Azərbaycan İdeyası

Sumqayıt şəhər rəhbərliyi qaçqınları “cəhənnəmin 85-ci bucağına” vasil edib

Tarix:22-06-2021, 14:02
Baxış Sayı:818

Sumqayıt şəhəri, 15-ci məhəllə, 85 saylı yataqxana, mənzil - 38 ünvanda yaşayan Məmmədov Elsevər Qılman oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, mənzil şəraitinin acınacaqlı olmasından və ailə üzvlərinin bu çətinlikdən dolayı başqa ciddi problemlərlə üzləşdiyini bildirmişdir.

“1988-ci ildə Ermənistandan Azərbaycana qaçqın gəlmişəm. 2000-ci ildən 2019-cu ilədək qaçqın kimi Sumqayıt Dövlət Universitetinin (SDU) 1 saylı tələbə yataqxanasında məskunlaşmışdım. – Müraciət müəllifi yazır: - Həmin yataqxanada Qərbi Azərbaycan qaçqını kimi məskunlaşdığımız barədə SDU mənə dəfələrlə arayışlar (yaçayış yerindən arayışlar) verib. Ölkə Prezidentinin sərəncamı ilə bizimlə birgə orada məskunlaşmış Qarabağdan olan məcburi köçkünləri oradan yeni tikilmiş binalara köçürtdülər. Qaçqınkomun işçiləri bizim məsələmizi Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə etdilər və bizə bildirdilər ki, dövlət heç bir vətəndaşını çölə atmır: “Siz Qərbi Azərbaycanlılar artıq qaçqın deyil, yerli vətəndaş sayılırsınız. Müraciət edin Sumqayıt icra hakiminə. Sizə ya ev veriləcək, ya da kompensasiya veriləcək ki, gedib ev alasınız”. Biz də Sumqayıtın İcra Hakimiyyətinə müraciət etdik. Lakin Sumqayıt ŞİH başçısının birinci müavini Teymur Səmədov bizə bildirdi ki, İcra Hakimiyyətinin balansında ev yoxdur, kompensasiya (pul) verməyə imkan da yoxdur. Sizi yalnız 15-ci məhəllədə olan 85 saylı başqa yataqxanaya köçürə bilərik. Həmin vaxt mən deyilən o yataqxanaya baxdım və öyrəndim ki, bu yataqxanadan da eynən məcburi köçkünləri köçürüblər. Binası qəzalı, uçuq-sökük, dağınıq vəziyyətdədir, antisanitariya şəraiti hökm sürür. Mən də belə bərbad yerə köçməyə razılıq vermədim. Əvəzində isə Sumqayıt icra hakiminin tapşırığı ilə bizim bütün kommunal xəttlərimizi kəsdilər. 8 ay biz körpə uşaqlarımızla suya, işığa həsrət qaldıq. Nəticədə körpə uşaqlarımın əli-ayağı yara tökdü. Bizə və məsum körpələrimizə maddi, mənəvi və psixoloji zərbələr vuruldu. Orada bizə icra hakimi tərəfindən heç bir köməklik edilmədi. Sonra gördük ki, körpə balalarımız artıq məhv olmaq üzrədir, nəhayət, çarəsizlikdən, dedikləri 85 saylı yataqxanaya köçməyə razılıq verdik. İki ilə yaxındır ki, bu qəzalı, uçuq-sökük yataqxanada yerləşdirilmişik. Binaya köçməzdən qabaq Sumqayıtın icra hakiminin birinci müavini Səmədov Teymur və icra hakiminin bacısı oğlu – Mənzil Kommunal Təsərrüfatı İstismarı Sahəsinin (MKİS) rəhbəri Hüseyn Həsənov məni qəbula çağıraraq bildirdilər ki, əgər bu yataqxanaya köçməyə razı olsam, mənə uşaqlarımın əl-ayaqlarının sağalması üçün və evə lazımi əşyaların alınması üçün 5000-6000 manat pul verəcəklər. Bununla da məni aldatdılar və söz verdikləri maddi dəstəyi vermədilər. Artıq iki ilə yaxındır ki, bu qəzalı və uçuq-sökük yataqxanada yaşayırıq. Yataqxana yaşayış üçün yararsız olduğundan, burada yaşamağa qorxuruq ki, birdən bina üstümüzə uçar və biz ölərik. Prezidentimizə də dəfələrlə məktublar ünvanlamışıq, amma görünür, həmin məktublarımız ünvanına çatdırılmayıb...”

Məsələ ilə əlaqədar redaksiya olaraq Sumqayıt ŞİH-nin başçısının birinci müavini Teymur Səmədovla əlaqə saxladıq. Səmədov sözügedən yataqxana binasının qəzalı vəziyyətdə olması ilə Fövqəlkadə Hallar Nazirliyinin (FHN) qayğılanmalı olduğunu bildirdi. Öz növbəmizdə ona FHN-ə məhz ŞİH tərəfindən məlumat verilməli olduğunu xatırladanda istehza ilə ona “öz işinə dair məsləhət verdiyimizə görə” bizə təşəkkürünü bildirib dəstəyi asdı. Əlaqə qurduğumuz digər rəsmi şəxs – FHN-nin mətbuat katibi Gülçin Məmmədova isə FHN-ə 85 saylı yataqxana binasının qəzalı vəziyyəti ilə bağlı məlumatlı olduğunu, bununla belə problemlə əlaqədar FHN-ə Sumqayıt ŞİH-dən rəsmi müraciət daxil olmadığını bildirdi.

İnternet üzərindən apardığımız araşdırma nəticəsində öyrəndik ki, sözügedən problem daha əvvəl başqa kütləvi informasiya vasitələrində də ictimailəşdirilib və həmin o Gülçin Məmmədova KİV nümayəndələrinə söz verib ki, məsələ ilə bağlı FHN rəhbərliyinə məlumat verəcək.

Görünür, məsələyə daha yüksək – Prezident Administrasiyası səviyyəsində kondstruktiv müdaxilə olmasa, bu “ötür-ötür” oyunu hələ çox davam edəcək.

Mövzuya qayıdacağıq.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…