Azərbaycanda uşağın anadan olmasına görə ailələrə ödənilən müavinətlərin məbləği (“süd pulu”) 200 manat təşkil edir. 2022-2025-ci illərdə Azərbaycanda yeni doğulan uşaqlara görə dövlət tərəfindən göstərilən maddi yardım artırılacaq. Bu məsələ “Azərbaycan Respublikasının 2022-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”ndə əksini tapıb.
İşləməyən valideyn “süd pulu” almaq üçün 4 sənədi toplamılıdır. Bunlar hər 2 valideynin şəxsiyyət vəsiqəsinin surəti, uşağın doğum haqqında şəhadətnaməsinin surəti (varsa şəxsiyyət vəsiqəsinin də surəti), doğum haqqında arayışın əsli, valideynlərin işləməməyi barədə qeydiyyatda olduqları rayon üzrə Məşğulluq mərkəzindən arayış və Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsindən valideynlərin sığorta ödəyicisi olmadığı barədə arayışdır. Amma yerlərdə “süd pulu” almaq istəyən analar arasında bürokratik əngəllərlə rastlaşanlar da vardır.
Redaksiyamıza ərizə ilə müraciət edən Qazax rayonunun 2-ci Şıxlı kənd sakini Ömərova Mətanət Kazım qızı bildirir ki, müxtəlif illərdə Bakı şəhərində müxtəlif yerlərdə xadimə işləyib birtəhər uşaqlarını dolandırırmış. Oğlu 2000-ci il təvəllüdlü İmişov Vüqar Rafiq oğlu baş kəşfiyyatçı kimi II Qarabağ müharibəsi iştirakçısıdır, döyüşlərdə travma alsa da, müalicəsinə imkan yoxdur. Qızı ailəlidir. Ailəsinin ağır maddi vəziyyəti ilə bağlı Qazax Rayon İcra Hakimiyyətinə və RİH-nin kənd nümayəndəliyinə müraciət etsə də, məhəl qoyan olmayıb. Qızı hamilə olarkən, Gürcüstan Respublikasına qonaq gedib və orada uşaq dünyaya gətirib. Gənc ana Azərbaycana qayıdandan sonra körpəsinə “süd pulu” almaq niyyətilə sənəd üçün Qazax Rayon Qeydiyyat Şöbəsinə müraciət edib. Lakin Qeydiyyat Şöbəsinin müdiri Məsumə xanım ona köməklik etməyib.
Mətanət Ömərova yazır ki, növbəti dəfə kənd icra nümayəndəsi Məhəmməd müəllim də mənimlə birgə gedib Məsumə xanımdan xahiş etdi ki, qızıma kömək etsin, yazıqdır: “Məsimə xanım isə mənə dedi ki, gəl, sənə 30-40 manat verim, çıx get. Mən, əlbəttə ki, etiraz elədim, dedim dövlət uşaq üçün “süd pulu” verir, onu istəyirəm, Sizin 30-40 manat mənə lazım deyil. Bu dəfə Məsumə xanım sərt şəkildə “canın çıxsın, heç onu da vermirəm” dedi”.
Müraciət müəllifi sonda redaksiyadan bu məsələni ictimailəşdirməyi, aidiyyəti qurumnların diqqətinə çatdırmağı xahiş etmişdir.
Yeri gəlmişkən, Qazax Rayon Qeydiyyat Şöbəsinin müdiri Səmədova Məsumə Amin qızı yerli əhəmiyyətli tədbirlərdə, xüsusilə də Vətən müharibəsi iştirakçıları ailə quranda nikah mərasimlərində təm-təraqlı nitq söyləməkdə ustadır. Bəs elə isə necə our, Vətən müharibəsi iştirakçısının bacısının probleminə laqeyd yanaşır? Azərbaycanlı uşağın anasının qonaq getdiyi Gürcüstanda dünyaya göz açması “süd pulu” almasına əngəl ola bilərmi? Bu, necə bürokratiyadır? Ermənistanda ki, doğulmayıb?
Yəqin ki, bu və digər suallara Ədliyyə Nazirliyindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Qazax Rayon İcra Hakimiyyətindən, Ailə, Qadın və Uşaq Hüquqları Komitəsindən bir cavab verərlər. Öz hökumətimizin 200 manata gücü çatmırsa, elə etsinlər ki, uşaq dünyaya gətirən ana “süd pulu”nu Gürcüstandan ala bilsin.
X.Əhlimanqızı