Azərbaycan İdeyası

İkinci qrup əlilin pensiyasını nəyə görə dayandırıblar?

Tarix:14-10-2020, 10:42
Baxış Sayı:563

Suçiçəyinin fəsadlarından böyrəkləri sıradan çıxmış əsgərin atası: “Hərbi xidmətə sağlam yola saldığım oğlumu yarımcan edib üstümə qaytardılar”
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, ev – 16 ünvanda yaşayan II qrup Qarabağ əlili İsayev Muğan Şərəfxan oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, oğlu Turalın gənc ikən taledən aldığı zərbədən bəhs etmiş və onu üzləşdiyi acınacaqlı vəziyyətə salan və hüquqpozmalara məruz qoyan şəxsləri ən azı ictimai qınağa tuş gətirmək, nəhayət, qanun qarşısında cavab vermələrinə nal olmaq istəyini ifadə etmişdir.
Vətəndaş M.İsayev yazır ki, 1992-ci il təvəllüdlü oğlu İsayev Tural Muğan oğlu 2012-ci ildə Laçın rayon hərbi komissarlığından (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon şöbəsi – red.) həqiqi hərbi xidmətə çağırılıb. Çağırış vaxtı həkim komissiyasından keçərkən, orduda xidmətə yararlı hesab olunub. Lakin hərbi xidmət zamanı hər iki böyrəyindən xəstələnərək aylarla hərbi hospitallarda və tibb məntəqələrində müalicə alıb. Buna baxmayaraq, hərbi xidmət müddətini başa çatmasına təxminən bir ay qalmış onu yararsız kimi ordu sıralarından tərxis ediblər. İndiyədək II qrup əlil kimi dövlətdən 130 (bir yüz otuz) manat təqaüd alırmış. Lakin 2020-ci ilin iyul ayından təqaüdünün verilməsi dayandırılıb.
“Oğlumu yarımcan edib xəstə, yararsız halda üstümə göndərən “N” saylı hərbi hissənin komandirləri qanun qarşısında cavab verməlidirlər. Mən oğul böyütmüşdüm ki, gedib Vətənə qulluq etsin, böyütməmişdim ki, qayıdanda yararsız, xəstə insana çevrilsin. Bir ata kimi bunu heç kimə bağışalamıram. Qoy qanun öz sözünü desin, oğlumu bu hala salan komandirlər layiqli cəzalarını alsınlar. Əgər mənim oğlum Vətənə qulluq edəndə şəhid olsaydı, deyərdim ki, “başın sağ olsun, Vətən!” – deyə şikayətçi problemin KİV-də ictimailəşdirilməsini, aidiyyati qurumların nəzərinə çatdırılmasını xahiş etmişdir.
Vətəndaş İsayevin ərizəyə qoşma etdiyi 11 fevral 2014-cü il tarixli 609 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də göstərilmiş obyektiv müayinə məlumatlarına görə, Tural İsayev fiziki cəhətdən normal inkişaf etmiş, düzgün bədən quruluşlu gənc olub. Nəbzi ritmik, ürək tonları aydındır. Heç bir inkişaf qüsuru, bədən xəsarəti olmayıb. 10.02.2013-cü ildən özündə soyuqdəymə əlamətləri hiss edib, bədəninin hərarəti yüksəlib, daha sonra sidiyinin rəngi qızarıb. Müayinələr nəticəsində ona “kəskin diffuz qlomerulonefritdən sonrakı vəziyyət” diaqnozu təyin edilərək, hospitalizasiya olunmuşdur. Hospitalda müalicə alandan sonra “Keçirilmiş izolə olunmuş sidik sindromlu kəskin qlomerulonefritdən sonrakı vəziyyət” ekspert diaqnozu ilə hospital hərbi-həkim komissiyasına təqdim olunmuş, “Xəstəliklər cədvəli”nin 78-ci maddəsinin II qrafasına əsasən şəhadətləndirilmiş və xəstəliyinə görə bir ay müddətinə məzuniyyət verilmişdir. 2013-cü ilin iyun ayında bel nahiyəsində ağrı hiss etmiş, sidiyə tez-tez getməsi, sidiyinin rənginin qızarması ilə əlaqədar hərbi hissə həkiminə müraciət etmiş, komandirin göstərişi ilə yenidən hospitala göndərilmişdir. Nəhayət, ştatlı hərbi – həkim komissiyasının qərarı ilə “Təcrid olunmuş sidik sindromu və izostenuriya ilə müşayiət olunan xroniki qlomerulonefrit, natamam remissiya mərhələsində” diaqnozu ilə hərbi xidmət dövründə alınmış xəstəliyi təsdiqlənmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur.
Xəstəlik haqqında şəhadətnamədə Tural İsayevin mürəkkəb tibbi terminlərlə ifadə olunan xəstəliyinin sadə adı əslində suçiçəyidir. Kəskin virus mənşəli yoluxucu xəstəlikdir. Uşaqlıq vaxtı çox rast gəlinir. Böyüklərdə baş verərsə, müalicəsinə ciddi yanaşılmadıqda ağırlaşdırıcı hal ola bilər. Əsgərlər arasında da yayılması halları olur. Yoluxmuş əsgəri vaxtında aşkarlayıb müalicə ilə bərabər digərlərindən təcrid etmək hərbi tibb məntəqəsinin vacib işidir. Çox güman, Tural İsayevlə yetərincə qayğılanmayıblar ki, xəstəlik onun böyrəklərini sıradan çıxarıb.
Hərçənd, koronavirus pandemiyası ilə əlaqədar bu ərəfələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən informasiya almaq müşkül məsələ olsa da, ona bu ilin iyul ayına kimi verilən təqaüdün dayandırılmasının səbəbini öyrənməyə çalışacağıq.

Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq