətcil adam olub, ailəcanlı idi. Nənəm ömrünün son 3-4 ilində ağır xəstələnmişdi. Evdən çıxa bilmirdi, amma onu mütləq ayda bir dəfə salona aparardım. Son günlərinədək nənəm səliqəli manikürü idi. Soruşanda ki, bunu kimin üçün edirsən, onsuz da evdən çıxmırsan. Deyərdi ki, sizə xoş olar ki, baxımsız vəziyyətdə qalım, əlbəttə ki, sizin üçün bəzənirəm. Nənəm xəstələnəndə babam ona heç bir iş görməyə icazə vermirdi, xörəyini də özü bişirirdi. Nənəm də oturub "Santa-Barbara"ya baxardı...

- Mirzə Babayevi səhnədə biz həmişə şən görmüşük, həyat yoldaşını itidikdən sonra evdə əvvəlki şuxluğunu qoruyub saxlaya bilmişdi?

- Bəli, pozitivliyi qalmışdı, hətta deyərdim ki, şuluq adam idi. Ölümünün son saatlarına qədər hamı ilə zarafatlaşırdı, xəstəxanada tibb bacılarına ilişirdi, onlar üçün mahnı oxuyurdu. Ölən adama oxşamırdı, aktiv idi.

- Babanız həm də memar idi.

- Mirzə Babayev müğənni kimi karyerasına gec başlayıb. Babam böyük səhnəyə çıxmazdan əvvəl 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda (indiki ADNSU) çıxış edirmiş. Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Yeri gəlmişkən, "Vətən" kinoteatrı, Ağdamda bir neçə inzibati bina onun layihəsi üzrə tikilib. Gəncədə dəmir yol vağzalından çıxan kimi ilk gözəçarpan 3-4 mərtəbəli bina bababımın diplom işi olub. Bakıda Nizami adına Ədəbiyyat Muzeyinin daxili tərtibatı üzrə baş memarlığı da babam edib. Kifayət qədər işləri var. Çox unikal insan idi, həmçinin rəsm çəkirdi. Odur ki, onun aktiv səhnə fəaliyyəti 40-cı illərin sonlarından başlayır.

Böyük Vətən Müharibəsindən qayıtdıqdan sonra Konservatoriyaya daxil olur. Bülbül onun opera müğənnisi olmasına çalışırdı. Amma onun səs diapozonu kiçik idi, baritondan çox tenora yaxın idi. Unikal səsi var idi, bəstəkarlar onunla çalışmağı çox sevirdi. Çünki istənilən mahnını öz səsi ilə böyük bir əsərə çevirə bilirdi.

- Musiqi Mirzə bəyin həyatının ayrılmaz hissəsi idi. Sənətə bu qədər ürəkdən bağlı olan insan niyə memarlığı seçmişdi?

- Tofiq Quliyev olmasaydı, babam memar kimi öz peşəsini davam etdirəcəkdi, sənətə babamı demək olar ki, o dartıb gətirib. Babamın atası onun müğənni olmasına qarşı çıxıb.

Babamgil 7 qardaş olub, İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndirlər. Bir gün böyük qardaşı onda musiqiyə olan həvəsi görüb skripka dərsinə yazdırır. Dərsdən qayıdanda atası oğlunun əlindəki skripka futlyarını görüb bərk qəzəblənir ki, ailəmizdə bircə musiqiçi çatmırdı. O dövrdə müğənnilik yüngül peşə sayılırdı. Amma sonradan atası onun sənətini qəbul edib. Ölməzdən bir neçə il əvvəl atası babamı yanına çağırıb və ona sənət yolunda qarşı çıxdığı üçün səmimi peşmançılığını dilə gətirib.

- Mahnı repertuarında Mirzə Babayevin Emin Sabitoğlu, Rauf Hacıyev və Tofiq Quliyev yaradıcılığına daha çox müraciət etməsi təsadüf ola bilməz. Yəqin ki, onları sadəcə yaradıcılıq amilləri birləşdirmirdi. Babanızın musiqiçi dostları ilə başına gələn məzəli əhvalatlarından birini danışa bilərsiniz?



- Emin Sabitoğlu ilə daha yaxın olub, ikisi də yeyib-içməyi sevib. Yeri gəlmişkən, adımı Eminin şərəfinə qoyublar. Xoşbəxt insanam ki, Emin Sabitoğlu, Tofiq Quliyev, Çingiz Sadıxov kimi dahi sənətkarlarla tanışlıq imkanım olub. Onların başına gələn məzəli əhvalatlar çoxdur, bir neçəsinin özüm şahidi olmuşam, ancaq mətbuat üçün deyil (Gülür).

Aralarında ən uzunömürlü babam olub, 90-cı illərin sonlarında köhnə dostlarının çoxu vəfat etmişdi. Babam bu boşluğu özündən xeyli cavan tanışları ilə doldurmağa çalışırdı.

- Mirzə Babayev bütün estrada ifaçılarından özünəməxsus çalarları, səs tempilə fərqlənib. Onun qəlbi də səsi qədər təmiz idi. Mirzə Babayevin səhnə mədəniyyəti ilə daxili mədəniyyəti də bir-birini tamamlayırdı. Sizcə, belə bir dahi insan necə belə sadə ola bilirdi?

- Ömür boyu istər küçədə, istərsə də konsertlərində sadə insanlarla səmimi ünsiyyəti xoşlayırdı. Başqası olsaydı, qaçardı, babam elə deyildi, cəmiyyətə açıq idi. Pərəstişkarları ona narahatlıq yaratsa da, heç kimi incitmirdi.

ƏTRAFLI
Nar.az
17 yaşından babamın sürücüsü olmuşam. Amma o, piyada gəzməyi xoşlayırdı. Evi o vaxtı Lenin sarayına (indiki Heydər Əliyev Sarayı) yaxın idi, babam çox vaxt saraya piyada gedərdi. Bu yol boyu bizə nə qədər adam yaxınlaşardı. Hər biri ilə hal-əhval tutub danışar və hər birinə xüsusi diqqət ayırırdı. Odur ki, məşqlərə həmişə gecikərdi.

- Mirzə bəy sənətkar kimi çox güclü idi, təkrarolunmaz səsə malik idi, bəs insan kimi necə?

- Deyərdim ki, insan kimi ondan da güclü idi. Bu xüsusiyyət Tofiq Quliyevdə də olub. Köməyə ehtiyacı olan insanlara həmişə yol göstərər, sadə insanlara bacardığı qədər əl tutardı. Onun yaşadığı bina çox məşhur idi. Həyətə girib kimdən soruşsan, ünvanı göstərirdilər, evi sanki pir yeri idi, hamı məsələhət və yardım üçün babama müraciət edərdi.

Bir dəfə bir kişi məişət probleminin həlli üçün babamın yanına gəlmişdi. O dövrdə mobil telefon yox idi, ya şəhər telefonları ilə əlaqə saxlayır, ya da məktublaşırdılar. Bildiyimiz kimi, babam Vaqif Səmədoğlu ilə dost olub, onda o, millət vəkili idi. Babam kağıza “Vaqif bu kişiyə çalış kömək et” yazıb yollamışdı. Onlarla belə hadisənin şahidi olmuşam.

- Xarakterinin zəif tərəfləri özünü nə zaman göstərərdi?

- Həssas insan idi, başqalarının problemlərinə soyuqqanlı və binagə qala bilməzdi. Yəqin ki, cəmiyyətə həddən artıq açıq olması onun həm də ən zəif tərəfi idi. Yardımla bağlı müraciətlər ona bəzən ciddi narahatlıq yaradırdı. Bir dəfə mənə qapını tanımadığım adamlara açmağı qadağan etmişdi. Hirsləndi ki, evimə yardım üçün gələn adama "yox" deyə bilmirəm. Amma bu, onun həm vaxtını, həm də enerjisini alırdı.

Tanımadığı insanların problemlərinin həll olunması üçün öz tanışlarından xahiş edirdi. Sovet dövründə belə xahişlərə pis baxırdılar. O, kimin üçünsə hansısa məmurdan nə isə xahiş edəndə camaatda elə təəssürat yaranırdı ki, maddi marağını güdür. Halbuki, qətiyyən belə deyildi.

- Babanız nəyi heç vaxt bağışlamazdı?

- Məncə, onun ürəyi hər şeyi bağışlaya biləcək qədər böyük idi. Ailədə onu o dərəcəyə çatdırmamışıq ki, bağışlanmaz vəziyyət yaransın. Bununla belə xarakterinin sərt tərəfləri də özünü göstərərdi. Bəzən bizə çox bərk hirslənər, amma iki gün sonra yanına çağırıb könlümüzü alardı.

6-cı sinfdə oxuyanda məktəbdə dəcəllik etmişdim. Oxuduğum məktəbdə anam dərs desə də, rəhbərlik valideynlərimi yox, birbaşa babamı çağırmışdı. Direktorun otağında üstümə çox bərk acıqlandı. Mirzə Babayevin kim olduğunu ilk dəfə onda anladım...

- Babanız istər həyat yolu, istərsə də sənət yolunda qarşılaşdığı maneə və çətinliklərdən sizə danışardı?

- Dərdini bölüşməyi sevməzdi. Bizə də deyərdi ki, səndən "necəsən" soruşanda həmişə de ki, yaxşıyam. Hətta işlərin lap pis də olsa, heç vaxt bildirmə. O, qəlb ağrılarını yalnız nəğmələrində oxuyurdu. Dərdini musiqi yolu ilə ifadə etməyə üstünlük verərdi.

Babamın özündən xəbərsiz çəkilən şəkilləri var. Nə qədər gizlətməyə çalışsa da, şəkillərə baxanda görürsən ki, əslində, bu adamın nə qədər dərdi var... Bəzən evdə əlini çənəsinə qoyub uzun müddət fikrə dalardı... Bilirdin ki, bu adam dərd çəkir, amma dilə gətirməzdi. Mənəvi cəhətdən möhkəm insan idi.

- İstər Jilber Beko, istərsə də Ütyosov kimi dünya şöhrətli müğənnilər Mirzə Babayevə olan heyranlığını gizlətməmişdi. Jilber Beko onu fransız müğənnisi Şarl Aznavurdan daha güclü səsi olduğunu vurğulamışdı.

- 57-ci ildə Leninqradda (İndiki Sankt-Peterburq) keçirilən dövlət konsertində Jilber Beko babama yaxınlaşır və ona Fransaya köçməyi təklif edir. Babamın canlı ifasının şahidi olan Jilber Beko onun səsinə heyran olduğunu söyləmişdi.

90-cı illərdə isə ona Türkiyəyə köçməyi təklif etmişdilər. Ümumiyyətlə, ona edilən təkliflərə dəfələrlə "yox" demişdi. Çünki həddən artıq vətənpərvər idi, repertuarında qəmgin lirika daha çox yer tutsa da, “Azərbaycan” onun sevimli mahnısı idi.

- Ailənizdə babanızın davamçısı var?

- Azərbaycanda şou-biznesin yaranması həyatının son illərinə təsadüf etmişdi. Sənətin getdikcə ucuzlaşması onu narahat edirdi. Bu səbəbdən də istəmədi ki, biz onun yolunu davam etdirək.

Yeganə tələbəsi Vüsalə Həzin adlı xanım olub. Babam o xanımı ikinci Şövkət Ələkbərova etmək istəyirdi. Təəssüf ki, ona himayədarlıq etməyə ömrü yetmədi.

- Emin bəy, Mirzə Babayev haqqında ən parlaq xatirələrinizi bizimlə paylaşdığınız üçün təşəkkür edirik.

- Babamı yaşatdığınız üçün siz çox sağ olun.



[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO