Mülki işlərdə (əmlak bölgüsü, vərəsəlik, borc, aliment, işə bərpa və sair məsələlərdə) istənilən məhkəmə mərhələsində tərəflər barışıq sazişi imzalayaraq işi barışıqla yekunlaşdıra bilərlər. İşə baxan hakim tərəflərə mübahisəni barışıqla tamamlamağı təklif etməyə borcludur. Tərəflərin hazırladığı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilir və iş üzrə icraata xitam verilir. Barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra, sazişin şərtləri tərəflər üçün məcburi qüvbəyə malik olur.
Müəyyən hallarda barışıq sazişini məhkəmə qəbul etməyə də bilər. Belə ki, barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxmağa davam edir.
Sumqayıt şəhəri, məhəllə 42, ev 1, mənzil 62 ünvanda qeydiyyatda olan Rüstəmov Rauf Ramizoviç “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına ərizə ilə müraciət edərək bir il əvvəl keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra xəstə, qoca anasını götürüb evdən çıxdığını, hazırda anası ilə birlikdə kirayədə yaşadığını bildirmişdir. Yazır ki, keçmiş həyat yoldaşından kompensasiya almaq üçün məhkəməyə müraciət edərək evi mübahisələndirmişdir. Məqsədi qalan pullara münasib ev almaq imiş.
Qeyd edir ki, 12.06.2019-cu il tarixdə keçirilən məhkəmədə o özü və Rüstəmova Lidiya Fyodorovna, Rüstəmova Ulduz Yusif qızı, Rüstəmov Ruslan Rauf oğlu və Rüstəmova Günay Namizəd qızı mübahisəli evə görə kompensasiya məsələsində razılığa gəliblər. Rüstəmov Rauf öhdəlik götürmüşdür ki, Rüstəmova Ulduz usif qızına və Rüstəmov Ruslan Rauf oğluna hər birinə 10000 (on min) manat məbləğində kompensasiya ödəsin.
“Beləliklə, evi satdıq. 25000 (iyirmi beş min) manat Ulduza verdim. O, dedi ki, sən 5500 (beş min beş üz) manatı ver mənə, baldızım Raidəyə özüm verəcəm. Mən də notariatda keçmiş həyat yoldaşıma 25500 (iyirmi beş min beş yüz) manat verdim ki, 5500 manatı bacıma versin. Hələ bu günə kimi 5500 manatı bacıma verməyib.
Ərizəyə əlavə olunmuş iş materiallarından bəlli olur ki, 12 iyun 2019-cu il tarixli Barışıq Sazişinə əsasən Ulduz, Ruslan və Günay Rüstəmovların evdən istifadə hüquqlarına xitam verilmişdir. Artıq onlar bir-birinə qarşı mübahisəli mənzillə bağlı heç bir iddia qaldırmayacaqlarına dair öhdəçilik götürüblər. Barışıq sazişinin şərtləri tərəflər üçün məcburidir, onlar öz imzaları ilə təsdiqləyiblər ki, sazişin şərtlərini pozan tərəf qanunda nəzərdə tutulmuş qaydada digər tərəf qarşısında məsuliyyət daşıyır. Bu, AR Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbidir. Başqa sözlə, Ulduz Rüstəmovanın öz keçmiş həyat yoldaşı qarşısında əlavə 5500 (beş min beş üz) manat tələbi vardısa, bunu saziş bağlayana qədər ortaya qoymalıydı. Barışıq sazişi qanuna zidd olsaydı və ya hər hansı bir şəxsin, eləcə də Ulduz Rüstəmovanın hüquqları və qanunla qorunan mənafeyi pozulmuş olsaydı, məhkəmə belə hərəkətləri qəbul etməz, mübahisəyə mahiyyəti üzrə baxmağa davam edərdi.
Korrupsiya-q.az