Azərbaycan İdeyası

Psixiatr Ağahəsən Rəsulov məmurların və ləyaqətsiz varislərin sifarişini yerinə yetirir

Tarix:2-06-2022, 19:46
Baxış Sayı:567

Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər sırasına aiddir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 146-cı maddəsi ilə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə (146.1); Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə (146.2); 146.1 və ya 146.2-ci maddələrdə göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (146.3).
Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə insan azadlığına qəsd edir. Bu cinayətin obtektiv cəhəti psixi cəhətdən sağlam olan şəxsi psixiatriya xəstəxanasına yerləşdirməkdə ifadə olunur. Səhiyyənin bu sahəsində mövcud olan qaydalara görə psixi xəstəliyi olan şəxsin, habelə onun qanuni nümayəndəsinin razılığı olmadan belə şəxsin psixiatriya xəstəxanasına yerləşdirilməsinə müstəsna hallarda yol verilə bilər. Bu cinayət obyektiv cəhəti əvvəla, psixi cəhətdən sağlam olan şəxsi onun iradəsi əleyhinə olaraq psixiatriya xəstəxanasına yerləşdirməkdə; ikincisi psixiatrik köməyə ehtiyacı olmayan, lakin barəsində bilə-bilə əsassız verilən həkim komissiyasının rəyinə görə şəxsin xəstəxanaya daxil olmağa məcbur edilməsində ifadə olunur.
Psixi xəstəliyi olmayan, yaxud belə xəstəliyi olsa da, xəstəxana müalicəsinə ehtiyacı olmayan şəxsin məcburi qaydada xəstəxanaya qəbul edildiyi andan, habelə xəstəliyi sağalan, müalicəyə ehtiyacı olmayan, azad edilməli olan şəxsin bilə-bilə xəstəxanada saxlandığı andan bu cinayət başa çatmış sayılır. Cinayət subyektiv cəhətdən birbaşa qəsdlə xarakterizə olunur.
Xəstə olmayan şəxsin psixiatr-həkimin yalan rəyi əsasında məcburi qaydada xəstəxanaya yerləşdirilməsinə dair hakimin çıxardığı qərara görə, onun CM-nin 295-ci maddəsi ilə məsuliyyəti yarana bilər.
Azərbaycanda şəxsin qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirilməsinə dair mətbuatda indiyədək xeyli iddialar səsləndirilib. Hətta həmin şikayətlər Avropa İnsan Haqları Məhkəməsinə də göndərilib. Məsələn, iki il əvvəl küçədən tullantılar yığıb çeşidləməklə ailəsini dolandıran, sosial şəbəkələrdəki çıxışlarında ölkədəki sosial-iqtisadi durumun ağırlığına görə hökuməti ittiham edən, uşaq pulu tələb edən Aqil Hümbətov 2020-ci il martın 29-da belə çıxışlarından bir gün sonra tutulub Xəzər rayonu, 1-ci polis bölməsinə aparılmışdı. Daha sonra onu bölməyə çağrılan Təcili Tibbi Yardım maşınıyla Psixiatriya Xəstəxanasına (“Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxs – red.) yerləşdirmişdilər. Orada saxlandığı müddətdə xəstəxananın baş həkimi onun məcburi müalicəyə cəlb olunmasına icazə almaq üçün Sabunçu Rayon Məhkəməsinə ərizə verib. Lakin hakim Samir Talıbov aprelin 1-də baş həkimin ərizəsinə baxaraq, onu təmin etməyib. Həmin gün də o, evə buraxılıb. Aprelin 1-də yenidən sosial şəbəkələr vasitəsilə başına gələnləri açıqlayan A.Hümbətov ertəsi gün günorta yenidən zorla xəstəxanaya aparılıb.psixiatriya xəstəxanasına salınmılşdı. Məlum olub ki, baş həkim sözügedən məhkəmə qərarından apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov onun şikayətini təmin edib və dərhal da A.Hümbətov xəstəxanaya salınıb. A.Hümbətov Ali Məhkəməyə şikayət vermişdi. 2020-ci il iyulun 21-də hakim Ələsgər Əliyevin sədrliyilə onun şikayətinə baxılmışdı. Məcburi psixiatriya xəstəxanasına yerləşdirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2 apreldə çıxarılan qərarından şikayətçi olan A.Hümbətov tənqidi çıxışlarına görə bu şəkildə cəzalandırıldığını bildirmişdi. Ali Məhkəməyə kassasiya şikayətində də vurğulanmışdı ki, onun məcburi müalicəyə ehtiyacı olmasına rəy verən komissiya müstəqil olmayıb. Onun məcburi müalicəsi haqda qərar üçün məhkəməyə müraciət edən Maştağadakı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov idi. Rəyi verən isə onun tabeliyində fəaliyyət göstərən həkimlər idi.
Bakı Apelyasiya Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu vurğulayan A.Hümbətov onun ləğvini, ona münasibətdə baş verənlərin Avropa Konvensiyasının 3 (işgəncəyə, ləyaqəti alçaldan, qeyri-insani rəftara məruz qalmamaq), 5 (azadlıq və toxunulmazlıq), 6 (ədalətli məhkəmə araşdırması), 8 (şəxsi həyata hörmət) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq) maddələrinin pozuntusu kimi tanınmasını istəmişdi. Lakin onun şikayəti təmin edilməmişdi.
Bakı Apelyasiya Məhkəməsinin qərarında A.Hümbətovun psixiatriya xəstəxanasına 1 ay müddətinə yerləşdirilməsi qeyd olunsa da, sonradan bu müddət daha iki dəfə uzadıldı. O, 2020-ci il iyulun 30-da xəstəxanadan buraxıldı. İddia olunurdu ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər olub. Amma A.Hümbətovun xanımı bildirirdi ki, şikayətçi kimi adı keçən üç nəfərdən onların yaşadığı Zirə qəsəbəsində adamları şərləmək məqsədilə tez-tez istifadə olunur.
2014-cü ildə isə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi Həsən Sultanzadənin öz anası Aliyə Təhməzova ilə uzun illər məhkəmə çəkişməsindən sonra anasını psixiatriya xəstəxanasına saldırması barədə xəbərlər yayılmışdı. Ana iddia edirdi ki, tam sağlam olduğu halda, yaşadığı evin qarşısından zorla aparılaraq Maştağadakı 1 saylı psixiatriya xəstəxanasına salınıb, üç gün orada saxlanıldığı müddətdə mənzilində olan qızıl-zinət əşyaları, pulu və evinin sənədləri oğurlanıb. Aliyə Təmrazova ötən müddətdə baş verənlərin ətraflı araşdırılmaması, günahkarın məsuliyyətə cəlb olunmamasıyla əlaqədar dəfələrlə hüquq-mühafizə orqanlarının rəhbərlərinə, onların müavinlərinə və s. dövlət məmurlarına müraciət edib. Hər dəfə bu ağbirçək qadına vəd verilirdi ki, iş ətraflı araşdırılacaq, günahkarlar cəzalandırılacaq. Amma proseslərin gedişi göstərdi ki, deyilənlər elə söz olaraq qalıb.
Aliyə Təmrazova onu psixiatriya xəstəxanasına saldıranın da, bu qanunsuzluğa qol qoymuş Ağahəsən Rəsulov həkimlərin də cəzalandırılmasını istəyirdi. Lakin prokurorluq CM-nin 146-cı (qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə iş açsa da, sonradan ona xitam verildi.
Göründüyü kimi, hökumət mənsublarının barmaqları ilə göstərdiyi adamı dəlixanaya salan Ağahəsən Rəsulov məmurlara göstərdiyi bu müstəsna xidmətlərə görə o qədər arxayınlaşıb ki, özünü tam sığortalanmılş hesab edir və düşünür ki, onun heç bir qanunsuz əməlini araşdıran olmayacaq. Olacaqsa da, vaxtilə xidmət göstərdiyi mötəbər şəxslər onu müdafiə edəcəklər.
Bu günlərdə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına Şamaxı rayonu Nəriman kəndində qeydiyyatda olan, Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi 605 ünvanda kirayədə yaşayan Tağıyeva Natəvan İmamverdi qızı yazılı müraciət edərək bildirmişdir ki, yaşadığı ev Zeynəddinova Lətifə Balasultan qızına məxsusdur. Evin bir bağlı otağında ev sahibinin əşyaları var, digər iki otaqdan kirayə üçün istifadə edilir. Lətifə xanım ayda bir dəfə kirayə haqqı ilə hesablaşma dövründə evə gəlir, həmin otağı da açıb havasını dəyişir, sonra da yenidən bağlayıb çıxıb gedirmiş.
Natəvan Tağıyeva yazır ki, 2022-ci il fevral ayının əvvəlində tanınmış aparıcı Elgizin verilişini izləyərkən Lətifə xanımı orada görüb. Lətifə xanım bildirirmiş ki, onun birinci həyat yoldaşından olan oğlu Elşən ona heç vaxt baxmadığı, qayğı göstərmədiyi halda indi ondan ev tələb edir. Tağıyevanın sözlərinə görə, Lətifə xanım dəfələrlə ona xəbərdarlıq edib ki, Elşən gəlsə, evə buraxmasın, çünki kirayəyə verduyi evi ikinci həyat yoldaşından olan Yeganə adlı qızına bağışlamaq fikrindədir: “Sonradan mənə məlum oldu ki, həmin verilişdəki çıxışından dərhal sonra Elşən Etibar adlı vəkillə birləşərək Lətifə xanımı psixiatriya xəstəxanasına yerləşdiriblər. Mən onlara Lətifə xanımın ağlının yerində olduğunu dedikdə, vəkil Etibar mənim üstümə qışqıraraq, “biz deyirik evdən çıx, səni başqa qaçqınlar yaşayan binada boş mənzilə yerləşdirək, qaz pulu, işıq pulu verməıyəcəksən, ömrü boyu kef edəcəksən” – dedi. Mən onlardan soruşdum ki, əgər xanımın ağlı yerində olmasaydı, fevralın 7-də Unibankdan necə kredit götürürdü. Onlar isə cavabında: “biz deyirik dəlidi – demək, dəlidi” deyə bir də üstümə qışqırdılar”.
N.Tağıyeva xatırlayır ki, vəkil Etibar xəsətəxanada Lətifə xanıma onun ağlını başından həqiqətən aparacaq iynələr vurduracağını və mütləq məqsədlərinə çatacaqlarını vəd edib: “Prezidentə də çıxsanız, heç nə edə bilməyəcəksiniz. Sən evdən çıxacaqsan, ev Elşənin adına keçəcək və Lətifəni də küçələrdə tapıb görüşərsən”.
Şikayətçi həmçinin “vəkilin” Lətifə xanıma münasibətdə qərəzli olduğunun təsdiqi kimi xidmət edəcək telefon danışıqlarının səs yazılarını da təqdim etmişdir. Həmin səs yazılarına qulaq asanda məlum olur ki, Etibar açıq – aşkar Lətifə xanıma münasibətdə qərəzli mövqe tutur və guya çoxdan tanıdığı Lətifə xanımı nankorluqda, etibarsızlıqda qınayır, itin ondan daha etibarlı canlı olduğunu dilə gətirir. Baş redaktorumuz Natəvan xanımın verdiyi məlumatı yoxlamaq məqsədilə ona elə redaksiyadaca “vəkil” Etibara zəng vurmasını tövsiyə etdi. N.Tağıyeva telefon əlaqəsi saxlayıb vəkillə danışanda onun həqiqətən də haqqı nahaqqa qurban vermək niyyəti ortaya çıxdı. Adamın inanmağı gəlmir, oğul (bizim misalda Elşən) mirasdan ötrü, dünya malından ötrü yad bir adama (bizim misalda Etibar) səlahiyyət versin ki, öz anasının (hətta tutaq ki, o ana xəstə, ağlını itirmiş olsa da belə) ünvanına “qancıq” və s. kimi təhqiramiz ifadələr işlətsin.
N.Tağıyeva bu qənaətdədir ki, Lətifə Zeynəddinovanın həyatı təhlükədədir, odur ki, redaksiyadan məsələni ictimailəşdirməyi və aidiyyəti orqanlar qarşısında məsələ qaldırmağı xahiş edir.
Məsələ ilə bağlı araşdırma aparmaq və Respublika Psixiatriya Xəstəxanasının baş direktoru Ağahəsən Rəsulovun mövqeyini öyrənmək üçün Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən həmin xəstəxanaya yollandıq. Rəsulov bizi səhərdən axşamüstünə qədər gözlətdi və axırda katibə vasitəsilə bildirdi ki, bizi bir ay sonra qəbul edə bilər. Görünür, baş direktorda jurnalistlərin ondan nə istədikləri barədə başqa təsəvvür formalaşıb. Bizə isə operativ informasiya, suallarımıza cavab verməsi lazım idi.
Mövzuya qayıdacağıq.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…