Azərbaycan İdeyası

Qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilmiş, lakin...

Tarix:27-11-2020, 15:37
Baxış Sayı:180

“Korrupsiya və Qanun” qəzeti “Adı işdə gedir, özünün xəbəri yox - Pandemiyanın üstünü açdığı qanunsuzluq” sərlövhəli məqalədə Salyan rayonunun Çuxanlı kəndində qeydiyyatda olan 1973-cü il təvəllüdlü Həsənova Gülbəniz Alim qızının 190 manat məbləğində birdəfəlik müavinət almaq isədiyi vaxt zəruriyyətdən doğan təsadüf nəticəsində aşkarlanmış cinayət barəsində məlumat vermişdi. Bildirirdi ki, 20.11.2011-ci il tarixdə Pratman Gəncəli kənd tam orta məktəbində xadimə vəzifəsinə işə qəbul edlibmiş. 2014-cü ilin yayında məktəbə həmin vaxt direktorluq etmiş Vahid İbrahimov ona işdən çıxarıldığını elan edib. Gülbəniz xanım da o vaxtdan işə getməyib. Sonra Bakı şəhərinə köçüb, paytaxtda müxtəlif yerlərdə şirniyyat sexlərində çalışıb. Koronavirus infeksiyası ilə əlaqədar onun son iş yerində də fəaliyyət dayandırılıb. 190 manat həcmində birdəfəlik ödəniş almaq üçün onlayn qeydiyyatdan keçəndən sonra ona imtina cavabı gəlib ki, xadimə işləmiş olduğu məktəbdə adına hələ də 116 (bir yüz on altı) maaş yazıldığından, ona yardım düşmür. Bunu bilcək həm təəccüblənən, həm də məyus olan Gülbəniz Həsənova məktəbin sabiq direktoru Vahid müəllimə də, hazırki direktor Salman Xəlilova da zəng vuraraq məsələni danışıb və izah istəyib. Salman müəllimdən eşitdiyi onu lap məəttəl qoyub: “Mənlik deyil. Mən səni işə almamışam ki? Sən Vahid müəllimin işçisi olmusan. Məndən kömək gözləmə”. G.Həsənova “Sizə görə mən 190 manat – birdəfəlik yardımdan məhrum olmuşam, bu haqsızlıqdır” – deyib aidiyyati qurumlara şikayət edəcəyini bildirəndə isə direktor da öz növbəsində əzələ nümayiş etdirib: “Mənim heç kimdən qorxum yoxdur. Hara istəyirsən, get!”
Redaksiyamızdan məsələni ictimailəşdirməyi xahiş edən şikayətçi təkcə pandemiya dövründə məhrum olduğu birdəfəlik aylıq ödənişləri almaqda deyil, həm də ona münasibətdə əmək qanunvericiliyinin tələblərini pozan vəzifəli şəxslərin əsas niyyətlərinin aşkarlanmasında maraqlı olduğunu bildirmişdi. Məqalədən çıxarış edilərək müşayiətedici məktublarla aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Əmək və Əhalinin Soisial Müdafiəsi Nazirliyinə göndərilmiş, adresatlardan məqalədə ehtiva olunan məsələlərin araşdırılması xahiş olunmuşdu.
Müraciətə ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində baxılmış və nəticə barədə Dövlət Xidməti tərəfindən redaksiyamıza 13 oktyabr 2020-ci il tarixli 20130193074 nömrəli məktub göndərilmişdir. Məktubda bildirilir: “...Araşdırma zamanı təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, G.Həsənova 20 noyabr 2011-ci il tarixdə Salyan rayon Piratman Gəncəli kənd orta məktəbində xadimə işinə qəbul edilmiş və 27 fevral 2015-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. G.Həsənovanın işdən azad olunmasına baxmayaraq, bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş məktəbin keçmiş direktoru tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməmişdir. G.Həsənovanın əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş 12 may 2020-ci il tarixdə “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmişdir. Eyni zamanda araşdırma dövründə işəgötürən tərəfindən G.Həsənovanın əmək kitabçasında müvafiq qeydlər aparılmaqla ünvanına göndərilməsi təmin olunmuşdur. G.Həsənova ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilmiş, lakin Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Salyan rayon Piratman Gəncəli kənd orta məktəbinin vəzifəli şəxsləri barəsində inzibati tənbeh tədbiri görmək mümkün olmamışdır.
Dövlət Xidmətinin məktubunu rəis müavini Orxan Hüseynzadə imzalamış olan məktubda amma yenə də bu mövzuda qələmə aldığımız ilk məqalədə ortaya qoyduğumuz suallara cavab verilməmişdir: 2014-cü ilin iyul ayından 27.02.2015-ci ilədək və sonrakı tarixdə G.Həsənovanın adına maaş yazılıb mənimsənilibmi? Bəlkə orijinal əmək kitabçasından (Məktəb direktoru S.Xəlilovun 22.07.2020-ci il tarixdə G.Həsənovaya göndərdiyi əmək kitabçası dublikatdır – red.) savayı özündə G.Həsənovanın saxtalaşdırılmış imzasını daşıyan maaş cədvəli də yoxa çıxıb? Məktəbdə ondan başqa işdən çıxarıldığını düşünən, amma adı işdə gedən daha kimlər var? Yaxşı, bəs G.Həsənovanın işsiz kimi may ayının 12-nə qədər almalı olduğu birdəfəlik ödənişin aqibəti necə olacaq?
Ümid edirik ki, ƏƏSMN-dən başqa müraciət etdiyimiz Baş Prokurorluq bu məsələlərə aydınlıq gətirəcək və bəlkə də bəlli olacaq ki, burada söhbət müddəti ötmüş inzibati xətadan deyil, cinayət məsuliyyətindən gedir.

“Əsli ilə doğrudur”
Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."