Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi 49/4z ünvanda yaşayan 1968-ci il təvəllüdlü Həsənov Qoşqay Şakir oğlu”Korrupsiya və Qanun” qəzetinin redaksiyasına müraciət edərək bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinə baxmayaraq, ona “veteran” adının və vəsiqəsinin verilməsindən imtina edilib. Xahiş etmişdir ki, bürokratik əngəllə üzləşməsi KİV-də ictimailəşdirilsin.
Özü və keçdiyi döyüş yolu haqda məlumat verən Həsənov bildirir ki, 1987-1989-cu illərdə keçmiş SSRİ-nin silahlı qüvvələrində əsgərlik edib. Qarabağ döyüşlərinin şiddətlə getdiyi 1993-cü ilin sentyabr ayının 25-də könüllü surətdə Ağsu rayon hərbi komissarlığına gedərək, Azərbaycan ordusuna yazılıb və oradan Pereküşkül qəsəbəsindəki hərbi hissəyə yollanıb. 1993-cü ilin dekabr ayında “T-54” tankı ilə 168 saylı hərbi hissənin sıralarında Ağdam uğrunda döyüşlərdə iştirak etmişdir. 06 mart 1994-cü il tarixdən 168 saylı hərbi hissə dağılandan sonra sağ qalan heyəti 190 saylı hərbi hissəyə veriblər. Lakin o, başında səslər olduğundan, 190 saylı hərbi hissəyə getməmişdir. Uzun müddət başına görə müalicə aldıqdan sonra 2019-cu ilin mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Lakin ona – Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş insana – “Müharibə veteranı” adının verilməsi məqsədəuyğun hesab edilməmişdir.
İndi isə gəlin görək, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Həsənova göndərdiyi 03.04.2019-cu il tarixli 1/H-3599 saylı imtina məktubunu necə əsaslandırmışdır. Məktubda onun ərizəsinə baxan komissiyanın barəsində müsbət qərar qəbul etməməsini onunla əsaslandırır ki, döyüş əməliyyatları aparılan zaman 190 nömrəli hərbi hissəyə daxil olmağı, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə Arxiv sənədlərində məlumat yoxdur. Ancaq məktubda Həsənovun 168 saylı hərbi hissədə xidmət etdiyini təsdiqləyən Arxiv Arayışına toxunulmayıb. Halbuki, Həsənov həmin arayışı da Şəxsi Heyət Baş İdarəsinə təqdim edib.
Q.Həsənovun Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirakı sübut olunduğundan, bununla da AR Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə ilə müəyyən edilmiş sənədlər əsasında və həmin əsasnamədə göstərilən müddətdə döyüş bölgəsində olması sübut olunduğundan və bu əsasa görə veteran statusu almaq hüququna malik olduğundan, lakin ona veteran statusunun verilməsindən qanuni əsaslar olmadan imtina edildiyindən, bununla da iddiaçı veteran statusu ala bilməsinə başqa qaydada nail ola bilmədiyindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və onun haqlı tələbi təmin edilməlidir. Hərbi xidmətdə olduğu hərbi hissə döyüş bölgəsində döyüşən hərbi hissə olmuşdur.
Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş ««Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir.
Bir məqama da diqqət yetirməyə dəyər ki, sözügedən arxiv arayışında arıca qed olunub ki, Həsənovun adı 168 saylı hərbi hissə konmandirinin əmrlərində “Qoşqay” deyil, “Qoşqar” yazılmışdır. Dəqiqləşdirmək lazımdır, bəlkə Həsənovun “veteran” statusu bir hərf səhvinə qurban verilib.
Korrupsiya-q.az