Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) Qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşağı olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (1134.2).
Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (1159.1.1).
Lakin bəzi hallarda vərəsələrdən birinin digərinin mövcudluğundan xəbərsizliyi, yaxud, artıq tamahı ucbatından mirasa tək yiyələnmək fikrinə düşür və bu məqsədlə bölgünü rəsmiləşdirən orqanı aldattmağa çalışır, hətta buna nail olur.
Üç qardaş – mərhum Ağa Mustafa Hacıyevin oğulları İntiqam, Bəxtiyar və Vaqif arasında miras üstündə mübahisə düşüb. Ağa Mustafa kişinin Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan 122 saylı ba. Sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi ilə 02.02.1970-ci il tarixli 2270 saylı müqaviləsi olub. Həmin müqavilə əsasında AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən A.M.Hacıyevin adına sözügedən torpaq sahəsinə onun mülkiyyət hüququnu təsdiq edən 19.11.2015-ci il tarixli 1115075769 qeydiyyat nömrəli 00500133024417 reyestr nömrəli çıxarış verilmişdir. Mərhum A.M. Hacıyev 12 avqust 1975-ci il tarixdə vəfat etmişdir. Onun vəfatı zamanı qanun üzrə vərəsələri – oğulları İntiqam, Bəxtiyar və Vaqif Hacıyev qardaşları ata mirasını birlikdə qəbul etmişlər. Lakin sonradan qardaşlardan Bəxtiyar və Vaqif əlbir olaraq qanuna zidd şəkildə atalarına məxsus olan miras əmlakını öz adlarına rəsmiləşdirərək İntiqamın vərəsəlik hüququnu mənimsəmişlər. Belə ki, onlar İntiqamın xəbəri və razılığı olmadan Bakı şəhər 11 saylı Notariat Kontoruna müraciət edərək sözügedən bağ sahəsinə dair adlarına vərəsəlik hüququ verən şəhadətnamə verilməsini xahiş etmişlər. Həmin vaxt qanunsuz və əsassız olaraq İntiqamın adı vərəsələr sırasına daxil edilməmişdir. Notariat iki qardaşa onların vərəsəlik hüququnu təsdiqləyən 28.11.2015-ci il tarixli 2v – 152 saylı şəhadətnamə vermişdir. Bağ sahəsi həmiş şəhadətnamə əsasında Bəxtiyarla Vaqifin adına hərəsinə ½ hissədə 04.12.2015-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.
Hacıyev İntiqam Ağa Mustafa oğlu qanuni nümayəndəsi Hacıyeva Ofelya Böyükağa qızı və vəkili Hacıyev İntiqam Məcid oğlunun vasitəsilə Sabunçu rayon məhkəməsinəı müraciət edərək, 11 saylı Notariat Kontoruna, Bəxtiyar və Vaqif Hacıyev qardaşlarına, Burjumova (Hacıyeva) Zeybə Vaqif qızına qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia qaldırmışlar. Sabunçu rayon məhkəməsi məqaləmizin giriş hissəsində qeyd etdiyimiz qanuna – Mülki Məcəlləyə istinad edərək 11 saylı DNK-nın məlum şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə 18.11.2020-ci il tarixli 2(008)-5136/2020 saylı Qətnamə qəbul etmişdir.
Belə çıxır ki, ata mülkü (bağ sahəsi) yenidən, bu dəfə qardaşlar arasında 1/3 nisbətində bölünməli, hərəsinə düşən payın konturları müəyyənləşməli, hərəsinin adına ayrı-ayrılıqda çıxarışlar olmalıdır. Lakin...
“Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edən Ofelya Böyükağa qızı Hacıyeva bildirir ki, Bəxtiyar və Vaqif Hacıyev qardaşları İntiqamdan xəbərsiz, qanunsuz olaraq öz adlarına rəsmiləşdirdikləri bağ sahəsini başqa şəxsə satıb pulunu öz aralarında bölüblər.
B.Yadigarov