Dələduzluq Azərbaycanda geniş yayılmış cinayət növlərindən biridir. Eyni zamanda belə bir tendensiya müşahidə olunur ki, dələduzluq cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunması, onlara cəza verilməsi çox vaxt onların əməllərindən ziyan çəkmiş şəxslərin düşdükləri ziyanın qarşılığının tam ödənilməsi ilə nəticələnmir. Zərər yetirən məlum, zərər çəkən məlum, dəymiş zərərin məbləği məlum, amma pul ortada olmur. “İtib-batan” pullar bəzən o qədər böyük kəmiyyətlə ifadə olunur ki, dələduzun qısa zaman kəsiyində o qədər vəsaiti xərcləyib qurtarmağa yer tapması da ağlabatan görünmür. Araşdırıb yoxlayan da olmur ki, dələduz həmin pulları neyləyib – bəlkə kiminləsə bölüb, bəlkə cinayətkarların əhatə dairəsi tam müəyyənləşməyib? Bəzən olur ki, zərərçəkənlər dələduzun onları aldatdıqları vaxt daha yüksək mənsəbli hansısa şəxsin adından istifadə etdiyini də məhkəməyə bildirirlər. Amma nədənsə, bu iddialar məhkəmədə “təsdiqini tapmır”. Beləliklə, dələduzun havadarı, ən qatı cinayətkar ən yaxşı halda bir müddətə, pis halda isə ümumiyyətlə məsuliyyətdən kənarda qalır.
Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 3, mənzil 18 ünvanda yaşayan Sadıxova Səkinə Farrux qızı və Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 40 “A”, mənzil 1 ünvanda yaşayan Babayeva Xavər Məmmədrəhim qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək, 2016-cı ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 4 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan Hüseynova Reyhan Musa qızının onlara olan borcunun ödənilmədiyini bildiriblər. Şikayətçilərin verdikləri məlumata görə, Cinayət Məcəlləsinin yeddi maddəsi ilə (o cümlədən, hədə-qorxu gəlmə, şantaj) ittiham olunan, cəza müddətinin artıq 7 il 8 ayı arxada qalan Reyhan Hüseynovanın Səkinə Sadıxovaya 82000, Xavər Babayevaya 32500 manat borcu var. Reyhan həmin pullardan 6 ilə cəmi 4282 manatını qaytarıb. Hakim bu borcları qaytarmaq öhdəçiliyini cinayətkarlar – Reyhan Hüseynova ilə Ceyran Rüstəmova arasında bölsə də, ikinci CÇM-də dünyasını dəyişib.
Xatırladaq ki, adları çəkilən zərərçəkmiş şəxslər ilk dəfə dələduzluq əməllərinə məruz qaldıqları 2014-cü ildə problemlərini “Korrupsiya və Qanun” qəzetində ictimailəşdirmişdilər və məsələnin KİV-də işıqlandırılması və aidiyyəti qurumlara çatdırılması cinayətkarlar – Reyhan Hüseynova, Ceyran Rüstəmova və digərlərinin hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunmalarını tezləşdirmişdi.
Göründüyü kimi, aradan uzun müddət keçməsinə baxmayaraq, zərəçəkənlərə dəymiş maddi ziyan ödənilməmişdir. Dələduz isə cəza müddəti başa çatandan sonra mənimsəmiş olduğu pulları “həzm-rabedən” keçirmiş olacaq.
Hərçənd, Reyhan Rüstəmovanın cəzasını tam deyil, 3/2 hissəsini çəkəndən sonra da azadlığa çıxması mümkündür. Səkinə Sadıxovanın sözlərinə görə, bu barədə ona Penitensiar Xidmətdən məlumat verilib. CÇM rəisi arada barışıq olmadığına görə R.Hüseynovanın cəza müddətinin başa çatmadan əvvəl azadlığa çıxmasının mümkün olmadığını desə də, S.Sadıxova çox narahatdır. Çünki o, yaxşı xatırlayır ki, Reyhan vaxtilə onu oğlunu şərləyəcəyi, oğurlatdıracağı ilə hədələyib. Heç kəs zəmanət verə bilməz ki, Reyhan islah olunub və qisas fikrindən dönüb. Səkinə xanımın fikrincə, “R.Rüstəmovanın vaxtından tez azadlığa çıxması mənim övladlarımın təhlükəsizlikləri üçün təhdiddir”.
Mövzuya qayıdacağıq.
“Korrupsiya və Qanun”